Meydan TV “Eurasianet”-in İlqar Məmmədov haqqında
yazdığı
məqaləni tərcümə edib.
Müxalif siyasətçinin Azərbaycanda hər hansı bir ümidi varmı?
Sual üzdən absurd görünə bilər: Azərbaycan dünyanın ən avtoritar ölkələrindən biridir və burada Əliyev ailəsi illər boyu özünün hakimiyyət monopoliyasını daha da sərtləşdirir. Parlamentdə heç bir müxalifət partiyası təmsil olunmur və müstəqil siyasətçilər sistemli şəkildə ölkəni tərk etməyə məcbur edilirlər və ya da həbs olunurlar.
Lakin İlqar Məmmədov inanır ki, Azərbaycanda hələ imkanların hamısı tükənməyib. Ölkənin ən məşhur siyasi məhbusu Məmmədov avqust ayında azadlığa çıxıb və Respublikaçı Alternativ Partiyasının rəhbəri kimi mövqeyinə davam edir. İndi o deyir ki, REAL seçkilərə qatılmağı planlaşdırır və REAL-ın mübarizə şansı olduğuna inanır.
“Biz prezident Əliyevin birdən-birə azad və ədalətli seçkilər keçirəcəyini düşünəcək qədər sadəlövh deyilik. Bu, baş verməyəcək”- o deyir.
Lakin Məmmədovun fikrincə, müəyyən qədər siyasi təzyiqlə hakimiyyəti qismən azad seçki keçirməyə vadar etmək olar. Bu da onun partiyasına parlamentdə müəyyən yer tutmağa imkan verəcək:
“Keyfiyyətli dəyişikliyi əldə edilə bilinəcək bir şeydir, şübhəsiz. Milli Məclisdə yaxşı təmsilçilik qazansaq, seçkilər mükəmməl olmasa belə, bu, yeni bir hərəkətlilik yaradar “.
Məmmədov işarələdiyi ssenari – müxalifət partiyası parlamentdəki bir neçə yerini sonradan daha böyük dəyişikliyə çevirərək nəticədə Əliyevi hakimiyyətdən uzaqlaşdırır – Ermənistanla müqayisəni qaçılmaz edir. Orda, bu ilin əvvəlində Nikol Paşinyan özünün parlamentdəki kiçik dəstəsinə əsaslanaraq geniş xalq hərəkatına rəhbərlik etdi. Nəticədə uzun müddətdir hakimiyyətdə olan rəhbər Serj Sarkisyan istefaya getdi və Paşinyan baş nazir vəzifəsinə gətirildi.
Məmmədov Paşinyanla birbaşa müqayisə aparılmasından çəkinir. Lakin o qeyd edir ki, Ermənistandakı “məxməri inqilab” azərbaycanlıların siyasi düşüncəsinə, xüsusilə də REAL-ın əsas seçicisi hesab etdiyi oxumuş orta sinifin fikir tərzinə təsir edib:
“Bütün cəmiyyət Ermənistandakı hadisələri çox yaxından izləyirdi. Azərbaycanın orta sinifi – tələbələr, dövlət sektorunun aşağı və orta pilləsində işləyənlər, sahibkarlar və digərləri – xaricə səfər edərkən gürcülər və ermənilərlə təmasda olan bu sinif, özünü nədənsə məhrum olunmuş hiss edir. Azərbaycanı Gürcüstan və Ermənistanla müqayisə edəndə o iki xalqın demokratik yolu heç olmasa sınamağı bacardığını, Azərbaycanın isə bu mənada uğursuz olduğuna təəssüflə baxırlar. Onların bu hisslərinin siyasi əhəmiyyəti vardır”.
Məmmədov “Eurasianet”-ə REAL-ın Bakı şəhərinin mərkəzindən bir qədər kənarda yerləşən kiçik ofisində müsahibə verdi və gedən təmirə görə yaranmış toz və narahatlığa görə dəfələrlə üzr istədi. Ofis, bir əsr bundan əvvəl demokratiyanı qısa müddətli sınaqdan keçirmiş və ölkə müxalifəti üçün bu gün də əsas ilham qaynağı olan Azərbaycan Xalq Cümhuriyyətinin plakatları ilə bəzədilib. Bir küncdə, Azərbaycan və Avropa Birliyi bayraqları yan-yana yerləşdirilib. İngilis dilində sərbəst danışan Məmmədov təmsil etmək istədiyi təşəbbüskar şəxslər sinifə aid bir adam kimi geyinir – cins şalvar, təzə köynək, dəbli eynək.
Avqust ayında azad edilməmişdən öncə Məmmədov kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunaraq 5 il həbs həyatı yaşamışdı. Avropa İnsan Haqları Məhkəməsi ona qarşı sürülən ittihamların siyasi motivli olduğunu, onu susdurmaq və hökuməti tənqid etdiyi üçün cəzalandırmaq məqsədi daşıdığını müəyyən edərək Məmmədovun azadlığa buraxılması üçün çağırış edib.
Azərbaycan bu qərarı həyata keçirməkdən imtina etdikdə isə Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarılma təhlükəsi ilə üz-üzə qoyacaq prosedura başladı. Məmmədov, nəhayət, Almaniyanın kansleri Angela Merkelin Bakıya səfərindən bir həftə öncə azad edildi.
Məmmədov yalnız şərti azadlığa buraxılıb və hələ də bəraət uğrunda çalışır. Onun tam bəraət qazanmadan Azərbaycanda qanuni olaraq seçkiyə namizəd kimi qatılıb-qatıla bilməyəcəyi hələ məlum deyil. O qeyd edir ki, partiyanın hüquqşünasları hazırda bu mövzunu araşdırır.
Bununla yanaşı, Məmmədov əlavə etdi ki, onun seçkiyə qatılmasına hakimiyyətin mane ola bilməməsi məqsədilə o, Azərbaycan daxilində və beynəlxalq səviyyədə dövlət rəhbərliyinə müvafiq təzyiq göstrmək üçün səfərbərlik tədbirləri görməyə çalışacaq. Növbəti parlament seçkiləri 2020-ci ilin sonunda nəzərdə tutulub, ancaq REAL erkən seçkinin keçirilməsinə çalışır.
Özü təzyiqlər altında fəaliyyət göstərən Azərbaycan müxalifəti seçkiləri tez-tez boykot etsə də, Məmmədov deyir ki, ölkədə ədalətli seçki üçün heç olmasa potensialın mövcudluğu müddəticə boykot zəif strategiyadır:
“Seçki qanunundakı bütün nöqsanlara baxmayaraq, beynəlxalq seçki müşahidə təşkilatı olan Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu azad və ədalətli seçkilərin keçirilməsini mümkün hesab edir. Əks halda seçkilərə baxmaq üçün 500 müşahidəçi göndərib, milyonlarla dollar sərf etməzdi”.
Azərbaycan müxalifəti daxili çəkişmələri ilə məşhurdur və İlqar Məmmədov deyir ki, ən azından REAL bu vəziyyəti dəyişmək niyyətindədir. O deyir: “Çox layiq olduğu yerdə əski müxalifəti sərt qınadığım vaxtlar vardı. Amma indi onlarla savaşmaq ya da onlara qarşı kampanya aparmaq üçün heç bir ehtiyac görmürəm”.
Bunun səbəbinin bir qismi siyasidir: REAL özünü digər partiyalardan yetərincə fərqləndirmişdir və onları tənqid etməyin daha mənası yoxdur.
İkinci qism səbəb isə təhlükəsizliklə bağlıdır: İlqar Məmmədov deyir ki, “hakimiyyətin ən yuxarısından” hədələr almışdır və bu baxımdan o, media haqları fəalı Rasim Əliyevin işini xatırlatdı. Rasim Əliyev, bir azərbaycanlı futbolçunu Facebook`da tənqid etdiyi üçün döyülərək öldürülmüşdü, amma çox insan onun ölümünün siyasətlə bağlı olduğundan şübhələnirlər.
İlqar Məmmədov deyir: “Onlar, [hakimiyyət], özlərinə aidiyyatı olmayan hər hansı bir qrupla kiçik qovğanı öz məqsədləri üçün istifadə edirlər – istər məqsədləri təqib olsun, istərsə də qətl. Müxalifətdə olan kiminləsə mübahisə etsəm, məqamın birində hakimiyyət məni öldürüb də atar onun üstünə ki, “ah, bu sadəcə müxalifətdaxili çəkişmədir”. Bu, çox ciddi bir təhlükəsizlik məsələsidir.
Onun sözlərincə, “nəticə etibarı ilə, mən hamı ilə sülh içində yaşamalıyam – dəlisiylə, ağıllısıyla, velosipedsevərilə, nə bilim kimləri, kimlərilə. Qarşı çıxmaqda davam edəcəyim yeganı tərəf hakimiyyətdir.”
Hələlik hakimiyyət Məmmədovun siyasi səylərini əsasən nəzərə almır. Hökumətin hücumçusu kimi tanınan bir şərhçi istehzalı bir tərzdə uzun bir yazısında qeyd edib: “Aydındır ki, sizi hərəkətə gətirən olduğunuzdan daha böyük, daha güclü, daha ağıllı və s. kimi görünmək arzusudur”.
Hətta Məmmədova simpatiya duyanların bir çoxu onun siyasi şansının az olduğunu düşünür. “Onlar bu vəziyyətdə mübarizəyə hazır deyillər” – əvvəllər partiyaya bağlı olan insan haqları müdafiəçisi Səməd Rəhimli qeyd etdi. “Təkcə REAL deyil, bütün müxalifət qüvvələri yerlərdə iştirakçılıqdan məhrumdur. Yerlərdə yetərincə iştirakçılıq olmadan haqlarınızı geri almaq üçün küçəyə çıxıb mübarizə apara bilməyəcəksiniz”.
Məmmədov bildirir ki, partiyanın minlərlə üzvü var və Azərbaycan ərazisində 20 bölməsi mövzcuddur.
Digər müttəfiq, uzun müddətdir müxalif siyasətçi olmuş təhlilçi Zərdüşt Əlizadə daha uzun müddətə baxmağın zəruri olduğunu deyir. İqtidar hakimiyyətin bütün qollarına nəzarət etsə də, Məmmədov ictimaiyyəti maraqlandıran və iqtidarın həll edə bilməyəcəyi məsələləri qaldıra bilər: “Məmmədov və onun dostları bu məsələləri qaldırmaq bacarığındadırlar. İnsanlara göstərə bilirlər ki, bu problemləri necə həll edəcəklər. Bu məsələləri gündəmə gətirməyi bacarırlar. Bir gün bu, onları üstün mövqeyə qoyacaq ”.