Həyat olduğu kimi

Çarpayıda yanımda oturanda titrəyirdi

Source:

Bu, nekroloq deyil. Mən Arazın ad günündə Rəşadət haqqında yazmışdım. Çünki, Araz özü o yazını oxumayacaqdı. İbrahim dayı öləndən sonra da Şahin haqqında yazmaq qərarına gəldim.

Lap başdan başlayım. 2013-cü il martın 7-də nidaçılar Məhəmmədlə Bəxtiyarı axtarmağa başladılar. Sonra Üzeyir dedi ki, Şahin Novruzlu adlı bir gənc üzvümüz də itib (haradan “çıxdıqlarını” bilirsiniz). Əlbəttə, valideynlərlə əlaqə saxlamağa cəhdlər göstərdik. İbrahim dayı ilə ikinci görüşə mən də getdim. Nə bizi tanıyırdı, nə “Nida”nı, nə də o günə qədər MTN-i. Şahin üçün qorxurdu deyə, vəkil tutmağa razı sala bilmədik. Sonralar da gördüyümüz nəzakəti ilə, imtina elədi. “Bu da qənimətdir” dedik, çünki Bəxtiyarın valideynləri çox fərqli davranmışdılar, sonralar da bu simalarını göstərdilər (Doğrudan da, insanlar çətin vəziyyətlərdə necə davranırlarsa, həm də odurlar).

Şahini ilk dəfə ya may ayında, ya da iyunda gördüm. Məni vəkillə görüşə çıxartmışdılar. Nəzarətçilər səhv eləmişdilər və mən Şahini gördüm, amma tanımadım. Şəkildəkindən bir az kök idi. Xalid Bağırov dedi ki, bu, Şahindir. Görüşdüm. Dedim, “məni tanıyırsan?”. “Yox” dedi. “Zaur Qurbanlıyam. Sənə “molotov” “verən” oğlan”.

2013-cü ilin sentyabr ayında istintaq materialları ilə tanış olurduq. Şahinin qanuni nümayəndəsi İbrahim dayı da gəlmişdi. Görüşdük, xeyli danışdıq. Həmişə bizə deyirdi ki, “Şahindən muğayat olun, qoymayın, sizdən aralı qalsın”. Şahin də həmişə uşaqların sonradan ona qoyduqları ləqəbə uyğun, panda kimi qıraqda dururdu. Amma qaynayıb-qarışdıq dünyanın ən gənc siyasi məhbusu ilə. Gülümsəyəndə utandığından dişlərini gizlədirdi. Qabaqdan üstdəki 4 dişini MTN-də vurub boşaltmışdılar. Kürdəxanıda dördü də düşdü.

Məhkəməmiz yarım il getdi və İbrahim dayının istədiyi kimi Şahin də bizlərdən biri oldu. Bu ilin, deyəsən, iyun ayında məni Tibb Məntəqəsində Şahinlə görüşdürdülər. Yazdığı əfv ərizəsinin surətini göstərdi mənə. Artıq yazıb təhvil vermişdi. Bir az qınadım, bir az ürək-dirək verdim. Appelyasiya məhkəməsində də İbrahim dayı istədiyi kimi idi – Şahin bizim balaca qardaşımızdır.

Oktyabrın 7-si öz xahişimlə və İbrahim dayının müraciətindən sonra məni Şahinin kamerasına köçürdülər. İkimiz də çox sevinirdik. Kitab-zad oxumaq olmurdu. Bütün günü söhbət edir, azadlıq üçün planlaşdırdıqlarımızdan danışırdıq. Düz 8 gün beləcə şad-xürrəm söhbətləşdik. 12 kv. metr yerdə futbol oynadıq, dedik-güldük və 8 gündə atası ilə bağlı azı 8 xatirə danışdı Şahin. Ailədə qadınlar kişilərdən çox olanda ata-oğul dostlaşırlar adətən. Şahingildə də belə idi. Ona görə Şahin atası ilə 17 ilin möhkəm dostları idilər.

Oktyabrın 15-i məni vəkilə çağırdılar, Şahin də görüşə çıxacaqdı. Vəkilə gedəndə yolda qəzetləri paylayan dustaqla rastlaşdım. Dedi, “xəbərin var? Şahinin atası rəhmətə gedib”. Təbii ki, şoka düşdüm. 5 dəqiqə vəkillə oturub çıxdım. Yolda düşünürdüm ki, xəbəri Şahinə necə deyim; deyim, yoxsa deməyim. Qərara gələ bilmədim, çünki şokda idim. Sonradan öyrəndim ki, onda təzyiqim sürətlə qalxıb.

Mən kameraya girəndə Şahini görüşə aparmaq üçün kameradan çıxarırdılar. Onda onu öpüb “səbrli ol” dedim. Kamerada tək qalanda hiss elədim ki, dolmuşam, amma ağlamadım. Ona görə də vəziyyətim pisləşdi. Hava soyuq idi, ancaq mən yanırdım. Alt paltarında açıq havaya çıxdım. Yenə də tərim dayanmırdı, axşama yaxın gözüm qaraldı, birtəhər öümü tox tutdum.

Saat 5-də qapı açıldı, Şahin sürətlə içəri girib çarpayısında oturdu. Yanında oturdum. Dediyim kimi, Şahin sakit oğlandır, ləqəbinə uyğundur. Panda kimi tənbəl-tənbəl oturur. Nərd oynayanda da əsəbləşirdim ki, tez ol, ürəkli ol, zəif atırsan deyə, zər də vermir. O da deyirdi ki, “mən tək olanda saatlarla düşünmədən uzanıb bir nöqtəyə baxa bilirəm”. Dedim, “sənə panda deyəndə incimirsən?”. Dedi, “yox əşi”. Bu sakit adam çarpayıda yanımda oturanda titrəyirdi. Sol qolum da onun çiynində idi. Mən hələ belə titrəmə görməmişdim. Əsgərlikdə haubitsa çexollarının altında torpaqda yatanda elə titrəmişəm ki, dişlərimin şaqqıltısı qulağımı deşirdi. Amma Şahin kimi titrəməmişdim, onun saçından dırnağına qədər bütün bədəni əsim-əsim əsirdi. Gözləri quru idi. 2-3 damcı gözündən qabağa sıçrayıb qucağıma düşdü. Dedim, “ağlamaq istəyirsən, ağla”. Başını yox mənasında yelləyib çiynimə qoydu. Sonra dönüb uzandı. 1-2 dəfə tualetə getmək istisna, yerindən durmadı. Təxminən 24 saat.

2 gün sonra mən görüşdə idim. Qayıdanda nəzarətçi sevincək dedi ki, “Şad xəbərim var. Şahin gedir evə”. Kameraya girəndə Şahin dağ kimi qalaqlanmış kitablarını yığırdı. Qaçıb onu qucaqladım. Bilmirəm neçə dəfəsə öpdüm Şahini. Məni bərk-bərk qucaqlasa da, reaksiyasız durmuşdu qabağımda. Mənim sevincim, onun kədəri – otaq ağ-qara sovet kinosuna oxşayırdı.

Şahinlə cəmi 11 gün bir yerdə qaldıq. Sevindik, “brain storm” edib çoxlu ideya irəli sürdük, çoxlu nərd oynadıq, mən ateistliyimi, o da inancını çoxlu-çoxlu müdafiə etdik, çoxlu kədərləndik, çoxlu qucaqlaşdıq.

Mən qızıl kimi bir oğlan tanıdım. Maraqlı bir şey danışım sizə. Mən “rəhmətlik hiss eləyirdi öləcəyini. Evdən çıxana uşaqları mənə tapşırdı” kimi ağıları mövhumat və şişirtmə sayıram. Amma valideynlə övlad arasında fiziki bağlılığı öz nümunəmdən bilirəm. İbrahim dayı ölən gün bizim heç nədən xəbərimiz yox idi. Amma həmin gün axşam mən Şahinə azı 10 dəfə dedim ki, “nə olub sənə?”. Onsuz da panda olan Şahin həmin gün ayaq üstə ölmüşdü elə bil. Halsız, kefsiz, boynu bükük otururdu.

Amma Şahin tezliklə toparlanmağa başladı. Xəbəri eşidən gün bir neçə dəfə israr eləsəm də, namaz qılmadı. Lakin ertəsi günü bütün qəzalarını qıldı, çoxlu dua elədi. Azadlıqdan bir gün əvvəl isə mənimlə xeyli pul qazanmaq, təhsil almaq yollarını müzakirə etdi. Çətin həyatının ağır məsuliyyətini dərk edirdi. Türmə adamı nə qədər kobudlaşdırsa da, adamda olan uşaqlığı hansısa dərinlikdə qoruyur. Şahin tutulanda 17 yaşında idi, amma 13-14 yaşlı uşaq kimi idi. Azadlığa çıxanda da bu uşaqlığını qorumuşdu. 17 yaşından ən yaxın dostu atasını yalnız dəmir barmaqlıq arxasından, əli qandallı görən Şahin 19 yaşında qəflətən böyüməyə məhkum vəziyyətdə azadlığa çıxdı.

Bunları niyə yazıram? Axı bu nekroloq deyil. Bəs niyə yazıram? Rusiyalı Engelqardt 1898-ci ildə “Tərəqqi qəddarlığın təkamülü kimi” əsərində yazırdı ki, Dikkens realist deyil. Çünki Oliver Tvist kimi xilas olan uşaqlar yox sayılacaq qədər nadir istisnalardır. Dikkensin baş qəhrəmanı həmin əsərdəki yəhudinin yanında oğurluqla məşğul olan, axırda asılacaq uşaqlardan biri olsa idi, bu, realizm olardı. Bu gün bir filmə baxdım – “Həyat olduğu kimi”. Sonluq Dikkensin realizmi sayaq “happy end” olsa da, filmin adı mənə Şahini xatırlatdı.

Şahinin yaşadıqları həyatın özüdür – olduğu kimi. Mübarizənin romantikası haqqında xəyallara dalanda həyatı da düşünmək lazımdır. Dikkensin “happy end”-li “real” həyatını yox, Engelqardtın inkişaf etdikcə qəddarlaşan sərt realizmini – əsl həyatı düşünmək lazımdır. Bu yol çətin yoldur. Axı hamı Şahin ola bilmir. Atasının ölümündən sonra 2 günə toparlanıb ailəsinin məsuliyyətini dərk edən Şahin olmaq çətindir.

Bu yol çətindir. Bura girəndə bilmirsən ki, bir gün səni əlindən tutub məktəbə aparan baban sənə görə damarlarını doğrayıb özünü öldürə bilər; atanın ürəyi partlayıb parça-parça ola bilər. Hamısı sənin həbsinə dözmədiyinə görə. Əsas sual budur: sənin bu yolu tutduğuna görə başqaları, xüsusən, valideynlərin əzab çəkməlidirlərmi? Bu, cavab tələb etməyən ritorik sual deyil. Bu, təkidlə cavab tələb edən ağır bir sualdır. Deyəsən, yeni gələnlər bu suala cavab verib sonra bizə qoşulmalı olacaqlar.

19.10.2014 BİT

Ana səhifəMənim FikrimcəHəyat olduğu kimi