Həkim: Maskadan mütəmadi istifadə üz dərisində problemlər yaradır

“Adamlara tövsiyə edirəm ki, heç kim olmayan yerlərdədə, açıq havada yarım saat gəzsinlər ki, üz dəriləri nəfəs alsın”.

Source: Specify Source


Həkim-pulmonoloq: " İnsanlar yarım saatdan bir maskanı çıxarmalıdırlar"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5 yaşdan yuxarı hər kəsə maskadan istifadəni tövsiyə edir.

Mövcud pandemiya ilə əlaqədar əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da maskadan istifadə məcburidir.

Mütəxəssislər isə hesab edir ki, uzun müddət maskadan istifadə insan orqanizminə ziyandır, xüsusilə də, havalar isindikcə tibbi maska taxmaq xeyli çətinləşir.

Açıq havada, həmçinin qapalı məkanlarda maska taxmaq bir sıra narahatlıq və qanda oksigen çatışmazlığına səbəb olur.

Həkim-kosmetoloq Leyli Məmmədova Meydan TV-yə deyib ki, maskadan mütəmadi istifadə həm də üz dərisində problemlər yaradır: “Maskalardan istifadəyə başlayandan sonra müraciət edən pasientlərin 70 faizində ağızətrafı qıcıqlanmalar – dermatitlərin kəskinləşməsi, aknelərin və yağlılığın çoxlamasını müşahidə edirik. Hər iki saatdan bir maskanı dəyişmək, vaxtaşırı üz dərsini hər hansı bir antiseptiklə təmizləmək lazımdır. Evə gələn kimi makiyajı təmizləmək şərtdir. Həssas dəriləri oksigenlə zəngin olan qulluq vaistələri ilə təmizləmək olar. Makiyajdan, həmçinin tonal kremlərdən istifadəni azaltmaq lazımdır. Tonal kremlərin tərkibində ağır metallar, üzdəki məsamələri bağlayır, nəfəs almağa qoymur, həmçinin günəşdən qoruyucu kremləri BB kremlərlə əvəz etmək lazımdır. BB kremlər yüngüldür, onların bəzilərində SPF 50+ var. Yəni üzü həm də günəş şüalarından qoruyur. Adamlara tövsiyə edirəm ki, heç kim olmayan yerlərdədə, açıq havada yarım saat gəzsinlər ki, üz dəriləri nəfəs alsın”.

Həkim-pulmonoloq Ramiz Quliyev isə N95 respirator maskasını tövsiyə edir.

O həmçinin məsləhət görür ki, insanlar yarım saatdan bir maskanı çıxarmalıdırlar: “Həkim kimi deyil, vətəndaş mövqeyimi bildiri: parkda, küçədə, açıq havada tək, yaxud ailə üzvü ilə gəzən, başqa adamlarla təması olmayanlara, zənnimcə, maska lazım deyil. Amma insanların sıx toplaşdığı yerlərdə maskadan istifadə vacibdir. Maskadan uzun müddət istifadə edən insanda müəyyən qədər oksigen çatışmazlığı yarana bilər. Arada maskasız nəfəs almaq məsləhətdir ki, oksigen aclığı yaranmasın. Maska taxmaq məcburidir, olar-olmazı şəxs, vətəndaş özü müəyyən edir”.

“Maskanın istifadəsi zamanı allergiya yarandıqda, antihistamin (allergiya əleyhinə) dərmanlar qəbul etmək lazımdır”, – allerqoloq-immunoloq İldırım Qasımov isə Meydan TV-yə belə deyib.

Mövcud pandemiya ilə əlaqədar olaraq bir ildən çoxdur ki, bütün dünyada olduğu kimi, azərbaycanda da hətta açıq havada da maska taxmaq məcburidir.

Azərbaycanda ötən il noyabrın 21-dən etibarən açıq havada maska taxmayanlar 100 manat cərimə edilir.

Bu barədə baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” 451 saylı qərarda nəzərdə tutulub.

Tibbi maskadan istifadəyə görə məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənzimlənir.

Karantin rejimi dövründə tələbləri pozan fiziki şəxslər yüz, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Ana səhifəSağlıqHəkim: Maskadan mütəmadi istifadə üz dərisində problemlər yaradır