İlham Əliyevin 62 milyardlıq region siyasəti nəyi dəyişə bilib?

20 ilin tar ifaçısı özünə iş tapa bilmir. Musiqiçi ac qalmamaq üçün sazın, gitaranın da dilini öyrənib. Faydası olmayıb, müraciət etdiyi dövlət orqanlarından nə suallarına cavab tapıb, nə də sənətinə uyğun iş.

İşsizliyə düçar olan təkcə Ceyhun Həşimov deyil. Elə İsmayıllının mərkəzindən bir az aralıda olan kəndlərdə də yaşlısından cavanına – hamı “iş” deyib dad döyür.

Köhnədaxar kəndində indi 10-15 ailə qalıb. Kənd əhalisi şəraitsizliyə görə tədricən evlərini tərk edib.

Tibb məntəqəsinin, məktəbin olmaması, yolların vəziyyəti… İsmayıllının digər kəndləri də bu problemlərdən yan keçmir. Kəndlərarası gediş-gəliş də müşkülə çevrilib.

Regionların inkişafı üçün 2004-cü ildən bəri 3 dövlət proqramı qəbul olunub ki, buna da 62 milyard manatdan çox vəsait ayrılıb və xərclənib.

Ölkə başçısı İlham Əliyev elə 2013-cü ildəki “Gələcəyə 10 addım” adlanan seçki platformasında da bölgələrlə paytaxtın inkişafı arasında tarazlığın tam bərqərar olacağını vurğulamışdı.

Verilən vədlər, keçirilən proqramlara görə kəndlərin yolları təmir edilməli, sakinlər yeni məktəb, xəstəxana və işlə təmin edilib, həyatlarından məmnun görünməli idi. Kənd sakinlərinin danışıqları və yaşadıqları isə qarşımızda başqa mənzərəni açır.

Ekspertlərin fikrincə, xərclənən vəsaitlərin hesabına ən çox qazanan dövlət büdcəsi olmalı idi. Ancaq 2018-ci ili büdcəsindən görünən odur ki, bu gəlirlərin cəmi 1 faizi – 650 milyon büdcəyə geri qayıdacaq.

İqtisadçılar deyir ki, 1 milyard 13 il ərzində bir rayonun nəinki inkişafı, hətta onun çiçəklənməsi, şəhərə çevrilməsi üçün kifayət idi.

Vədlərə baxmayaraq, tarzən Ceyhun Həşimov öz sənətinə uğun iş tapa bilmir. İndi onun tək dinləyicisi özü də musiqiçi olan atasıdır.

Ana səhifəVideoİlham Əliyevin 62 milyardlıq region siyasəti nəyi dəyişə bilib?