Beynəlxalq təşkilatların tələbləri nəzərə alınmadı
Fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunu təsdiqləyib. İlham Əliyevin bu barədə imzaladığı fərman özündə “Media haqqında” Azərbaycan Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsini əks etdirir.
Kimdir jurnalist?
Yeni qanun o kəsləri jurnalist hesab edir ki, onlar əmək müqaviləsi ilə hansısa mediada çalışır. Yaxud fərdi müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərir.
Təsdiqlənən yeni qanun həmçinin Azərbaycanda təsis edilmiş media qurumları, redaksiyalar və onların məhsullarına tətbiq ediləcək. Eyni zamanda, bu qanun Azərbaycandan kənarda olan və fəaliyyəti daxili auditoriyaya yönəlmiş medialara və onların jurnalistlərinə də şamildir.
Qanun kimlərə şamil edilməyəcək?
Təkcə media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyalar bu qanunla tənzimlənməyəcək. Bir sözlə, qanun kütləvi informasiyanın yayılması istisna olmaqla, informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara şamil edilməyəcək.
Jurnalist fəaliyyətinə qanunsuz müdaxilə
Qanunun 6-cı maddəsi “Jurnalist fəaliyyətinin təminatı” adlanır.
Burada qeyd edilir ki, jurnalistlər müstəqil, öz mənafelərini təmsil edən təşkilatlarda birləşmək, peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməməlidir.
Həmin maddədə bildirilir ki, Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, şərh edilməsi ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
Xarici media nümayəndələri
Sənədin 11-ci maddədəsi xarici media nümayəndələrinin Azərbaycandakı fəaliyyəti barədədir.
Qeyd edilir ki, Azərbaycanda akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycanın normativ hüquqi aktları və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Xarici media subyektlərinin ölkədəki filial və nümayəndəlikləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açıla bilər. Eyni zamanda, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Media reyestrinə daxil edilmiş jurnalistlər
Qanun media reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlərin qoyduğu məhdudiyyətlərə önəm verir. Əgər bir dövlət öz jurnalistinə məhdudiyyət qoyarsa, Azərbaycan da həmin şəxsə qarşı eyni addımı atacaq.21-ci maddədə gizli audio və vizual məlumatların hansı hallarda yayımlana biləcəyi sadalanır. Bu, yalnız barəsində material hazırlanan şəxsin yazılı razılığı ilə həyata keçirilə bilər. Yaxud bu, başqa bir şəxsin Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün istifadə edilə bilər. Sonda məhkəmə qərarı olarsa da, yayımlanması mümkündür.
Ümumilikdə isə qanun gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılmasını qadağan edir.
Hansı medialar var?
Qanunun 25-ci maddəsi audiovizual, çap, onlayn mediaların olduğunu bildirir. Eləcə də informasiya agentlikləri də media subyekti hesab edilir.Media təsisçisi fiziki şəxs olarsa, daimi Azərbaycanda yaşamalı, və vətəndaşlığı olmalıdır.
Yox, hüquqi şəxsdirsə, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) olmalıdır. Həmçinin, o da Azərbaycanda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır.
Kimlər media təsis edə bilməz?
Ağır və ya xüsusilə ağır, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər media təsir edə bilməz.
Bura məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər də daxildir.
Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakıçısı) ola bilərlər.
Media onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri tərəfindən maliyyələşdirilə bilməz. Həmçinin medianın xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə də yol verilmir.
Rəhbərə olan tələblər:
- Medianın idarəetmə orqanının rəhbəri ali təhsilli olmalıdır.
- Qanunun 60-cı maddəsi onlayn fəaliyyət göstərən medialarla bağlıdır. Burada deyilir ki, onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Onlayn mediaya tələblər:
- Bu medialar veb-saytında adı, VÖEN-i domen adının sahibini, məsul redaktorun soyadı, adı və atasının adını, onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələrini göstərməlidir. Bunlar medianın “əlaqə” başlığı altında və istifadəçilərin ana səhifədən birbaşa daxil ola biləcəkləri şəkildə göstərilməlidir.
Jurnalistin fəaliyyəti
Jurnalistlərin fəaliyyətinə gəlincə, qanunda bildirilir ki, media reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir.Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu, Azərbaycan ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir.
Xarici jurnalistlər ölkədə fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidir. Razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
Jurnalistlərin akkreditasiyası
Jurnalistlərin akkreditasiyası bölümündə isə bildirilir ki, media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.
Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən və Media Reyestrinə daxil edilmiş jurnalistlər dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya oluna bilər.
Media qurumunun reyestri
Media qurumunun reyestrinə gəlincə, bunun mediaya, redaksiyaya və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradıldığı bildirilir.
Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
– ali təhsili olmalıdır;
– fəaliyyət qabiliyyətli olmalıdır;
– ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
– məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
– media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
– işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
– işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
– jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
– jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
– fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.
Qanunun 54.7-ci və 55.8-ci maddələrinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrinə daxil edilirlər.
Media azaddır?
Qanunda o da qeyd edilir ki, Azərbaycan Respublikasında media azaddır.
Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.
“Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”.
Bəs Venesiya Komissiyası?
Fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri Piero Fassinonun sorğusunun daxil olduğu bildirilir.
O, Azərbaycanda Milli Məclisin qəbul etdiyi “Media haqqında” yeni qanun layihəsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyini istəyib.
Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda bildirilir.
Hələ bir müddət öncə AŞPA-da Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennaxın “Media haqqında” yeni qanunla bağlı Venesiya Komissiyasına müraciət edəcəyi bildirilirdi.
“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bunu onların verdiyi sorğuya cavabında Ştefan Şennax demişdi.
Agentliyin xəbərinə görə, ondan da əvvəl ABŞ Dövlət Departamentinin sözcüsü Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə etmişdi.
“Turan”ın ABŞ-dakı müxbiri xəbər verirdi ki, sözçü suala cavab olaraq deyib:
“Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək”.
Milli Məclisin dekabrın 30-da keçirilən iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub. Odur ki, ötən il dekabrın 28-də bir qrup azərbaycanlı jurnalist Milli Məclisin önündə “Media haqqında” yeni qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçiriblər. İştirakçılar bildiriblər ki, yeni qanun Azərbaycanda olan qapalı media mühitinin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir. Təkcə jurnalistlər yox, hüquqşünaslar, media ekspertləri və təşkilatları da yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciətlər yayıblar. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Daha sonra isə Prezident İlham Əliyevdən qanunu imzalamamasını istəyiblər.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç isə düşünür ki, Azərbaycanda yeni qəbul edilmiş “Media haqqında” Qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir:
“Qanun beynəlxalq ifadə və media azadlıqları dair standartlarına uyğun gəlməsi sarıdan ciddi narahatlıq doğurur. Bu qanunun media sahəsini və jurnalist peşəsini nəzarətə aldığı görünür. Media isə azad, müstəqil, senzurasız olmalıdır”.