Heyvanlar insanlardan şikayətlənir

“Bir tikə ət istədim deyə əl-ayağımı kəsdi qəssab. Həm də yeni həyat vermiş oldu bununla mənə. Biz insanlardan sevgidən başqa heç nə istəmirik. Onlar isə bəzən hətta bizi öldürür”, – bu, Mia adlı pişiyin demək istədiyi, amma bütün heyvanlar kimi sözlərlə yox, baxışları ilə çatdırdığı fikirləridir.

Kəsilən ayaqla başlayan hekayə

Mia adlı bu pişiyin hekayəsi Xaçmazda başlayıb. Rayonun küçələrində ağlı-bozlu bu pişik tez-tez ac gəzirdi.  2021-ci ilin martında pişik ət mağazası önündə yenə ac dayanıb.  Pişik gözünü kəsilən ətlərə zilləyib yemək gözləyib.  Heç kimdən hay çıxmadığını görüb gizlicə ət götürüb. Amma bu qəssabı çox qəzəbləndirib. Qəssab onun hərəkətindən sonra bayaqdan ət kəsdiyi bıçaqla pişiyin ayaqlarını zədələyib. Belə ki, ət mağazasının sahibi 2 ayağı kəsib və hissələr bədəndən ayrılıb, 3-cü isə sallaq vəziyyətdə qalıb.

Mianın gözləri həmin günlərin ağrılı və qorxulu olduğunu deyir. “Sadəcə ac idim və bir az ət istəyirdim”, – deyə o hekayəsini baxaraq bizə ötürür.

 “O, buna çox əsəbiləşdi, iki ayağımı tam, birini isə yarımçıq formada kəsdi. Qəssabın bu hərəkətindən sonra isə qorxmağa başladım insanlardan. Ta ki bizi sevən tək-tük insanların ianəsi ilə müalicə üçün Bakıya gələnə kimi. Xaçmazdan Bakıya Nailə adlı bir qız gətirdi, heyvansevər idi. Sonra ianələr yığdı, sağalmağım üçün çox çalışdı. Həmin hadisədən sonra iki dəfə əməliyyat keçirdim.  Bakıda kiçik sümük əməliyyatı keçirildi. Bu, bioprotezə hazırlıq əməliyyatı idi. Həmin il mayın 3-də İstanbula getdik və orada bir klinikada bioprotez taxıldı. Qabaq və arxa patilərimə. Bioprotezlərim sonradan düşdü, amma hərəkətimə əngəl deyil”, – Mia bunları gözlərini bizə zilləyərək izah etməyə çalışır.

Bu arada Mianı əvvəlcə eftanaziya (red. xəstənin ölümünü onun istəyi ilə tezləşdirmək) etmək istəyiblər. Çünki yaraları ona çox əziyyət verirmiş. Sonra dəyişilən fikir ilə müalicə və əməliyyat həyata keçirilib.

 “2021-ci ildən bu günə artıq küçədəki sahibsiz ev heyvanı deyiləm. Artıq acanda yemək axtarmalı olmuram. Sahibim hər dəfə suyumu, yeməyimi, ən əsası sevgisini verir. Qorxularım var idi, onlar da gedir. İnsanlar məni sığallayanda bundan xoşum gəlir. Rahat hərəkət edirəm, əvvəlki kimi hündürlükdən tullana bilməsəm də, divandan döşəməyə tullanmaq çətin deyil. Qaçanda ayağımın olmadığını hiss edirəm. Bəzən ayağımla qulağımı qaşımaq istəyirəm alınmır. Bəzən ayaqlarımın kəsilməsi yadıma düşür, tez sahibimə qısılıram, sığallaması üçün yanında oturur, qucağına girirəm”, – Mia düşüncələrini çatdırır.

Konyakın dost itkisi

Mia küçədə yaralanan, sonra sahibləndirilən nə ilk heyvandır, nə də son. Azərbaycan küçələrində rəsmi sayı bilinməyən, qeyri-rəsmi məlumatlara görə on minlərlə sahibsiz it və pişik var. Sadəcə bəzilərinin bəxti gətirir və küçədə olsalar da, ac qalmayacaqları yerlər tapırlar.

Heyvansevərlərin adını Konyak qoyduğu bu it kimi. Konyakın adı onun rəngi ilə bağlıdır və adı ilə adaş olan içki növünə bənzədilərək seçilib. Konyak isə insanların gözünə baxmaqdan qorxur və buna görə də onun hiss etdiklərini anlamaq çətin olur.

“Mən də küçədə qalan, sahib gözləyən itəm. Amma ac qalmıram. Əvvəllər ac qalırdım, sonra bir dostum oldu. Canavar adında. Onunla Bakı kimi xaoslu şəhərdə bir meşə tapdıq. Yaşıllıqlar içərisində 2 dost yaşayırdıq. Sonra onu maşın vurdu. Düzdür ki, bizim kimilər tez-tez maşın altında qalır. Bundan sonra meşədən küsüb getdim. Ac, susuz gəzdim günlərlə. Sonra yenidən qayıtdım meşəyə. Arıqlamışdım, gözlərim də zəifləmişdi. Amma indi yaxşıyam. Baxın, kökəlmişəm də. Buraya da heyvansevər adamlar ara-sıra gəlir, qarnımızı doyurur. Dostumun itkisini isə unuda bilmirəm, çətindir”, – Konyak qəmgin halda baxaraq deyir.  

Konyakın yaşadığı meşə yaxınlığında əvvəllər sığınacaq vardı. Sonra bu sığınacaq ləğv edildi və itlər yenidən küçədə yaşamağa başladı. Bu ərazi insanların öz itlərini gətirib azdırması ilə tanınır. Bəzən boyunluqlarından, bəzən səliqəli dırnağından bilmək olur ki it yenicə atılıb. Çünki küçədə yaşayan itlər, əsasən, tükləri səliqəsiz, dırnaqları uzun olur. Onlar əlində yem ilə gələn hər kəsə sevgi dolu baxır.

Heyvan dişləməsi statistikasına “hə”, cinayət rəqəmlərinə “yox”….

Azərbaycanda sahibsiz heyvanların sayı hesablanmadığı kimi bu istiqamətdə cinayətlərin də statistikası yoxdur. Cinayətlərin təxmini sayını heyvansevərlərin ictimailəşdirdiyi məlumatlara görə təyin etmək olur. 2023-cü ildə itlərin güllələnməsi ilə bağlı 45-dən çox şikayət gəlib. Bəzilərinin icra hakimiyyətləri ilə bağlı olduğu iddia edilib. İcra hakimiyyətləri isə bu iddianı əsassız sayıb. Daxili İşlər Nazirliyi isə yekun nəticə açıqlamayıb.

Meydan TV-nin öz hesablamalarına görə, 2022-ci ildə hökümətəyaxın medialarda heyvanlara işgəncə ilə bağlı şəxslərə 500 manat cərimə verilməsi haqda yalnız 4 xəbər var. Daxili İşlər Nazirliyi həmin il ərzində neçə nəfəri cərimələdiyini demir, həmin ildə onlara istinadən yerli mətbuatda 7 məlumat yayılıb. Lakin o ilin heyvansevərlərinin paylaşımlarına görə isə, insanların verdiyi işgəncə sayı 30-u keçib. Bu, təkcə ictimailəşdirilən məlumatlardır.

Əslində Azərbaycanda heyvanlar ilə bağlı rəsmi qurumların yaydığı statistikalar da məhdud saydadır. Məsələn, ötən il  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi fotodakı bu məlumatı yayıb.

Screenshot: AZƏRTAC

Heyvansevərlərin bu məlumatlara reaksiyasına görə, bu sadəcə aparılan qara piardır.

“Bu, Azərbaycan hökumətinin öz yürütdüyü siyasətlə bağlıdır. Heyvanların qorunması, onların rifahı üçün nə pul xərcləyir, nə də bunu etmək istəyənlərə icazə verir. Amma iti incidən insanlara qarşı heyvanın reaksiyası bir az sərt olarsa, bunu pafoslu başlıqlarla əlaltı medialarda yayırlar. Daha sonra qanunla ev heyvanı adlanan it, pişiyi həmin medialarda “küçə iti, pişiyi” kimi təsnif edirlər”, – deyə heyvan haqları müdafiəçisi Nicat İsmayıl deyir.

Azərbaycan qanunvericiliyi ilə isə bu kimi əməllərə ən ağır cəza tədbiri də sadəcə cərimədir.

2023-cü ilin ilk ayında da heyvansevərlər işgəncələr ilə bağlı məlumatlar yaymağa başladı. Təkcə yanvar ayında 4 belə hal ilə bağlı sosial şəbəkələr məlumat yaydı.

Cari ildə Daxili İşlər Nazirliyi heyvanlara işgəncə ilə bağlı 5 məlumat yayıb, sonuncu məlumat 9 pişiyin əl-ayağını bağlayıb suda boğmağa cəhd edən şəxs ilə bağlı olub. Həmin şəxsin bu əməli qarşılığında 500 AZN cərimələnməsi narazılıqlara səbəb olub.

Meqopolisdə heyvan olmamalıdır

Heyvan haqları fəalı Nicat İsmayıl deyir ki, əslində meqopolisdə heyvan olmamalıdır. O, küçədə heyvanların yaşamasının, artmasının onların rifahını pozduğunu deyir. O əlavə edir ki, bu məsələ həll edilmədikcə, heyvanlar incidilməyə davam edəcək.

 “Azərbaycanda heyvan hüquqları mövzusunda ümumən çox böyük boşluqlar var. Mən deyərəm, bərbad gündədir heyvan haqları mövzusu. Onların rifahlarının qorunmasında demək olar ki, dövlət qurumları heç bir iş görmür. Ümumən, sahibsiz heyvanların hüquqlarını qorumağa çalışan adamlara belə əngəllər yaradırlar. Çox böyük korrupsiya  var”, – deyə bildirir.

Nicat İsmayıl iqtidarın maraqsızlığını qınadığı qədər, müxalifətin də heyvan haqlarına laqeyd olduğunu düşünür.

Nicat İsmayılın fikrincə, onlar qısırlaşdırılmalıdır. Səhhətində problem olanlar reabilitasiya sığınacaqlarına verilməlidir. Heyvanlar peyvənd edilməlidir. O deyir ki, hamısı dövlətin borcudur. Həm yemləmə, həm qayğısına qalma.

Nicat İsmayıl

Hüquqşünas Elmir Səfərli Azadlıq Radiosuna bu il deyib ki, sahibsiz heyvanların uşaqları dişləməsi də, onların güllələnməsi də hazırki qanunvericiliyin kobud şəkildə pozulmasının nəticəsidir. Onun fikrincə, bu məsələdə əsas boşluq aidiyyəti vahid qurumun olmamasıdır:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETNS) qalıb kənarda, heç bir addım atmır, icra hakimiyyətlərinə ayrılan vəsait də açıqlanmır ki, məsələ mübahisələndirilsin. Ümumi qanunvericilik pis deyil. Amma, məsələn, qanunda yazılıb ki, quyruğun kəsilməsi qadağandır. Lakin buna görə cərimələnmə yox səviyyəsindədir. Eləcə də sahibsiz heyvanların verdiyi zərərlə bağlı sakinlər tibbi xərclərini qarşılamaqda çətinlik çəkir”, – hüquqşünas Azadlıq Radiosuna bildirib.

Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Ev Heyvanlarının Mühafizəsi üzrə Avropa Konvensiyasına qoşulub. Konvensiyaya görə, hökumət sahibsiz heyvanları əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri tədbirlər gerçəkləşdirməli, sığınacaqlar yaradılmalı idi. Lakin reallığın fərqli olduğunu heyvansevərlər deyir.

Sığınacaq, yoxsa sığınmasaq daha yaxşı?

Azərbaycanda dövlətin heyvan sığınacağı ancaq “Toplan”dır. Heyvanların orada öldürüldüyü iddia edilir. “Toplan”dan isə bu iddialara cavab almaq olmur. “Toplan”ın apardığı heyvanlar da halından məmnun görünmür. Sığınacağdakı heyvanların vəziyyəti ilə tanış olmaq isə müşküldür.

“Bakı ərazisində Bakı Şəhəri üzrə İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun birgə təşəbbüsü, birgə yaratdıqları həmin “Toplan” qayğı mərkəzi onlara nə edir, belə qısaca izah edim sizə, deməli, məsəl üçün, 45 min it var Bakı ərazisində, küçələrdə. Yəni təxmini rəqəm budur. “Toplan” əslində bunları azaltmır, yığıb toplayıb yoxa çıxarmaqla azalmır. Elə bil, bir növ Bakıda heyvan təsərrüfatı yaradıb, hər il artım olan 20 min iti götürür. Həmişəki o 40-45 min balans olduğu kimi qalıb. 4 ildir ”, – Nicat İsmayıl Meydan TV-ə müsahibəsində gileylənir.

“Toplan” sahibsiz heyvanlara qayğı mərkəzi ilə heyvansevərlərin bir qisminin ulduzları barışmır. Belə ki,  “Toplan” 4 ildir açılıb və bundan bir müddət sonra heyvansevərlər onun önündə aksiyalar keçirməyə, sığınacağa etiraz ediblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. Onların əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir. 

2022-ci ilin sentyabrın 27-də Xətai Rayon Məhkəməsi “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikovun şikayəti əsasında heyvansevər fəallar cərimələnib. Məhkəmə İlhamə Nəsirovanı 1000, Elxan Mirzəyevi 1000, Aynur Babazadəni 1500, Nicat İsmayılovu isə 2000 manat məbləğində cərimə edib. Mənəvi zərərə görə isə Aynur Babazadə 1000, Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev 500 manat məbləğində kompensasiya ödəməlidirlər. Fəallar bu və digər şikayətlərdən Avropa məhkəməsinə müraciət ünvanlayıb və bu, heyvan haqları ilə bağlı Azərbaycandan bu məhkəməyə gedən ilk şikayətdir.

Ölkədə özəl sığınacaqların sayı isə azdır. Qeyri-Hökümət Təşkilatları arasında belə sığınacaq açmağa marağın olmadığı sezilir. 2013-cü ildən xarici donorlar yaranan çətin duruma görə ölkəni tərk etməyə başlayıb ki, bu da heyvanların xarici ölkələrdən yardım almaq şansını da minimuma endirib. İndi onlar ancaq heyvansevərlərin ianələrindən asılı haldadır.

Yaralanmaq asan, müalicə bahadır

Dövlət tərəfindən heyvanların müalicəsinin tam pulsuz aparıldığı xəstəxana yoxdur. Amma özəl klinikalar var. Onlar hər dəfə bir sahibsiz ev heyvanlarının hekayəsinə şahid olur. Onlardan biri də adı Kira olan pişikdir. Kira da küçədə bilinməyən şəkildə zədələnib. İndi klinikada müalicə alır.

“Mənim yaralandığımı başqaları da görmüşdü. Amma müalicə baha olar deyə götürmədilər. Pulsuz xəstəxana olsa idi aparardılar. Sonra bir heyvan haqları fəalının başlatdığı ianə ilə müalicə üçün gəlmişəm bura. Görək başımıza nə gəlir”, – Kira təəssüflə “bildirir”.

Klinikaya il ərzində 100-lərlə sahibsiz ev heyvanı gətirilir. Şikayət əsasən heyvanların öz arasında dalaşması, infeksion xəstəliklər və insanların verdiyi zərərlər olur.

“Çoxlu bala heyvan gəlir ki, maşın altında, yəni sönülü motor (mühərrik-red.) içində yatır. Maşın işə düşəndə, motoru işləyəndə onun arasında  qalır və zədələnir. Mən deyərdim ki, maşın sahibləri diqqət yetirsinlər. Maşın altında qalırlar, yola qaçırlar. Hansısa nahiyələri əzilir, qırıqlar olur, çox gəlir o şikayətlə. İnfeksion xəstəlik dəhşət çox baş alıb gedir. Çöl heyvanlarında standart xəstəliklər  əsasən bunlardır. Yaxşı olar ki, dövlət qurumu  tərəfindən sterelizə edilib priuta (sığınacaq-red.) götürülsə, aqressiv olmayanlar yenidən küçəyə də buraxıla bilər. Bəzi insanlar götürüb küçədən tapdığı bütün heyvanları bir araya yığır, heyvanın biri xəstədir, o birinə yaydıqca heyvanlar da tələf olur. Pişiklərdə bunu etmək çətindir, amma itlərdə dövlət onları qısırlaşdırsa yaxşı olar”, – veterinar İlham Dilbazov deyir.

Onun sözlərinə görə, burada məsuliyyət həm dövlətin üzərinə düşür ki, diqqət artırsın. Həm də insanların borcudur ki, qayğılı davransın.

Dövlət qurumlarından rəy

Azərbaycanda dövlət qurumlarının qısırlaşdırma aparması ilə bağlı məlumat yoxdur. İcra hakimiyyətləri də bu barədə danışmır. Qurumlar heyvanların rifahını düşündüyünü deyir, amma göstərmir.

Qəbələ rayonunun icra başçısının köməkçisi Abdulla Əsədov bu il Azadlıq Radiosuna bildirib ki, küçədə itlərin qısırlaşdırılması, sığınacaqlara təhvil verilməsi ilə mütəmadi olaraq Rayon Baytarlıq İdarəsi məşğul olur. Sözügedən idarə isə zənglərə cavab verməyib. Həmin rayondan isə heyvansevərlər narazılıq edir, sahibsiz itlərin qayğıdan kənar qaldığını deyir.

Gəncə Rayon İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi də cari ildə Azadlıq Radiosuna “sahibsiz heyvanlar hamının yaralı yeridir” deyib. “İcra hakimiyyəti vətəndaşların narazılıqlarını nəzərə alıb, öz büdcəsi ilə sığınacaq tikdi, amma onu işlədən yoxdur. Ona görə indi istifadəyə verə bilmirik”, – deyən əməkdaş vurğulayıb ki, itlərin qısırlaşdırılması, müayinə-müalicəsi üçün dövlət tərəfindən tibbi heyət ayrılmayıb.

Heyvan haqları fəalı Nicat İsmayıl isə “əgər veterinar klinikası, mütəxəssis yoxdursa, sığınacaq açıb itləri ora yığmağın heç bir mənası yoxdur. Sığınacaqda isə qayğıya möhtac itlər üçün ideal vəziyyət yaradılmalıdır”, – deyə söyləyir.

Əliyevin sığalı, deputatın deportasiya təklifi

Heyvanları sevdiyini göstərən ölkə başçısı İlham Əliyevdir. Amma ona heyvanlara edilən işgəncələr, bu sahədə olan qanunsuzluq barədə edilən şikayətlər cavabsız qalmaqda davam edir.

Milli Məclisin deputatları isə bu barədə çox danışmır, danışanda isə verdiyi açıqlamalar sosial şəbəkə seqmentində müzakirələr açır. Məsələn, cari il mayın 31-də deputat Tahir Kərimlinin “Yığın o itləri, Koreyaya, Çinə satın, amma bir çarə tapın” deyə təklif verdiyi çıxış kimi.

Hökumət heyvan haqları ilə bağlı yeni nəsə etmir, sonuncu etdiyi 10 il bundan öncə heyvanlarla kobud rəftara görə cəriməni 500 manata qaldırmaq olub. İnkişaf etmiş ölkələrdə bu əmələ görə cinayət işi açılsa da, bu, Azərbaycan üçün keçərli deyil. Belə bir qaydanın tətbiqi barədə isə hökumət ümidverici nəsə demir.

Heyvanların ümidi, arzusu, gözləntisi

Hökumətin haqlarında nə düşündüyünü bilmir heyvanlar. Nə vaxta kimi küçədə qalacaqları da məlum deyil. Amma onların istəkləri eynidir.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoHeyvanlar insanlardan şikayətlənir