İlham Əliyev 631 milyon manatdan çox vəsait xərclənən Mərkəzi Bankın yeni binasının açılışını edib

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – Foto: Azərtac

Prezident İlham Əliyev Mərkəzi Bankın Bakıda yerləşən yeni inzibati binasının açılışında iştirak edib.

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşasına 631 milyon 231 min manatdan çox vəsait xərclənib.

Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına Heydər Əliyev prospektində inşa olunan binada yaradılmış şərait barədə məlumat verib.

Rəsmi məlumata görə, 35 mərtəbəli binada 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, təlim və toplantı otaqları yerləşir. Rəsmi görüş və iclaslar üçün 25 otaq ayrılıb və onların zəruri avadanlıqla təchiz edildiyi bildirilib.

Məlumata əsasən, binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsipləri də nəzərə alınıb. Fiziki məhdudiyyətli şəxslərin binaya rahat daxil olması və sərbəst hərəkəti üçün müvafiq infrastruktur yaradıldığı qeyd olunub.

Binada əməkdaşlar üçün istirahət məkanı və 340 nəfərlik yeməkxana nəzərdə tutulub. Müxtəlif tədbirlərin keçirilməsi üçün 240 nəfərlik konfrans zalı da istifadəyə veriləcək.

Mərkəzi Bankın yeni binası – Foto: Azərtac

Rəsmi məlumatda bildirilir ki, binada müasir texnologiya və informasiya sistemləri quraşdırılıb. Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenariləri və proyeksiyaların tətbiqinə imkan verir. Fasad və ətraf ərazinin işıqlandırılmasında hərəkət sensorlu LED texnologiyasından istifadə olunub.

Binanın layihələndirilməsi və tikinti işlərinə 2021-ci ildə başlanılıb. Layihənin icrası Türkiyənin “Tekfen Holding” şirkətinə daxil olan “Tekfen İnşaat” tərəfindən həyata keçirilib.

“Tekfen İnşaat” bundan əvvəl Azərbaycanda “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisini də icra edib.

“Tekfen Holding” Türkiyədə media, təhsil, enerji, hotelçilik, tikinti və logistika sahələrində fəaliyyət göstərən “Can Holding”lə əlaqələndirilir. 2025-ci ildə Türkiyə prokurorluğu “Can Holding”lə bağlı çirkli pulların yuyulması, vergidən yayınma və mütəşəkkil cinayətkarlıq ittihamları üzrə araşdırma aparıldığını açıqlayıb. Bundan sonra holdinqin nəzarətində olan 121 şirkətin dövlət nəzarətinə götürüldüyü bildirilib.

Türkiyədə Habertürk, Show TV və Bloomberg HT kimi media qurumlarının da “Can Holding”ə məxsus olduğu qeyd olunur.

Ana səhifəXəbərlərİlham Əliyev 631 milyon manatdan çox vəsait xərclənən Mərkəzi Bankın yeni binasının açılışını edib