İlham Əliyevin Qarabağla bağlı ”addım-addım” siyasəti

Bu gedişlə torpaqlarımızın işğaldan azad edilməsinə illər yox, əsrlər gərəkdir

Source:
Zakir Həsənov və İlham Əliyev
Zakir Həsənov və İlham Əliyev


Bu gedişlə torpaqlarımızın işğaldan azad edilməsinə illər yox, əsrlər gərəkdir

“Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır”. Bu sözləri prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı sentyabrın 15-də paytaxtda keçirilən bayram tədbirində deyib. Beynəlxalq reytinq dedikdə nəyin nəzərdə tutulduğunu, hansı göstəricilərin əsas, Azərbaycan ordusunun hansı gücə sahib olduğunu deməyib. Ermənistanın adının o reytinq cədvəlində olub-olmadığını da deməyib. Görünür, torpaqlarımızı işğal edən dövlətin adı o siyahıda heç aşağı yerlərdə də olmayıb, yoxsa deyər, hələ bir müqayisə də aparardılar. Uzun illərdir apardıqları “ordumuzun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur” tipli müqayisələr kimi…

Ordu dövlətin başlıca dayaqlarındandır, bunu hamı, yaxın-uzaq ölkələr də bilir, həqiqətən güclü ordusu olan dövlətlə hər kəs hesablaşır. Ancaq Azərbaycan bu baxımdan heç də yaxşı durumda deyil. 25 ildən artıqdır tarixi torpaqlarımız – Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal altındadır. Ancaq biz Lazım adlı gözəgörünməzi gözləyirik. Daha doğrusu, hakimiyyətdə olanlar bütün ümidləri Lazıma bağlayıb. Keçmiş prezident Heydər Əliyevin vaxtından xalq Lazım intizarındadır. Baxmayaraq ki, dünyada belə münaqişəli problemləri həmişə ordu həll edib. Ancaq, görünür, Lazıma güvənməklə yanaşı dövlət başçılarımız da bunun fərqində olub.

“1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”. Heydər Əliyevin sözləridir, təxminən 20 il qabaq deyib. Onun ölümündən və yerinə oğlu İlham Əliyev keçdikdən sonra eyni fikirlər, sözbəsöz olmasa da, illərdir təkrarlanır:

“Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir”(26 iyun 2013).

İstənilən vəzifəni yerinə yetirməyə hazır və buna qadir olan ordu nədənsə işğaldakı torpaqları azad etmək istəmir. Nə Ali Baş Komandan əmr verir, nə də Lazım gəlir…

“Ordu quruculuğu işində böyük uğurlarımız vardır. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır”( İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən. 31.12.2013.).

2017-ci ildəsə ordu günü ilə bağlı açıqlamasında İlham Əliyev, əslində, bu il danışdıqlarını demişdi:

“Aparıcı reytinq agentliklərinə görə, Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik”(26.06.2017). Burda nəsə uyğunsuzluq var. Keçən bir ildə aparılan “uğurlu daxili və xarici siyasət” nəticəsində ordumuz ən azı 25 ən güclü ordu sırasında olmalıydı. Yenə 50-lər sırasında qalmaq yerində saymaq deməkdir…

“Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır. Belə ki, Aprel döyüşləri ilə başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam edir. “Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik” (26.06.2018).

Məqsədə doğru addım-adım irəliləyən ordumuz atəşkəsdən keçən 24 ildə cəmi 2 kənd azad edib – Cocuq Mərcanlı və Günnüt. Əslində, bu kəndlərin heç biri işğalda olmayıb, sadəcə həmin ərazilərdə yüksəkliklərə düşmən nəzarət etdiyindən bu məntəqələr boş qalıb. Lap işğaldan azad edilmək kimi qəbul etsək, 24 ilə 2 kənd çox zəif göstəricidir. Analoqu olmayan iqtisadi inkişafımızı gözü götürməyənlərin “bəlkə, bir az yavaşlayasız” iradını qəbul edib bunu ordunun yavaşlamasına yönəltmək heç də uğurlu gediş, ağıllı siyasət deyil. Hakimiyyətdəkilər özləri bununla barışmamalıdır. Bu gedişlə təkcə Kəlbəcərin 161 yaşayış məntəqəsinin işğaldan azad edilməsi üçün bizə bilirsinizmi neçə il gərəkdir? 100 ilə heç 10 kənd düşmür… İşğaldasa yaşayış məntəqələrimiz çoxdur. Lap çox…

Şuşa – Şuşa rayonunun ərazisində bir şəhər və 31 kənd var. 1992-ci il mayın 8-dən rayon işğal altındadır.

Laçın – Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri işğal edib. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olub.

Kəlbəcər – 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri rayonu işğal edib. Rayonda 161 yaşayış məntəqəsi var.

Ağdam – Ağdamın böyük bir hissəsi erməni işğalındadır. Rayonun 132 kəndindən yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.

Füzuli – Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri var. Füzulinin işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Cəbrayıl – 23 avqust 1993-cü il tarixində rayonu Ermənistan ordusu işğal edib. Rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir.

Qubadlı – Rayonda 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi olub. Rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri işğal edib.

Zəngilan – 29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri Zəngilanı işğal edib. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə və 79 kənd olub.

Qazax – Ermənistan 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə Bağanıs Ayrım kəndini işğal edib. 1992-ci ilin aprel ayında isə ermənilər rayonun Barxudarlı və Sofulu kəndlərini işğal edib. Sonrakı illərdə ermənilər Qazaxın Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndlərini də işğal edib.

Tərtər – Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd var. Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır.

Bəlkə, işğal siyahısına bir daha baxasız, cənab Ali Baş Komandan, ən azı addımları sürətləndirmək üçün…

Ana səhifəAnalitikaİlham Əliyevin Qarabağla bağlı ”addım-addım” siyasəti