Ekspertlər xarici işlər nazirlərinin görüşünü şərh edir
Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçən Paris görüşü haqda şərh verib.
Nazirlərin yanvarın 16-da baş tutan görüşündə ATƏT-in Minsk Qrupu həmsədrləri də iştirak edib.
Azərbaycanın XİN danışıqarın 4 saatdan çox davam etdiyini bildirib.
Nazirliyin şərhinə görə, danışıqlarda daha çox anlayış və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.
Şərhdə vurğulanır ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ayda da davam etdirilməsi razılaşdırılıb.
Şərh müəllifləri bildirirlər ki, tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.
Hazırda xalqları sülhə hazırlamağın yeni mərhələsi başlayır
Azərbaycan XİN-nin şərhi ilə bağlı Meydan TV-nin sorğusunu cavablayan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırladıb ki, Madrid Prinsipləri qəbul edilərkən orada xalqları sülhə hazırlamaq bəndi yer almışdı. Xalqları sülhə hazırlamağın mahiyyəti ondan ibarətdir ki, Madrid Prinsiplərinin 6-cı bəndinə əsasən ətraf rayonlar qaytarılandan sonra Dağlıq Qarabağda referendum keçirilir, nəticədə erməni separatçılarının müstəqilliyi elan olunur və Azərbaycan da bunu tanıyır.
“Hətta 2011-ci ildə Kremlin təşəbbüsüylə prezidentlərin Kazan görüşündə Madrid Prinsipləri əsasında sənədə imza atılmalıydı. Amma rəsmi Bakı əlavə 10 bənd irəli sürdüyündən Serj Sarkisyan qəbul etmədi, görüş yarımçıq yekunlaşdı”, – ekspert deyir.
İlham İsmayıl hesab edir ki, hazırda xalqları sülhə hazırlamağın yeni mərhələsi başlayır:
“Bu prosesdə Ermənistanın itirəcəyi Dağlıq Qarabağ ətrafındakı rayonlardır, Azərbaycan xalqını isə Qarabağın müstəqilliyinə hazırlayırlar. Mən niyə bu fikrimdə israrlıyam? Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvada çapdan çıxan “Həyat və azadlıq” kitabında göstərir ki, Ki-Uest görüşündə sabiq prezident Heydər Əliyev Laçına dəhliz verilməklə Dağlıq Qarabağın müstəqilliyini tanıyan sənədə imza atmağa razılaşmışdı. Ancaq son anda geri çəkildi, bundan sonra Köçəryan bunun səbəbini soruşduqda, Heydər Əliyev cavab verib ki, o, hətta ailəsində bu razılaşmanı qəbul etdirə bilməyib, nəinki xalq tərəfindən. Deməli, Dağlıq Qarabağın müstəqilliyinə razılaşmaq meyli olub və bu gün də davam edir”.
Rus ordusunun yenidən Azərbaycana gəlmək təhlükəsi qalır
İlham İsmayılın fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu məsələdə xüsusi canfəşanlığı, müsbət yanaşması göstərir ki, rus ordusunun yenidən Azərbaycana gəlmək təhlükəsi qalır. Hətta rus ordusu gələcəksə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmur:
“Halbuki, rus ordusunu da sülhməramlı saymaq olmaz. Üçüncü, xalqları sülhə hazırlamaq məqamı Minsk Qrupu Həmsədrlərin bəyanatında da xüsusi vurğulanır. Bu baxımdan Azərbaycan cəmiyyəti sülhə hazırlamağı ərazi bütövlüyünün itirilməsi, Qarabağa müstəqilliyin verilməsi kimi anlamalıdır. Ona görə xalq bunun qarşısını almağa hazır olmalıdır, nəinki alçaq sülhə”.
Moskva təzyiq vasitəsini saxlayır
“Siz və həmkarlarınız dəfələrlə deyirsiniz ki, Rusiya münaqişənin tam həllini istəmir, o cümlədən, prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu müşavirəsində münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq” söyləyirsə, xalqları hazırlamaq tezisi necə izah oluna bilər”- sualına cavabında İlham İsmayıl deyib ki, indiki prosesdə və planda Rusiyanın baş rolu qalır, rus qoşunları Aran Qarabağla Dağlıq Qarabağ arasında yerləşdirilir. Nəticədə 25 kilometrlik məsafədə Azərbaycan özünün ordusunu yerləşdirə bilməz. Yəni Moskva təzyiq vasitəsini saxlayır.
“Hələ biz imzalanacaq sülh sazişində Rusiyanın xeyrinə hansı əlavə bəndlər olacağını bilmirik. Yaxşı olardı, Azərbaycan XİN həm öz şərhində, həm də həmsədrlərin bəyanatındakı xalqları sülhə hazırlamaq deyəndə, nələr nəzərdə tutulduğunu izah etsin. Bəli, birgə yaşayış, mətbuatda, nəşrlərdə düşmənçiliyin aradan qaldırılması və s. Bunlar sülhdən sonrakı prosesdir. Məncə, bu ifadə Azərbaycanı bəd xəbərə hazırlamaq deməkdir”, – İlham İsmayıl bildirir.
Ekspert deyir ki, İlham Əliyev müşavirədə səsləndirdiyi fikirləri əvvəllər də deyib. İndi isə xalqları sülhə hazırlamağın nə olduğunun izahatı verilməlidir:
“Çünki Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan yerli mətbuata demişdi ki, ötən ilin sonunda Məmmədyarovla görüşdə müharibə ritorikasının səbəbini sorduqda, o, “bu xalq, daxili auidotoriya üçün hesablanıb, sizin üçün yox”,- deyə cavabını verdi. Burdan belə nəticə çıxır ki, hakimiyyət xalqı aldadır, erməniyə isə tamam başqa şey deyir”.
Gərginliyin artması hərbi əməliyyatların təhrikinə gətirər
Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov hazırkı situasiyanı tərəflərin yeni müharibənin başlanmasından qorxması kimi şərh edib:
“Ona görə də danışıqların intensivləşməsi prosesi gedir. Danışıqlarda tərəflər cəmiyyətlərinə müəyyən pozitiv mesajlar verir, amma bu o demək deyil ki, mesajlar ciddi nəticələrin olacağı ehtimalını, ümidlərini yaratmalıdır. Bu, daha çox təhlükəli vəziyyətdən bir addım geri çəkilməkdir. İndiki geosiyasi vəziyyətdə Bakı da, İrəvan da başa düşür ki, gərginliyin artması hərbi əməliyyatların təhrikinə gətirər. Bu isə hər iki tərəfə ağır nəticələr verər. Yəni tərəfləri sülhə məcbur etmək hərəkətləri ola bilər. Belə bir şəraitdə qlobal qarşıdurmanın nəticələri məlum olmamış Azərbaycan və Ermənistan böyük güclərin birinin regionu tamamilə nəzarətə almasında maraqlı deyil”.
Xatırlatma
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.