Həyat yoldaşını bıçaqlamaqda, azyaşlıya təcavüzdə təqsirləndirilən şəxsə hökm oxundu

Azyaşlıya təcavüz. Foto: Meydan TV

Zaur Babayev məhkəmədə ağladı…

Bakıda həyat yoldaşını bıçaqlayıb, ardınca 14 yaşlı ögey qızına təcavüz etdikdən sonra onu da qətlə yetirməkdə ittiham olunan 42 yaşlı Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib. Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hadisə 2023-cü il fevralın 1-dən 2-nə keçən gecə saat 1 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. İttihama görə, Zaur Babayev kirayə yaşadıqları evdə 1980-ci il təvəllüdlü Əfsanə Şadatovaya bıçaqla bir neçə zərbə vurub. Ardınca çıxıb, Əfsanə Şadatovanın birinci həyat yoldaşından olan 13 yaşlı qızı Günay Şadatovanı qaldığı evə gedib. Oradan onu götürüb, Zabrat gölünün kənarında ona təcavüz edərək, daha sonra öldürüb.

Zaur Babayev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri üzrə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

Zaur Babayev təcavüzdə özünü təqsirli bilmir. Azyaşlını qətlə yetirməyə gəlincə, o iddia edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

O, məhkəmədə ağlayıb, hərəkətindən peşman olduğunu dilə gətirib: “Vallah, mənim günahım yoxdur…”.

Meydan TV-nin əldə etdiyi məlumata görə, həm Zaur Babayevin, həm də Əfsanə Şadatovanın birinci evliliyindən hərəsinin iki övladı olub. Zaur Babayev boşanıb, Əfsanə Şaşatovanın əri isə vəfat edib. Təxminən 8 il əvvəl onlar evlənmək istəyəndə hər ikisinin valideyni bu evliliyə qarşı çıxıb. Onlar rəsmi nikah olmadan birlikdə yaşamağa başlayıblar.

Zaur Babayev və Əfsanə Şadatovanın birgə 4 və 2 yaşlarında iki övladı var.

O da məlum olub ki, hələ bu hadisəyə qədər Əfsanə Şadatova və onun qızı Günaya qarşı Zaur Babayevin hərəkətlərilə əlaqədar bir neçə dəfə polisə şikayət olunub. Sonradan şikayəti geri götürüblər.

Ana səhifəRedaktor seçimiHəyat yoldaşını bıçaqlamaqda, azyaşlıya təcavüzdə təqsirləndirilən şəxsə hökm oxundu