Hop-stop islahatlar

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Əhali hakimiyyətdən hesabatı necə tələb edə bilər?

Lev Davıdoviç Trotskinin məşhur bir kəlamı var: “Bir sistemi dağıtmaq istəyirsənsə, onu aramsız islah et”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarə sistemini aramsız islah edir. Nazirlikləri yaradır, sonra ləğv edir, sonra yenidən yaradır, birləşdirir, ayırır, sonra yenə birləşdirir. Onun bu islahat yelləncəyinə əyləşdirilmiş zavallı əhalimizin başı gicəllənir, hərlənir, ölkədə nə baş verdiyini anlamır.

Əgər Trotski haqlıdırsa, elə çıxır ki, İlham Əliyev oturduğu budağı kəsir. Lakin belə deyil, onun oturduğu hakimiyyət budağı nəinki kəsilir, əksinə, yoğunlaşıb az qala dövlət ağacının gövdəsindən daha qalın olur. Belə çıxır ki, Trotski yanılırmış.

Lakin açıq etiraf etməliyik ki, həm Trotski haqlıdır, həm də İlham Əliyev nə etdiyini gözəl bilir. Məsələnin cövhəri ondadır ki, İlham Əliyevin islahatlarının məqsədi bütövlükdə dövlət idarə sistemi deyil, onun yaranmağa cəhd edən, lakin aramsız islahatlar ucbatından heç cür təşəkkül tapa bilməyən hesabatlılıq ünsürüdür. Bu aramsız islahatların məqsədi dövlət qurumlarının uzunmüddətli mövcudluğuna imkan verməmək, onların hansısa uzun müddətli fəaliyyətinin nəticələrinin hesabatını dinləyib-arayıb onlara qiymət vermək imkanını heçə endirməkdir.

Təsəvvür edin ki, İlham Əliyev növbəti tarixi fərmanı ilə bir dövlət nazirliyi (komitəsi, agentliyi, fondu və sairə və ilaxıra) təsis edir, onun yaradılması üçün Dövlət Neft Fondundan səxavətlə neçəsə milyon manat ayırır, bu quruma başçıdan tutmuş qapıçıya qədər yüzlərlə və minlərlə insan işə götürülür və qurum fəaliyyətə başlayır. Bil il, iki il, üç il…. Təbii ki, İlham Əliyevin qurduğu idarə sistemində heç bir qurumun xalqa və dövlətə uğurlu xidmətindən söhbət belə gedə bilməz. Bu növcavan qurumun fəaliyyətindən və ya fəaliyyətsizliyindən narazılıq artdıqca, onun bivec işini təftiş etmək, yediyi pulların hesabatını tələb etmək çağırışları güclənir. Güclənir, güclənir, ərşə çatanda… İlham Əliyev növbəti tarixi fərmanı ilə bu qurumu ya tamamilə ləğv edir, ya da kiçildib başqa bir qurumun şöbəsinə çevirir. Hesabat və məsuliyyət unudulur, hamının başı qarışır tam başqa, qara qəpiklik əhəmiyyəti olmayan məsələlərə.

Əsas məqsəd də elə bu idi, prezident yeni tarixi islahat fərmanı verib yeni bir qurum təsis edir, ya da iki mövcud qurumu bir-birinə calayır. KİV başbilənləri prezidentin yeni cahanşümul islahat mərhələsinə qədəm qoymasından, bu mübarək qədəmin sayəsində xalqı gözləyən, dibindən gilas tökülən səbətlərdən yazmağa başlayır. Kim daha inandırıcı yalan yazsa, ona bir dənə xalq hesabına havayı mənzil düşür.

Hesabat və məsuliyyət oturuşmuş idarə sistemlərində təbii haldır. Bu təbii hal bizim qeyri-təbii idarə sistemimiz üçün ölümcül təhlükədir. Bu hesabatın və məsuliyyətin olmaması üçün Ulu öndər elə bir dövlət sistemi qurub ki, 30 ildir əhali baş sındırır, fəqət sirrini aça bilmir. Sirrin adı isə sadədir: hakimiyyətin əhali qarşısında məsuliyyət daşımaması.

Əhalinin heç ağlına belə gəlməməlidir ki, hakimiyyətdən hesabat tələb edə bilər.

Əhali hakimiyyətdən hesabatı necə tələb edə bilər? Konstitusiyaya görə parlament hökumətin hesabatını dinləyəndə bu fəaliyyəti mənfi qiymətləndirib onu istefaya göndərə bilər. Bəli, bütün mədəni dövlətlərin öz konstitusiyalarında yazdığı bu maddə Azərbaycan Respublikasının da Konstitusiyasında yazılıb. Lakin hakimiyyət özünün əhali qarşısında məsuliyyətindən yaxa qurtarması üçün parlament seçkilərini saxtalaşdırıb ora elə adamları salır ki, onların hökumətdən hesabat tələb etməyə cürətləri çatmasın. Əhali şəffaf və ədalətli seçki tələb edəndə dövlətin güc qurumları vətəndaşların qanuni tələblərini zopa, təpik, yumruq, işgəncə, həbs və işdən qovulma üsulları ilə heçə endirirlər. Azərbaycanda vətəndaşın öz konstitusion hüququni tələb etməsi dövlət çevrilişi cəhdi kimi qiymətləndirilir. Məhz bu səbəbdən Azərbaycanda demokratik seçki yoxdur, məhz buna görə hakimiyyətin Milli Məclisə saldığı insanların mütləq əksətiyyəti lal-dinməz, ağzını açıb danışmağa cəsarəti çatmayan məxluqatdır.

Yadınıza “Quska” ləqəbli millət vəkilinin Artur Rəsizadə hökumətinin fəaliyyətini tənqid etmək cəhdinin aqibətini salın. Həmin andaca qurulub-sazlanmış alət işə düşdü, məhz təxribat məqsədilə Milli Məclisə salınmış məxluq Quskaya hücum etdi və bu hücumun nəticəsində Quska həm deputat mandatından, həm azadlıqdan məhrum oldu.

Bu ibrət dərsi bütün deputatlara görk oldu, dəxi heç kəsin ağlına gəlmir ki, hökumətin “hesabat”ı vaxtı bu hökumətə yarıtmaz işinə, talanan milyardlara görə güldən ağır söz desin. Hökumətin hesabatı vaxtı söz istəyən hər bir deputatın bir gözü möhtərəm millət vəkili Fəzail bəy Ağamalıda olur.

Hesabatlılıqdan yayınmanın bir üsulu xalqı istədiyi namizədi parlamentə seçmək hüququndan məhrum etməkdirsə, və bunun nəticəsi kimi Milli Məclisi xalqa yad ünsürlərlə doldurmaqdırsa, ikinci və daha sərfəli üsulu aramsız islahatlarla hesabat verəsi qurumu vardan yoxa ötürməkdir. Əhali hesabat tələb edəndə hesabat verəsi qurum ləğv edilir və xalq çaşıb qalır: ə bə bu hesabat verəsi qurum nə oldu? Hara getdi? Nə təhər yoxa çıxdı?

Yəni hop-stop oyunu gedir.

Məsələn, Milli Təhlükəsizlik Nazirliyi möhtərəm zati-alilərin seçib təyin etdiyi vücudun sayəsində qatı cinayət, reket və xəyanət yuvasına çevriləndə və bu reket şəbəkəsi hətta ali vücudların səlamətliyinə təhlükə törətməyə başlayanda nə baş verdi? Əlibaba quldurbaşı qaldı kənarda, 40 quldurun bir neçəsini tutub ötürdülər içəri, bir az sağıb-bir az saxlayıb boşladılar bayıra, ən əsası isə bir dənə tarixi islahat keçirib MTN-i ləğv etdilər və onun yerinə iki yeni qurum yaratdılar. İndi əvvəl tək bir MTN-in gördüyü işi iki qurum görür, onlardan isə hesabat tələb etmək fikri yalnız dəlinin ağlına gələ bilər.

Ya da təbii inhisarçı dövlət şirkətləri elektrik enerjisi, su, qaz və yol kimi sahələrə məsuliyyət daşımalıdırlar. “Malı-məli” şəkilçisi var, amma məsuliyyət daşımırlar.

Bir adam Bakının su təchizatı işini boynuna götürmüş qurumlardan soruşa bilmir ki, milyardlar xərcləyib paytaxtı su ilə təmin edəcəyinizə söz vermişdiniz, nə oldu? Niyə Bakının mərkəzində su gündə 6 saat verilir, sonra kəsilir?

Bir adam ölkəni yanacaqla təmin edəsi qurumlardan soruşa bilmir ki, necə oldu Azərbaycan müstəqilliyinin 30-cu ilində 96 və 98 markalı benzini xaricdən gətirəsi oldu?

Bir adam yol çəkən qurumlardan soruşa bilmir ki, niyə ömrü 50 ilə hesablanmış yollar 5 ildən sonra dağılmağa başlayır?

Bir adam ali məmurlardan soruşa bilmir ki, necə oldu torpaq mülkədarlarına çevrildiniz, niyə kəndlilərin kiçik torpaq sahələrinə gedən suyun ağzını kəsib öz nəhəng aqroparklarınıza yönəldirsiniz?

Bir adam hərəsi bir ali məmura məxsus banklardan soruşa bilmir ki, niyə xalqın dərisini soyub sələm faizini 15-ə qaldırmısınız? Bu ağlasığmaz yüksək faizlə borc götürmüş vətəndaş borcunu bu faizlə qaytarmaq üçün nə işlə məşğul olmalıdır? Ya narkotik, ya silah, ya vəzifə, ya vicdan, ya torpaq, ya da dərman satmalıdır, Azərbaycanda bundan savayı böylə yüksək gəlir gətirən sahə yoxdur, hamısı da hakimiyyətin inhisarındadır.

Sonda kefinizi durultmaq üçün sizə məzəli əhvalat danışım.

Fermer tanışıma illik 5%-dən yüksək olmayan kredit lazım idi. Oxumuşdu ki, Avropa Birliyi fermerlərə məhz bu faizlə dəstək üçün “Respublika” bankına 15 milyon avro ayırıb. Ümidlə ora baş vurdu, ağzından vurub qaytardılar.

Ona dedim ki, hərif olmasın, həmin pulu ali məqamlı məmurlara verəcəklər, özünə nahaq əziyyət verməsin.

Çarəsiz küçəylə gedəndə gözünə “Ziraat-bank” sözü sataşıb. Gedib evinə sənədlərini götürüb gəlib bu banka, içəri daxil olub, yavuqlaşıb bir bank işçisinə və deyib ki, 300 min manatlıq girov qoyub bir illiyə 5%-dən 100 min manat kredit istəyirəm. Bank işçisi ona dəvə nalbəndə baxan kimi baxıb və deyib ki, “biz kənd təsərrüfatına kredit vermirik”. Bu dəfə təəccüblənmək növbəsi binəvaya çatıb və soruşub ki, “ə bə adınızı niyə “Ziraat-bank” qoymusunuz? Bilmirsiniz ki, ziraat ərəbcə kənd təsərrüfatı deməkdir?” Bu dəfə bank işçisi təəccüblənib və deyib ki, “biz mənzil tikintisi, ticarət sövdələşmələri və istehlak malları almaq üçün kredit veririk, bilmirdik ki, ziraat kənd təsərrüfatı deməkdir”.

Tanışım bank işçisinin savadını yüksəltdiyinə sevinib, suyu süzülə-süzülə evinə dönüb.

Möhtərəm oxucum, işdir-şayəd, sizin də ağlınıza gəlsə ki, hakimiyyətdən hesabat istəyəsiniz, əvvəlcə gərək İlham müəllimə hesabat və məsuliyyət sözlərinin mənasını izah edəsiniz, zira onun siyasət lüğətində belə sözlər yerli-dibli olmayıb və yoxdur. Zopa, şillə, təpik, yumruq, diz üstə oturtmaq, şərləyib qazamata salmaq və bu kimi digər dilxoşluqlar var, fəqət hesabat və məsuliyyət istilahları yoxdur.

Xoşca qalın.

Ana səhifəMənim FikrimcəHop-stop islahatlar