Hüquqşünas: “”Media haqqında” Qanun yenidən müzakirəyə çıxarılmalıdır”

Milli Məclis, Foto: By Photographer RM/Shutterstock

“Şennakın və Miyatoviçin müraciəti açıq göstərir ki, qanunun yenidən müzakirəsinə ehtiyac var”

AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennak Milli Məclisin üçüncü oxunuşda qəbul etdiyi “Media haqqında” Qanunun yoxlanılması xahişi ilə Venesiya Komissiyasına müraciət edib.

Bu barədə Ştefan Şennak özü “Turan”a danışıb.

“Biz Venesiya Komissiyasından qanunun ekspertizasını aparmağı və bu qanunu imzalamamağa çağırmaqla Azərbaycan prezidentinə müraciət etməyi xahiş etdik”, – Ş.Şennak belə söyləyib.

Stefan Şennak
Source: Turan.az

Yanvarın 18-də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç də dövlət başçısı İlham Əliyevə yazdığı məktubda Milli Məclisin qəbul etdiyi media qanununu yenidən baxılmaq üçün geri qaytarmağa çağırış etmişdi.

Onun fikrincə, Azərbaycanda yeni qəbul edilmiş “Media haqqında” Qanun ölkədə ifadə və media azadlığının vəziyyətini daha da pisləşdirir.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, sadəcə, yerli ekspertlərin deyil, beynəlxalq aspekdə Azərbaycanla müəyyən öhdəlik və funksiyası olan tərəflərin narahatlığı açıq görünür:

“Hər iki şəxsin – həm Şennakın, həm də Miyatoviçin müraciəti çox açıq şəkildə göstərir ki, qanunun yenidən müzakirəsinə ehtiyac var”.

Ələsgər Məmmədlinin qənaətincə, hər iki müraciətin effekti olmalıdır:

“Çünki 2004-cü ildə də prezidentə bu tip müraciət olunduğu zaman “İctimai yayım haqqında” Qanuna veto qoyuldu və Milli Məclisə geri göndərildi, sonra düzəldildi. Təxminən ona bənzər məsələdir, media sahəsidir və eyni problemlərdir. Ona görə də məlum qanun imzalanmadan təkrar Milli Məclisə geri qaytarılmalıdır. Xüsusən ekspertiza olunub bütün problemlər müəyyən edildikdən sonra qanunverici orqanda düzəldilərək təkrar müzakirəyə çıxarılmalıdır. Bütün bu prosesə yerli və beynəlxalq ekspertlər cəlb olunmalıdır. Əks təqdirdə, mövcud qanun imzalanarsa, Azərbaycan mediasının inkişafına yox, tənəzzülünə çıxardacaq”.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli, Foto: AFU

Dekabrın 28-də bir qrup azərbaycanlı jurnalist Milli Məclisin önündə “Media haqqında” yeni qanun layihəsinin qəbuluna etiraz olaraq aksiya keçirib.

İştirakçılar bildiriblər ki, yeni qanun Azərbaycanda olan qapalı media mühitinin daha da sərtləşməsinə təkan verəcək.

Bu, ifadə azadlığı hüququnun pozulmasıdır və qəbulu yolverilməzdir.

Təkcə jurnalistlər yox, hüquqşünaslar, media ekspertləri və təşkilatları da yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciətlər yayıblar. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, Milli Məclisin dekabrın 30-da keçirilən iclasında “Media haqqında” Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Prezident İlham Əliyev qanunu hələ ki imzalamayıb.

Ana səhifəSiyasətHüquqşünas: “”Media haqqında” Qanun yenidən müzakirəyə çıxarılmalıdır”