Hökumətə müxalif dayanıb siyasi fəallıq edirsənsə, çətin ki, yolun Avropa Məhkəməsindən keçməsin. Fəaliyyətilə bağlı təzyiqlərə, həbslərə məruz qalanlar ədaləti Avropa İnsan Haqları Məhkəməsində axtarırlar. Sonda qalib gəlsələr də, Azərbaycan hakimiyyəti bu dəfə beynəlxalq məhkəmənin qərarını icra etmir.
“Təəssüf ki, Azərbaycan Avropa Şurası məkanına daxil olan ölkələr arasında qərarların icrasında ən pis göstəricilərə malik olan ölkədir”-hüquqşünas Xalid Ağaliyev deyib.
Elə ötən həftə keçmiş heykəl məhbusu Qiyas İbrahim əlinə benzin alıb, sorağı Prezident Adminstrasiyası qarşısında tapıb. 2 il əvvəl Avropa Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə etiraz edib.
Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyasını hökumətdən ala bilməyənlər bunu siyasi ayrı-seçkilik sayırlar. Onlardan biri olan AXCP-nin sədr müavini Seymur Həzi həbsi və işgəncələrə məruz qalması ilə bağlı hökumətdən 21 min avro təzminat almalıdır.
“Bu, birbaşa ayrı-seçkilikdir və siyasi məqsədlə həyata keçirilən ayrı-seçkilikdir. Məhz hökumətin sərt tənqidçilərinə kompensasiyanın verilməməsi bunu göstərir. Hakimiyyət həm Avropa Məhkəməsi, Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmir, eyni zamanda da buradakı rəqiblərinə qarşı da xüsusi repressiya, maliyyə repressiyası həyata keçirir”-Seymur Həzi deyib.
Azərbaycan AİHM-ə ən çox şikayət edilən ölkələr arasındadır. 2002-2020-ci illərdə ölkədən bu quruma 7 min 200-dən çox şikayət göndərilib. Hüquqşünas Xalid Ağaliyev deyir ki, Avropa Məhkəməsinin qərarlarının icrası məcburidir.
“İndiyə qədər AİHM-nin Azərbaycanla bağlı 300-dən artıq qərarı icra mərhələsinə daxil olub. Həmin qərarlardan icra olunanların sayı təxminən 60-a yaxındır. Yerdə qalan 260-dan çox qərarın icrası problemlidir”-hüquqşünas Xalid Ağaliyev deyib.
AİHM-nin tam icra olunan bəzi qərarları da var. Ötən il Ali Məhkəmənin plenumunun qərarı ilə ReAl Partiyasının sədri İlqar Məmmədov və partiyanın digər üzvü Rəsul Cəfərova bəraət verilib. Həmçinin məhkəmə NİDA-çıların işi üzrə məhkum olunmuş şəxslərdən dörd nəfərə bəraət verilməsi barədə qərar qəbul edib.
Problemli işlərlə bağlı isə Azərbaycan rəsmilərindən cavab almaq mümkün olmayıb.