O, milli televiziyanın yarandığı tarixdə işdən çıxarıldığını bildirib
Prezident İlham Əliyevə şikayət xarakterli videomüraciət ünvanlayan dublyaj rejissoru, prodüseri və aktyoru Kamal Yaşar işdən çıxarıldığını bildirib.
“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı. Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə baş verdi. Təşəkkür edirəm”, – aktyor “Facebook” səhifəsində yazıb.
Kamal Yaşar Meydan TV-yə hansı telekanaldan çıxarılmasını açıqlamayıb.
Yaxın saatlarda məsələ ilə əlaqədar ictimaiyyəti məlumatlandıracağını deyib.
Sosial şəbəkədə paylaşdığı növbəti statusunda yenidən mövzuya qayıdaraq, əlaqədar qurumların illərlə dublyaj sahəsini başsız qoyduqlarını qeyd edib:
“Məsələ ilə əlaqədar əlavə şərh vermək istəmirəm. Çəkdiyim videoda hər şey sadə, açıq və aydın bəllidir. Əlaqədar qurumlar illərlə bu sahəni başsız qoyduqları üçün mən bunu etmişəm, məcbur qalıb ölkə başçısına müraciət etmişəm. Bundan sonrası isə artıq mənə aid deyil. Mənim işim problemi, dərdi duyurmaq idi və bu, mənim fərdi-şəxsi yox, ümumun, incəsənətin dərdidir. Bunun da başbilənləri var. Əgər düzəlməlidirsə, düzələcək. Düzəlməməlidirsə, mənim bu sahədəki adi oyunçu olaraq bunu düzəltməyə heç bir gücüm yoxdur. Bu, illərdir ki, belə davam edirdi. Mən səssizliyi pozdum. Amma edə biləcəyim bundan artığı deyil. Əgər dövlət səviyyəsində diqqət olsa, bu sahənin problemlərini konseptual şəkildə yazıb, planlayıb sistemləşdirmək və həll etmək mənim üçün su içimi kimidir. Mən və həmkarlarım durumu düzəltmək üçün dərhal səfərbər ola bilərik. Amma bu, gərək yuxarıdan həll olunsun”.
Kamal Yaşar fevralın 13-də maddi vəziyyəti ilə bağlı Prezident İlham Əliyevə şikayət xarakterli videomüraciət ünvanlamışdı.
O, müraciətində çətin vəziyyətdə yaşaması ilə yanaşı, dublyaj sənəti sahəsindəki problem və qanun pozuntularından da danışmışdı:
“Dublyaj zamanı maliyyədən yayınmaq üçün lisenziyasız pirat filmlərdən istifadə edirlər. Bu, həm qeyri-qanunidir, həm də aktyorlara çox əziyyət verir. Çünki pirat filmdə səs kanalları ayrılıqda verilmir. Birləşdirilmiş stereo variant olur və səsləndirərkən effektlərlə aktyor səsi qarışır, itir, bərbad nəticə çıxır”.
“Biz adı “it dəftəri”ndə də olmayan adamlarıq”
Kamal Yaşar həmçinin bildirib ki, aktyorlara verilən qonorarlar cüzidir. Üstəlik, bu azmış kimi pulu azaltmaq məqsədilə bir filmi cəmi bir neçə aktyora verirlər:
“Məsələn, filmdə 50-dən çox səs var, amma bu səsi məcburən 5-6 adam səsləndirir. Həmçinin tərcüməçiyə cüzi qonorar verildiyi üçün normal mətn tələb etmək də olmur. Əlavə xərclərdən yayınmaq üçün redaktorlardan imtina edilir. Maliyyə ucbatından dublyajın ən vacib mütəxəssislərindən olan “ukladşik” (dodaq oturdan) peşəsinin birdəfəlik ixtisar edirlər”.
Aktyor müraciətində deyib ki, hazırda Azərbaycanda ümumilikdə 25-30 nəfər dublyaj aktyoru var. Dublyaj sənəti ilə əlaqədar yeni mütəxəssislər də hazırlanmır.
Dublyaj sənətinin problemləri ilə əlaqədar müraciət edəcəkləri mümkün qurumlara üz tutsalar da, nəticəsi olmayıb:
“Dublyaj sahəsinin problemləri çox dərindir. Mən çox filmlər səsləndirmişəm. Bəlkə də, mənim adımı da bilmirsiniz. Nəinki mənim, dublyaj sahəsində çalışan cəmi 25-30 adamı tanıyan yoxdur. Çünki biz adı “it dəftəri”ndə də olmayan adamlarıq. Biz bu balaca ölkənin balaca sənətçiləriyik. Dərdlərimiz çoxdur, amma bizi eşidən yoxdur. Bir də deyim ki, heç bizim nazirimiz də yoxdur. Olanda da bizim ona əlimiz çatmayıb”.
“Dublyajda it səsi də çıxarmağıma rəğmən adam kimi yaşaya bilmirəm”
“Bəlkə də, siz heç bilmirsiniz ki, bizim qazancımız nə qədərdir. Əlbəttə, bilmirsiniz. Bəlkə, siz heç onu da bilmirsiniz ki, mən bu qədər işləməyimə, dublyajda it səsi də çıxarmağıma rəğmən adam kimi yaşaya bilmirəm. Mənim hətta evim də yoxdur. Nə qədər kreditimin olduğunu da bilmirlər. Bunu mən bilirəm, bir də bank. Bu, bir yalvarış, ağlamaq deyil. Bu, sadəcə, bölüşməkdir. Bu məmləkətdə, bu şeyləri düzəldə biləcək daha kim var, bilmirəm. Əgər tanısam, gedib, o ünvana söyləyərdim”, – aktyor bildirib.
Dublyajın tamamilə diqqətdən kənarda qalmağından narazılıq edən Kamal Yaşar müraciətində ona bu sahədə mütəxəssislər yetişdirilməsi üçün imkanlar yaradılmasını istəyib:
“Mən dublyaj rejissoru, prodüseri və aktyoruyam. Əgər icazə versələr, kurs aça bilərik. Bizim sayımız 25-30 yox, 125-130 ola bilər. İnsanların arasından çoxlu özəl səsləri taparam. Axtararam, onları üzə çıxararam”.
Kamal Yaşarın açıqlamasında qeyd olunub ki, dublyaj zamanı maliyyədən yayınmaq üçün lisenziyasız pirat filmlərdən istifadə edirlər.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda xarici filmlərin Azərbaycan dilinə tərcüməsi, həmçinin subtitrləşdirmə üsulu (alt yazı) ilə dublyajına dair bənd var və işin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub.
Dublyaj aktyoru Kamal Yaşarın Prezidentə video-müraciətindən sonra işdən çıxarılması narazılığa səbəb olub.
Aktyor Azər Aydəmir “Facebook” səhifəsində bununla bağlı status yazıb.
“Hörmətli həmkarlar, incəsənət xadimi olaraq Kamal Yaşarla bağlı xoşagəlməz hadisəyə münasibət bildirməyi özümə borc bilirəm. Kamal çox istedadlı insandır. Azərbaycan mədəniyyətinə verdiyi töhfə az deyil və bu istiqamətdə daima fəaliyyətdə olan adamdır. Onu qəti sürətdə həvəsdən salmaq olmaz. Bəli, dublyaj sahəsinin qonorar miqdarları yerlərdə sürünür. Kamalın ölkə rəhbərinə açıq müraciəti onun təbii, konstutisyon haqqıdır”, – Azər Aydəmir yazıb.
Kinotənqidçi Hacı Səfərov da məsələyə biganə qalmayıb.
“Aktyor çıxıb problemdәn danışır, özünü vә işini izah edir. Tәnqiddәn nәticә çıxarmaq әvәzinә, layihәsini bağlayırlar. Mәdәniyyәt, bütün günü Qarayev, Hacıbәyov barәdә konsertlәr, verilişlәr vermәklə deyil, hәm dә tәnqid etmәk vә tәnqidә dözümlülükdür. Mədəniyyət TV, özünüzә vә işinizә hörmәt edin”, – tənqidçi yazıb:
“Onun sözlərinə görə, 30 saniyәsinә bir әtәk pul alan televiziyalar filmin tәrcümәsinә çox gülünc mәblәğlәr verir. Gәrәk hәmkarlar ittifaqı filan yaradılsın, birlikdә hәrәkәt edilsin, yoxsa özәl şirkәtlәr insanları istismara davam edәcәk”.
Nazirlik ictimaiyyətə açıqlama verəcəyini deyir
Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, qısa zamanda ictimaiyyətə məsələ ilə əlaqədar açıqlama veriləcək.
Prezidentin 27 yanvar 2016-cı il tarixli fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikası ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2 min manat miqdarında cərimə nəzərdə tutulur.
Müvafiq qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.
Hazırda tv-lərin hər birində dublyaj redaksiyası fəaliyyət göstərsə də, onların fəaliyyəti heç də qənaətbəxş hesab olunmur.
Audiovizual Şura özünü səlahiyyətli bilmir…
Məsələ ilə əlaqədar Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovla əlaqə saxlamağa çalışsaq da, o, Meydan TV-nin zənglərini cavablandırmayıb.
Fazil Novruzov 2020-ci ildə mətbuata açıqlamasında yerli telekanallarda milli deyil, ancaq əcnəbi filmlərin nümayiş olunması ilə əlaqədar məsələyə münasibət bildirərkən deyib ki, qurum telekanallara hansı filmləri nümayiş etdirməli olması barədə göstəriş vermək səlahiyyətində deyil:
“Biz yalnız televiziya kanallarının fəaliyyətində qanunvericilikdən kənar təzahürlərin qarşısını almaq səlahiyyətinə malik təşkilatıq”.
Teletənqidçi: “Azərbaycanda dublyaj işi keyfiyyət baxımından xeyli yaxşılaşıb”
Media eksperti, teletənqidçi Qulu Məhərrəmli Meydan TV-yə əvvəlki illərlə müqayisədə Azərbaycanda dublyaj işinin keyfiyyət baxımından xeyli yaxşılaşdığını deyib:
“Dublyaj üçün önəmli olan keyfiyyətli tərcümədir. Mətnin tələffüzə uyğun nizamlanması, səslərin yazılması da vacib məqamlardır. İctimai Televiziyada, Azərbaycan Televiziyasında və başqa telekanallardakı əcnəbi filmlərin dublayjına baxanda, bu sahədə ciddi fəaliyyət olduğunu görürük. Bütövlükdə isə dublyaj işindən əvvəlki illərlə müqayisədə şikayət etməyə ciddi əsasımız yoxdur”.
Monitorinq Mərkəzi: “Dublyaj edilən filmlərin səsləndirilməsində tələffüz problemləri var”
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva Meydan TV-yə deyib ki, dublayj sahəsindəki qüsurlar maliyyə imkanlarının məhdud olması ilə əlaqədardır:
“Dublyajlar monitorinq olunanda, burada həm də televiziyanın maddi imkanları nəzərə alınmalıdır. Maddi məsələlərlə yanaşı, tərcümə işi, aktyor səsləndirməsi də önəmlidir. Dublyaj müəyyən bir vaxt tələb edən məsələdir. Dublyaj zamanı tərcüməçinin üzərinə böyük məsuliyyət düşür. Dublyaj edilən filmlərin səsləndirilməsində də tələffüz problemləri var. Digər problem isə bir aktyorun bir neçə obrazı səsləndirməsidir”.
“Bəzən görürsən ki, çox məşhur aktyorlarımız həm yaşlı, həm də uşaq səsini səsləndirirlər. Bu, əlbəttə ki, yolverilməzdir. Bunların hamısı maddiyyata söykənən bir məsələdir. Dublyaj sahəsində olan insanlar buna susmamalıdırlar, münasibət bildirməlidirlər. Çalışmalıyıq ki, hər bir nümunəni, filmi Azərbaycan mədəniyyətinə layiq ərsəyə gətirək”, – deyə o bildirib.