İkili idarəçilik siyasəti

Yazar: Rövşən Hacıbəyli

Source: Meydan.TV

İndi gəl baş aç görək, Qarabağda söz sahibi kimdir…

Bütün dünyada zamanla idarəçilik təkmilləşdirilir, çeviklik ön plana keçir, süründürməçilik, bürokratiya mümkün qədər aradan qaldırılır, tarixin arxivinə göndərilir. “Analoqsuz” inkişafıyla fərqlənən Azərbaycanda bu sahədə də özünəməxsusluq var. Hakimiyyətin 2003-cü ildən başlayan və hələ də davam edən İlham Əliyev dönəmi bu fərqliliyi ilə xüsusi seçilir. İkili idarəçilik ucbatından büdcə vəsaitinin səmərəsiz istifadəsi, israfçılıq adi hal alıb. Bir neçə il qabaq vitse-prezidentlik institutu yaradılıb, kimlərsə maaş da alır, ancaq ortada hər hansı fəaliyyət yoxdur. Yenə bütün işlər prezidentin – İlham Əliyevin boynundadır; açılışlara da o gedir, lenti də o kəsir, qonaqları da o qarşılayır, xarici səfərlərə də o gedir, təyinatlar da, sərəncam və fərmanlar da onluqdur…

İkili idarəçiliyin əsası, demək olar, 2012-ci ildə ASAN Xidmət (öz dilimizdə bu qurumun adı Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsidir – AXQŞ) adlı qurumun yaradılmasıyla qoyuldu. Sadəcə ingililiscəsi, daha doğrusu, abreviaturası diləyatımlı olduğundan bu adı, açması türkcəmizə yad olanı -ASAN-ı seçiblər, xalq da qəbul edib. İndi yolda kimdən soruşsan ki, Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsinə necə gedim, çaşıb qalacaq, belə bir şey, belə bir yer, qurum tanımadığını deyəcək. 2013-cü ildən fəaliyyətə başlayan bu qurum ölkədəki bütün nazirliklərin işini görür. Guya əhaliyə xidməti asanlaşdırıblar. Nazirliklər işinin öhdəsindən gəlmirdisə, onları ləğv edərdiz. Axı həmin işi nazirliklər də görür, görməlidir və buna görə maaş alırlar. Məşhur “qızın iki adaxlısı” deyimində olduğu kimi, bizdə də bir işi iki qurum görür, hər ikisi də bu işə görə büdcədən pul alır – qurumun və əməkdaşların saxlanmasına. Üstəlik, razı qalanlarla yanaşı, ASAN-dan, onun xidmətinin çətinliyindən şikayətlənənlər də çoxdur…

Kənd Təsərrüfatı Nazirliyi var, Sahibkarlığın İnkişafına Dəstək Fondu var, üstəlik, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Hər birində də xeyli adam maaş alır. Regionlarda sahibkarlıqla məşğul olmaq istəyən yerli əhali üçün bu qurumlar əlçatmazdır. Səbəb sadədir, artıq neçə ildir onların – kəndlilərin torpaqlarını məmur-oliqarxlar ələ keçirib və sahibkarlıqla onlar məşğuldur; böyüyü, ortası və kiçiyi ilə. Nazirlikdən, Fonddan, Agentlikdən ayrılan pullar da onlara çatır…

Qarabağın bir hissəsinin işğaldan azad edilməsiylə ikili idarəçiliyə daha da təkan verilib. Məsələn, indi əsas diqqət mərkəzində olan Şuşadır, oranın da iki rəhbəri var: Bayram Səfərov 2009-cu ildən (onda Şuşa işğaldaydı) Şuşanın icra başçısıdır, buna görə bütün başqa icra başçıları kimi o da maaş alır. 27 yanvar 2021-ci ildən isə Aydın Kərimov da Şuşaya rəhbər gətirilib. Prezident onu Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edib. O da maaş alır.

Ağdamın da icra başçısı var, 2018-ci ildən həmin postu Vaqif Həsənov tutur, buna görə maaş da alır. Ağdam işğaldan azad ediləndən bir neçə ay sonra, daha doğrusu, 24 may 2021-ci ildə Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. O tarixdən Ağdamın da iki sahibi var, bu rayona rəhbərliyə görə iki nəfər büdcədən maaş alır. Ancaq nədənsə prezident bununla yetərlənməyib 1 dekabr 2021-ci ildən Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib, yəni Şuşadan başqa bütün rayonlara o rəhbərlik edəcək. Baxmayaraq ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərin də icra başçıları var, onlar da bu rayonlara rəhbərlik etdiklərinə görə maaş alırlar. Ümid edirik ədalətsizliyə yol verilməz, Emin müəllim rəhbərlik etdiyi bütün rayonlara görə maaş alar…

Ancaq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnaməyə görə, xüsusi nümayəndələr Prezident Administrasiyasının əməkdaşlarıdır. Ola bilsin, bonus olaraq əməkdaş kimi də maaş alacaqlar…

Xüsusi nümayəndənin bir çox səlahiyyəti var ki, onlardan biri də aşağıdakıdır: “Zərurət olduqda, müvafiq əraziyə giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirmək və həmin rejimin tətbiqini müvafiq ərazinin komendantı vasitəsilə təmin etmək”. İndi gəl baş aç görək Qarabağda söz sahibi kimdir…

Yəni burda da dolaşıqlıqdır, dərd təkcə özümüzlə bağlı deyil, işğaldan azad edilmiş ərazilərdə – Qarabağda beynəlxalq səviyyədə ikili idarəçilik var, o da Azərbaycanla yanaşı, Rusiyanın – həm də daha çox Rusiyanın – idarəçiliyidir…Ancaq onların da maaşı bizdən alıb-almadığını dəqiq bilmirik, çünki bununla bağlı 10 noyabr razılaşmasında hər hansı bənd yoxdur…

P.S.Hakimiyyətin siyasətinə qarışmıram. Yazını tək yazmışam.

Ana səhifəMənim Fikrimcəİkili idarəçilik siyasəti