İlham Əliyevin veto hüququ

Mənbə: Meydan TV

Hər gün yenilənən qiymət artımlarınasa veto qoyan yoxdur…

Dünyada belə bir hüquq var. Veto hüququ termininin qədim Romada yarandığı deyilir. Çağdaş dövrümüzdə bir çox ölkədə dövlət başçısının qanunverici orqanın qəbul etdiyi normativ sənədi imzalamaqdan imtina etmək, yəni veto hüququ var. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün (ABŞ, Çin, Fransa, Böyük Britaniya və Rusiya) də həmin qurumun istənilən qərarına veto qoymaq hüququ var.

Azərbaycanda belə bir hüquq prezidentdədir. Yada düşməyən, unudulmaqda olan hüquqdur. 18 illik prezidentliyi ərzində İlham Əliyevin ondan bir dəfə istifadə etdiyini xatırlayıram. O da 2016-cı ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı olmuşdu. 2016-cı il yanvarın 19-da Milli Məclis «Valyuta tənzimlənməsi haqqında» qanuna dəyişikliklər etmişdi. Dəyişikliklərə görə, ölkədən valyuta çıxaran şəxslər həmin məbləğin 20%-i qədər dövlət büdcəsinə icbari yığım ödəməli idilər. Paralel olaraq Milli Məclis İnziati Xətalar Məcəlləsinə də dəyişiklik etdi və məcəlləyə bu qaydaya əməl etməyənlər üçün cərimələr daxil edildi. İnzibati Xətalar Məcəlləsinin 225.5-ci maddəsinə edilən əlavəyə görə, ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğ qədər cərimə ödəməli idi. Dövlət başçısı bu qərarın investorlara mənfi təsirini nəzərə alaraq qanuna veto qoymuşdu və dəyişikliklərin ləğv edilməsi ilə bağlı Milli Məclisə etiraz ünvanlamışdı. Onlar da öz qərarlarını ləğv etmişdi. Təyinatlı özünüburaxanlar parlamentindən başqa addım da gözləmək olmazdı.

Prezidentin bu qanunla bağlı veto hüququndan istifadə etməsi anlaşılandır. Valyuta ciddi məsələdir. Onunla ciddi də davranmaq gərəkdir, hər yoldan ötənin bu müqəddəs, bağlı qapıları açan, qanunları ayaqaltı edən varlıqla bağlı qərar çıxarması yolverilməzdir. Çünki o, hər adamda olmur. Yəni ən çox kimdə olur: prezidentlərdə, korrupsioner və rüşvətxor məmurlarda. Ölkədən ən çox valyutanı da onlar çıxarır. Dubay, London, Karlovı Varı, Praqa, Nyu-York və başqa şəhərlərdə milyonlarla dollara alınmış mülklər, ofşor zonalara ötürülmüş milyardlar… sizə zarafat gəlməsin, ölkədən çıxarılan o pullardan cərimələr tutulsaydı, gözəlim Azərbaycan və azərbaycanlılar tamam başqa görkəmdə olardı. Olmadı. Məhəmmədhəsən əmi demişkən, qoymadılar…

Ta o çağdan prezidentin veto hüququndan yararlanması ilə bağlı hər hansı informasiya yoxdur. Yalnız bu günlərdə, Qubadlının işğaldan azad edilməsinin ildönümündə rayon sakinlərindən bir qrupu ilə görüşündə prezident bu sözü dilinə gətirdi. Onu “Azərbaycanın daimi prezidenti” etmək üçün Milli Məclisə xahiş ünvanlayan qocanın sözünə gülə-gülə “mən veto qoyacam ona, belə hüququm var” deyib reaksiya verdi. Bəli, hüququ var. Ancaq bu sözləri 4 dəfə ardıcıl prezident seçkisində “qalib” gələn İlham Əliyev dedi. Bunu illərdir neft ölkəsində yanacağın qiymətinin qaldırılmasına, korrupsiyaya, rüşvətə, büdcə talançılığına, məmur özbaşınalığına, nazir oliqarxlığına, monopoliyaya, Prezident Administrasiyasından göndərilən, Milli Məclisdə müzakirəsiz qəbul olunan antihumanist qanunlara, ədalətsiz məhkəmə hökmlərinə, insan haqlarının pozulmasına, əsgər ölümlərinə, adamların şərlənərək tutulmasına… veto qoymayan prezident dedi, həm də gülə-gülə dedi; ətrafdakıların gurultulu alqışları altında…

Hər gün yenilənən qiymət artımlarınasa veto qoyan yoxdur…

Qarşıdan işğaldan azad edilmiş başqa rayonların ildönümləri gəlir, yeni vetolar ola bilər; həm də gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlarla…

Rövşən Hacıbəyli

Ana səhifəMənim Fikrimcəİlham Əliyevin veto hüququ