İqbal Əbilovun şikayəti təmin olunmayıb

İqbal Əbilov. Foto: Ülviyyə Əli

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində etnik tədqiqatçı İqbal Əbilovun məhkəmə prosesi keçirilib.

Tədqiqatçı Şirvan Şəhər Polis Şöbəsininin Müvəqqəti Saxlama Məntəqəsində məruz qaldığı təzyiqlərə görə məhkəməyə şikayət veribmiş. 

İqbal Əbilov məhkəmədə talış dilində çıxış etmək istədiyini qeyd edib. Məhkəmə Əbilovun istəyini nəzərə alıb və məhkəmə müddətində onun çıxışı tərcüməçi tərəfindən Azərbaycan dilinə çevrilib.

Tədqiqatçının atası Şahin Əbilov Meydan TV-yə bildirib ki, məhhkəmə qapalı şəkildə keçirilib:

“Məhkəmə həmişə olduğu kimi qapalı keçirilidi. İqbal və vəkilimiz Bakı İstintaq Təcridxanasından onlayn şəkildə iclasa qoşuldu. 2025-ci ildə Şirvan Polis Şöbəsinin saxlanma məntəqəsində oğlum təhqirlərə və təhdidlərə məruz qalıb və vəkili ilə əlaqə saxlamağa imkan verilməyib. Məhkəmə də bu şikayət üzrə keçirilirdi”.

Şikayətdə qeyd edilib ki, məhkəmədə Əbilov saatlarla əli qandallı şəkildə saxlanılıb və hakimin göstərişinə baxmayaraq polis əməkdaşları onun qolundan qandalları açmayıb. İqbal Əbilov prokurorluğun bu iddiaları araşdırmadığını bildirib. Bu səbəbdən o, cinayət işinin açılmasından imtina edilməsi barədə qərarın ləğv olunmasını tələb edib.

Məhkəmə Əbilovun vəsatətini təmin etməyib.

“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

Əbilov bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəSiyasi işlərİqbal Əbilovun şikayəti təmin olunmayıb