“İstəmirəm başqa ana da bunu yaşasın” – ölən əsgərin anası

2006-cı il təvəllüdlü Elxan Məmmədov iyulun 5-də hərbi xidmət zamanı həyatını itirib.

Əsgərin anası Aytən Əliyeva Meydan TV-yə bildirib ki, oğlu ürək və ağciyər çatışmazlığından əziyyət çəkirdi. Buna görə də hərbi xidmətə yararsız idi. 

Ananın sözlərinə görə, oğlunun xəstəliklərinə baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onu “yararlı” kimi qeydiyyata alıb və hərbi xidmətə yollayıb.

“Oğlum hərbi xidmət zamanı dəfələrlə xəstəliyinə görə qaçış zamanı yerə yıxılıb. Lakin o yıxıldığı zaman onu təpik vuraraq qaldırırmışlar. Oğluma işgəncələr olunub. Komandiri ona “narkoman” deyərək təhqir edirdi”, – ana bildirib. 

Anası deyir ki, Elxan Məmmədov pnevmaniya diaqnozu ilə Bakıya hərbi hospitala göndərilib, lakin müayinə zamanı əsgərin pnevmaniyadan əlavə ürək və ağciyərində də problemlərin olduğu ortaya çıxıb. 

Aytən Əliyeva bir neçə yerə – Prezident Adminstrasiyası, Mehriban Əliyevanın qəbuluna getdiyini desə də, şikayətinə baxılmadığını deyir. 

O, oğlunun ölüm məsələsinin araşdırılmasını və “şəhid statusu”nun verilməsini istəyir. 

“Bu tək mənim uşağımın başına gələn şey deyil. İstəmirəm başqa ana da bunu yaşasın. Balama yararsız ola-ola “yararlı” yazıb göndəriblər. Səsimə səs verin”, – ana deyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı hesabata əsasən, 2026-cı ilin may ayına qədər Azərbaycanda azı 20 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib.

Hesabata görə, vəfat edən hərbçilərdən 5 nəfəri müxtəlif xəstəliklərdən, 5-i avtomobil qəzasından, 3-ü intihardan, 2-si bədbəxt hadisədən, 1-i isə ehtiyatsızlıqdan ölüb. Digər 4 hərbi qulluqçunun ölüm səbəbi isə hesabatda açıqlanmayıb.

Ölən hərbçilərin 13-ü Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub. Vəfat edənlərin 4 nəfəri əsgər, 3 nəfəri zabit, 2 nəfəri gizir, 3 nəfəri MAXE, 3 nəfəri isə kursant olublar. Qalanlarını müəyyən etmək mümkün olmayıb.

Bu müddət ərzində ümumilikdə ən azı 7 hərbi qulluqçu avtomobil qəzası zamanı yaralanıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci ilki hesabatına əsasən, 43 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.

Ana səhifəSosial“İstəmirəm başqa ana da bunu yaşasın” – ölən əsgərin anası