Azərbaycanda ilin əvvəlindən bu günə qədər 20 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı yeni hesabatda bu itkilərin 2026-cı ilin mayın 20-dək olan dövrü əhatə etdiyi bildirilir.
Sənədə əsasən, vəfat edən hərbçilərdən 5 nəfəri müxtəlif xəstəliklərdən, 5-i avtomobil qəzasından, 3-ü intihardan, 2-si bədbəxt hadisədən, 1-i isə ehtiyatsızlıqdan ölüb. Digər 4 hərbi qulluqçunun ölüm səbəbi isə hesabatda açıqlanmayıb.
Ölən hərbçilərin 13-ü Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub. Vəfat edənlərin 4 nəfəri əsgər, 3 nəfəri zabit, 2 nəfəri gizir, 3 nəfəri MAXE, 3 nəfəri isə kursant olublar. Qalanlarını müəyyən etmək mümkün olmayıb.
Bu müddət ərzində ümumilikdə ən azı 7 hərbi qulluqçu avtomobil qəzası zamanı yaralanıb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci ilki hesabatına əsasən, 43 hərbçi qeyri-döyüş şəraitində vəfat edib.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov daha öncə demişdi ki, qeyri-döyüş itkilərinin səbəbi korrupsiyadır:
“Baxmayaraq ki, hərbi xərclər artırılır, büdcədən ayrılan pul əsgərə gəlib çatmır. Əsgərlərin təminatında və yaşayış şəraitində irəliləyişlər yoxdur. Problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orduda ciddi islahatlar aparılmayıb, ordunun təminatı müasir standartlara uyğunlaşdırılmayıb, əsgər ölümləri davam edəcək”.
2026-cı ildə dövlət büdcəsində hərbi xərclər üçün 8.7 milyard manat vəsait ayrılıb.