“İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümid bəsləyir”

Cəmil Həsənli ona qarşı təxribatla bağlı hüquqi müstəvidə addımlar atıldığını deyir

Source: Meydan Tv


Cəmil Həsənli ona qarşı təxribatla bağlı hüquqi müstəvidə addımlar atıldığını deyir

Martın 28-də sosial şəbəkələrdə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızına aid olduğu söylənən intim görüntülər paylaşılıb.

Azərbaycanda daha öncə də hökumətin əleyhinə çıxış edən jurnalistlərin, aktivistlərin, yazarların intim görüntüləri paylaşılmışdı.


“Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir”

Cəmil Həsənli hesab edir ki, bu, ona qarşı hazırlanmış təxribatdır. MŞ sədri öz “Facebook” hesabında yazıb ki, ona İlham Əliyev və onun təhlükəsizlik xidmətinin qızı Günel Həsənlinin şəxsi həyatı ilə bağlı video görüntülər yaydığı söylənib:

“Başqalarının şəxsi həyatına müdaxilə, insanların güdülməsi, adamların yataq otağına öz murdar və yöndəmsiz burunlarını soxmaları bunların köhnə peşəsidir. Qızımın 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur. Əxlaqsızlıq başqasının intim həyatına burun soxmaq, dövətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir”.

Cəmil Həsənli bildirib ki, indiyə qədər baş verən buna bənzər hadisələr kimi qızı ilə bağlı yayılan video da şəxsən İlham Əliyevin əl işidir:

“Belə namussuz əməllərlə məşğul olmaq, ondan şantaj üsulu kimi istifadə etmək onun köhnə peşəsidir və natamam tərbiyəsinin nəticəsidir. Belə əxlaqsız əməllərə görə hələ vaxtı ilə DTK-da işləyəndə onun atası haqqında da cinayət işi qaldırılmışdı. Ot kökü üstündə bitər. Və ən nəhayət, İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümid bəsləyir. Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur. Ölkənin min bir dərdi olduğu halda ailə xidmətçisinə çevirdiyi dövlətin təhlükəsizlik xidmətini şəxsi həyata müdaxilə kimi qanunsuz əməllərlə cəlb etməklə o, öz əxlaqsız mahiyyətini ortaya qoyur. Bundan artıq ondan ayrı bir şey gözləmək günah olardı“.

Cəmil Həsənli “BBC news azərbaycanca”ya deyib ki, məsələ ilə bağlı hüquqi müstəvidə işlər görülür.


“Bu, bizim hamımıza, hər birimizə qarşı edilən bir cinayətdir”

İctimai-siyasi fəallar, əksər sosial şəbəkə istifadəçiləri də bu görüntülərin yayılmasının Cəmil Həsənlinin fəaliyyəti ilə bağlı olduğu qənaətindədir və hökuməti buna görə tənqid edir.

Tarixçi, ictimai fəal Altay Göyüşov yazır:

“Cəmil müəllimin ailəsinə qarşı edilən son əxlaqsızlıq heç bir halda bağışlanmayacaq əclaflıqdır. Bu, bizim hamımıza, hər birimizə qarşı edilən bir cinayətdir. Bunu edənlər tapılmalı və nəyin bahasına olursa olsun cəzalandırlmalıdır. Bunun o yanı, bu yanı yoxdur!”

Jurnalist Şahvələd Çobanoğlu:

“Cəmil Həsənliyə qarşı atılan sonuncu hərəkət ağır cinayət olmaqla yanaşı, əxlaqsızlıq və düşüklükdür. Həm də bütün ölkəyə qarşı edilən bir əməldir. Siyasi amac kimi isə mənasızdır. Heç nə oğrunu doğru eləməz”.

Professor Qulu Məhərrəmli də baş verənləri Milli Şura sədrinə qarı mənəvi terror hesab edir:

“Ötən illərin iyrənc metodlarını yenidən dövriyyəyə gətirmək, siyasi opponentlərə qarşı mübarizədə ailə-uşaq və şəxsi həyat məsələlərindən istifadə etmək ləyaqətsizlik, ictimai əxlaqsızlıq və cinayətdir!”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl isə hesab edir ki, İlham Əliyev hakimiyyəti bu cür hərəkətlərlə yadda qalacaq:

“Ölkə rəhbərliyi yenə yengəliklə məşğuldur. İlham Əliyevin prezidentliyi məhz bununla yadda qalacaq”.

Onlarla ictimai-siyasi fəal Cəmil Həsənliyə dəstək üçün onun fotosunu paylaşıb.

Bugünədək ictimai-siyasi fəallarla bağlı yayılan videolara görə cəza alan olmayıb

Azərbaycan qanunları da şəxsi həyatı toxunulmaz edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozma adlanır.

Həmin maddənin 156.1-ci bəndində deyilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətdir. Bunu edənlər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

“Eyni əməlləri vəzifəli şəxs törədərsə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Bugünədək ictimai-siyasi fəallarla bağlı yayılan videolara görə cəza alan olmayıb.

səməd-rəhimli.jpg
Səməd Rəhimli

Hüquqşünas Səməd Rəhimli də deyir ki, Azərbaycanda şəxsi toxunulmazlıq hüququ, özəl həyat hüququ həm Konstitusiyanın 32-ci maddəsi, həm də Azərbaycanın qoşulduğu və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları müqavilələri ilə qorunur. Burada dövlətin üzərinə iki əsas öhdəlik qoyulur

  1. İnsanların şəxsi toxunulmazlıq hüququnu pozmamaq;
  2. Digər şəxslər insanların şəxsi toxunulmazlıq hüququnu pozduqda bunun qarşısını almaq, araşdırmaq.

Hüquqşünas deyir ki, bu boyda fundamental hüququn Azərbaycanda təminatı yoxdur. Xüsusilə də hökumətə müxalif qruplara münasibətdə:

“Onların şəxsi toxunulmazlıq hüquqları kobud sürətdə pozulur. Son dövrlər sosial mediada yayılan görüntülər də bunun göstəricisidir”.

Səməd Rəhimli praktikada şəxsi toxunulmazlıq hüququnun necə təmin edilə biləcəyindən də danışıb. Deyir, bunun üçün hüquq-mühafizə orqanlarının səlahiyyətləri dəqiqləşdirilməlidir. Əməliyyat-axtarış, kəşfiyyat tədbirləri, polislə bağlı dövlətin səlahiyyətləri var. Bütün bunlardan o nəticə hasil olur ki, dövlət əməliyyat-axtarış tədbirləri adı altıda insanların şəxsi həyatına müdaxilə edə, görüntülərini çəkə bilər:

“Səs dinləmələri aparılması da buna daxildir. Praktiki olaraq biz bilirik ki, dövlətlərin əlində belə vasitələr var. Bu baxımdan deyirəm ki, güc strukturlarının səlahiyyətləri dəqiqləşdirilməlidir. Hansı hallarda araşdırma apara bilərlər və s. Təbii ən başda nəzarət, əsasən də məhkəmə nəzarəti qaydaları gücləndirilməlidir. Eyni zamanda, yaxşı olar ki, güc strukturlarının fəaliyyəti ilə bağlı real ictimai nəzarət mexanizmləri qurulsun”.

Səməd Rəhimli düşünür ki, ictimai nəzarət güc strukturlarının sui-istifadə hallarına yol verməməsinə imkan verər.

Dövlətin bu məsələlərlə bağlı effektiv tədbir görməsinə gəlincə, hüquqşünas deyir ki, həssas yanaşılmalı mövzudur:

“Edilən müraciətlər ciddi araşdırılmalıdır. Bununla bağlı hüquq-mühafizə orqanlarında müvafiq bələdçi olmalıdır. Belə hadisələr baş verəndə necə davranacaqlarını izah etməlidir”.

Səməd Rəhimli deyir ki, Avropa İnsan Hüquqları Konvensiyası fundamental insan hüquqlarını qoruyan və dövlətlərin üzərinə bu hüquqların qorunmasını öhdəlik kimi qoyan beynəlxalq insan haqları müqaviləsidir:

“Bu konvensiyanın 8-ci maddəsi şəxsi həyatın toxunulmazlığını qoruyur. Azərbaycanda şəxsi həyatına müdaxilə edilən şəxslər əvvəlcə yerli instansiya məhkəmələrinə müraciət etməlidir. Şikayəti təmin olunmadığı təqdirdə isə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edə bilərlər. Sadəcə AİHM fakt araşdırma məhkəməsi deyil. Çox nadir hallarda fakt araşdıra bilər, ancaq bir qayda olaraq ölkədaxili məhkəmələrdə araşdırılmış faktlar əsasında qərar qəbul edir. Bu baxımdan onlar daha çox hüquqi məsələlərin pozulub-pozulmadığını müəyyən edir. Yekunda da pozuntunun olub-olmaması ilə bağlı qərar qəbul edir. Pozuntu varsa, buna da nəzarəti Avropa Şurası Nazirlər Komitəsi edir. Ancaq bu nəzarət zəifdir. Bəzən illər sonra qərar çıxsa belə onun icrası gecikir”.

Səməd Rəhimli bildirir ki, Azərbaycandan AİHM-ə sırf şəxsi toxunulmazlıqla bağlı şikayətlər gedib. Ancaq bu işlərin sayı azdır:

“Çox adam müraciət etmir. Amma müraciət edənlərin içində qərarı çıxanlar var. Bu qərarlarda dövlətin pozitiv öhdəliklərinə toxunulub, ancaq neqativ öhdəliklərinə toxunulmayıb. Yəni həmin qərarda sübut edilməyib ki, bu iş birbaşa dövlət tərəfindən təşkil edilib. Təəssüf ki, bunu mövcud sübutlar əsasında üzə çıxarmaq mümkün olmayıb. Amma dövlətin pozitiv öhdəlikləri vurğulanıb. Bildirilib ki, effektiv araşdırma aparmayıb. Buna görə də pozuntu qərarı qəbul edilib”.

Hüquqşünas təəssüflənir ki, insanların şəxsi həyatına dair görüntülərin yayılması geniş yayılmış və heç vaxt məqbul sayıla bilməyəcək qeyri-legitim, qeyri-məqbul bir siyasi praktikadır. Bir sıra ölkələrdə var:

“Ancaq müxtəlif ölkələrdə, cəmiyyətlərdə buna reaksiya fərqli olur. Ümumilikdə bu hadisələr qurbanlar üçün böyük bir stressə çevrilir. Onların şəxsi həyatına dair görüntülər paylaşılanda ciddi stressə düşürlər. Bəzi hallarda bu hədələrə boyun əyməli olurlar. Bizim ölkəyə gəlincə, ümumi kultural, mühafizəkar abu-havanın təsiri olur. Belə görüntüləri yayılan insanlar qınaq obyektinə çevirir. Təəssüf ki, bu da videoların siyasi opponentlər tərəfindən istifadəsinə zəmin yaradır. Bu zaman da hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi yox, insanların şəxsi həyatı müzakirə edilir. Odur ki, əlində gücü olan siyasətçilər bu silahdan daim istifadə edir”.

Ana səhifəXəbərlər“İlham Əliyev belə əxlaqsız yollarla bizi siyasətdən çəkindirəcəyinə nahaq ümid bəsləyir”