HRW: Azərbaycan MİRAS sisteminin tətbiqini dayandırmalıdır

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” (HRW) Azərbaycan hakimiyyətini Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin (MİRAS) tətbiqini dayandırmağa çağırır. Təşkilat bildirir ki, bu sistem şəxsi həyatın toxunulmazlığı üçün ciddi risklər yaradır.

Prezident İlham Əliyev noyabrın 21-də MİRAS-la bağlı əsasnaməni təsdiqləyib. Yeni sistem Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzarətində olacaq və müxtəlif dövlət qurumlarında toplanan şəxsi məlumatlara mərkəzləşdirilmiş çıxış imkanı verəcək. Əsasnamənin Prezidentin rəsmi saytında dərc edildikdən qısa müddət sonra silindiyi bildirilir. Sistem 2026-cı ilin mayından fəaliyyətə başlamalıdır.

MİRAS şəxsiyyət sənədləri, miqrasiya məlumatları, ailə və sağlamlıq məlumatları, əmlak və maliyyə vəziyyəti, cinayət və inzibati qeydlər, eləcə də bəzi ünsiyyət məlumatlarını toplayıb təhlil edə biləcək.

HRW-nın Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya bildirir ki, Azərbaycan uzun illərdir jurnalistlərə, insan haqları müdafiəçilərinə və fəallara qarşı qanunsuz rəqəmsal izləmə halları ilə gündəmdədir. Onun sözlərinə görə, bu şəraitdə həssas şəxsi məlumatların güclü və müstəqil nəzarət olmadan bir mərkəzdə toplanması özbaşına və qeyri-mütənasib nəzarət riskini artırır.

Azərbaycan Avropa Şurasının üzvü olaraq Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyata hörmət hüququnu təsbit edən 8-ci maddəsinə əməl etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulayıb ki, nəzarət tədbirləri qanuni, zəruri və proporsional olmalı, müstəqil nəzarət mexanizmləri ilə müşayiət edilməlidir. HRW bildirir ki, MİRAS bu tələblərə cavab vermir.

“Bu sistem nəzarəti tamamilə Dövlət Təhlükəsizliyi Xidmətinin əlində mərkəzləşdirir, ictimai hesabatlılığı, fərdlərin öz məlumatlarına çıxışı, ona düzəliş etmə prosedurlarını əhatələmir. Azərbaycan MİRAS-ın tətbiqini dayandırmalı, gizliliyin qorunması üçün güclü tədbirlər qəbul etməlidir. Avropa Şurası daxil olmaqla, beynəlxalq tərəfdaşlar hakimiyyətə təzyiq göstərməlidir ki, rəqəmsal idarəetmə islahatları qeyri-məhdud nəzarət etmək səlahiyyətini daha da möhkəmləndirməsin”, – HRW bildirir.

Təşkilat həmçinin Avropa Şurası da daxil olmaqla beynəlxalq qurumları bu məsələdə Azərbaycan hökumətinə təzyiq göstərməyə səsləyir.

Hakimiyyətin HRW-nın çağırışlarına münasibəti hələlik açıqlanmayıb. Rəsmi qurumlar isə indiyədək ölkədə insan hüquqlarının pozulması ilə bağlı iddiaları rədd edərək, vətəndaşların şəxsi məlumatlarının qorunduğunu vurğulayırlar.

Ana səhifəSiyasətHRW: Azərbaycan MİRAS sisteminin tətbiqini dayandırmalıdır