Dunya Miyatoviç “Media haqqında” qanunla bağlı İlham Əliyevə məktub yazıb

Dunya Miyatoviç, Foto: Turan İA

“Qanun beynəlxalq standartlara uyğunlaşdırılmalıdır”

“Azərbaycanda yeni qəbul edilmiş “Media haqqında” Qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir”.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç belə düşünür.

Onun bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubunda əks olunub.

Dunya Miyatoviç həmin məktubunda İlham Əliyevi Milli Məclisin qəbul etdiyi media qanununu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Milli Məclisin dekabrın 30-da keçirilən iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.

Bura media qurumunun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə, gizli yolla əldə edilmiş məlumatın yayılmasının əngəllənməsinə qədər xeyli məsələlər daxildir.

Komissar məktubunda bildirir ki, parlament qanunu geniş və mənalı müzakirələr aparmadan qəbul edib. Həmin qanun beynəlxalq ifadə və media azadlıqları dair standartlarına uyğun gəlməsi sarıdan ciddi narahatlıq doğurur.

“Qanunun media sahəsini və jurnalist peşəsini nəzarətə aldığı görünür. Media isə azad, müstəqil, senzurasız olmalıdır”, – məktubda bildirilir.

Miyatoviç əlavə edir ki, yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirəcək. Media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verəcək.

Buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir: “Qanunu ifadə və media azadlıqlarına dair beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılmalıdır”.

Dekabrın 28-də bir qrup azərbaycanlı jurnalist Milli Məclisin önündə “Media haqqında” yeni qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçiriblər.

İştirakçılar bildiriblər ki, yeni qanun Azərbaycanda olan qapalı media mühitinin daha da sərtləşməsinə təkan verəcək. Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.

Təkcə jurnalistlər yox, hüquqşünaslar, media ekspertləri və təşkilatları da yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciətlər yayıblar. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə üçüncü oxunuşda qəbul olunub.

Prezident İlham Əliyev qanunu hələ ki imzalamayıb.

Ana səhifəSiyasətDunya Miyatoviç “Media haqqında” qanunla bağlı İlham Əliyevə məktub yazıb