Haqqin.az saytına yeni rəhbər təyin edildiyi bildirilir. Mətbuatda yayılan məlumata görə, saytın idarəçiliyinin “Caliber.Az”ın baş redaktoru Teymur Hüseynova həvalə olunduğu bildirilir. Fətullayev isə sonrakı açıqlamasında bu məlumatı təkzib edərək “Caliber” adlı sayt eşitmədiyini və “Timur” adlı şəxsi tanımadığını bildirib.
Bu barədə Azərbaycan mətbuatında məlumat yayılıb. Qeyd olunur ki, Teymur Hüseynov “Caliber.Az” kollektivi ilə vidalaşıb, daha sonra Haqqin.az əməkdaşlarına təqdim olunaraq yeni vəzifəsinin icrasına başlayıb.
Məlumat Eynulla Fətullayevin Haqqin.az MMC-ni satdığını açıqlamasından sonra yayılıb.
Mayın 1-də yerli media yazmışdı ki, Eynulla Fətullayev sahibi olduğu rusdilli Haqqin.az saytını satıb. Həmin məlumatda bildirilirdi ki, Fətullayev axşam saatlarında kollektivlə vidalaşıb və bundan sonra Türkiyədə yaşamağa qərar verib.
Fətullayev daha sonra sosial şəbəkə hesabında Haqqin.az MMC-ni “bütöv payı” ilə satdığını təsdiqləyib. O, satışın səbəbləri və gələcək planları barədə əlavə geniş açıqlama verəcəyini bildirib.
Fətullayev sonrakı açıqlamasında saytı satmaq və Azərbaycanda jurnalistika fəaliyyətini dayandırmaq qərarına gəldiyini bildirib.
O yazıb ki, Haqqin.az-ın domenini və MMC-nin tam payını iş adamı və politoloq Adəm İsmayılova notarial qaydada satıb:
“Saytı satmaq və Azərbaycanda jurnalistikanı tərk etmək qərarına gəldim. Haqqın.az-ın domainini, MMC-nin tam payını iş adamı və politoloq İsmayılov Adəmə notariat qaydada satdım”.
Fətullayev Haqqin.az-a “Caliber.Az”ın baş redaktoru Teymur Hüseynovun rəhbər təyin olunması barədə yayılan məlumatlara da münasibət bildirib:
“Mən nə Caliber adlı sayt eşitmişəm, nə də Timur adlı şəxsin üzünü görmüşəm”.
Jurnalist gələcək planlarından da danışıb. Onun sözlərinə görə, hələlik biznes fəaliyyəti ilə məşğul olmaq istəyir:
“Hazırkı zamanda Azərbaycanda jurnalistika ilə məşğul olmaq uçurumun üzərindən nazik kanat üstündə getmək kimi təhlükəlidir”.
Fətullayev bildirib ki, dünyada və regionda baş verən hadisələr, maraqlı məlumatlarla bağlı paylaşımlarını sosial şəbəkə hesablarında davam etdirəcək:
“Jurnalistikaya dönəcəmmi? Dünyanın işlərini heç bilmək olmaz! Oxucularıma salam və təşəkkürlər!”
Jurnalist əvvəlki paylaşımında özü ilə bağlı mediada yayılan xəbərlərə də reaksiya verib:
“Azərbaycan mətbuatı həyatın dibinə yuvarlana-yuvarlana gedir. Dalınca da bir qara daş… Ölkənin ‘aparıcı’ xəbər saytlarından biri cəmiyyətə elan edir: ‘Eynulla Fətullayevin vəzifəsinə təyinat olub!’ Ay bədbəxtlər, guya Eynulla nazir və ya bələdiyyə sədri olub ki, onun da yerinə təyinat olsun. Amma bir məsələdə haqlıdırlar ki, Eynulla medianı nüfuzuna görə 4-cü hakimiyyətə çevirə bilmişdi. Siz isə medianı şkonkanın [rus dilindən keçmiş jarqon sözdür; həbsxana və kazarmalarda yatacaq mənasında işlənir. “Şkonkanın altı” isə məcazi olaraq alçaldılmış, hörmətsiz yer deməkdir] altına saldınız…”
Teymur Hüseynovun baş redaktoru olduğu “Caliber.Az” saytı sənədlərdə “Global Media Group” MMC-nin tərkibinə daxil olan media qurumlarından biri kimi göstərilir. İddia olunur ki, bu qurum SOCAR-ın maliyyəsi ilə ərsəyə gətirilib.
Meydan TV-nin “Baku TV” və “Report”un arxasındakı gizli əl – Adnan Əhmədzadə” adlı araşdırmasında qeyd olunub ki, “Global Media Group”un tərkibinə “Baku TV”, “Haber Global”, “Report” İnformasiya Agentliyi, “Media.Az”, “Oxu.Az”, “Baku.ws”, “Caliber.Az” və “Kaspi” qəzeti daxildir.
Araşdırmada həmçinin bildirilir ki, “Global Media Group” MMC-nin qanuni təmsilçisi Elnur Nazim oğlu Abdullayevdir. Meydan TV-nin araşdırmasında Elnur Abdullayev keçmiş SOCAR rəsmisi Adnan Əhmədzadəyə yaxın şəxs kimi təqdim olunur.
Haqqin.az-ın satılması və saytın idarəçiliyinin dəyişməsi fonunda Eynulla Fətullayevə aid olduğu deyilən başqa bizneslə bağlı da iddialar gündəmə gəlib.
Fətullayevin Bakıda “Ağabala” adlı restoranının olduğu bildirilir. Rəsmi sənədlərdə restoran “FATULLAOGLU GROUP” MMC-yə məxsusdur. MMC-nin təsisçisi Nigar Allahverdiyeva Azər qızıdır. Onun Eynulla Fətullayevin həyat yoldaşı olduğu deyilir.
Haqqin.az satılandan və saytın idarəçiliyi dəyişəndən sonra restoranın da Fətullayevin nəzarətindən çıxdığı iddia olunur. Meydan TV bu iddialarla bağlı Eynulla Fətullayevdən mövqe öyrənməyə çalışsa da, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Eynulla Fətullayev Azərbaycanın tanınmış jurnalistlərindən biridir. O, “Realnı Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru olub.
Fətullayev 2007-ci ildə həbs edilib. Ona qarşı böhtan, terrorla hədələmə, vergidən yayınma və daha sonra narkotik vasitələrin satışı ittihamları irəli sürülüb. Beynəlxalq media müdafiə təşkilatları həmin ittihamları siyasi motivli sayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə “Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarında onun ifadə azadlığı və ədalətli məhkəmə hüququnun pozulduğunu müəyyən edib. Məhkəmə Azərbaycan hökumətindən jurnalistin azadlığa buraxılmasını tələb edib.
Fətullayev 2011-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Amnesty International həmin vaxt onun azadlığa buraxılmasını Azərbaycanda ifadə azadlığı baxımından “doğru istiqamətdə addım” adlandırıb.
O, 2009-cu ildə Jurnalistləri Müdafiə Komitəsinin – CPJ-nin Beynəlxalq Mətbuat Azadlığı mükafatına layiq görülüb.
Fətullayev həbsdən azad ediləndən sonra Haqqin.az saytını yaradıb. Sayt uzun illər Azərbaycan mediasında, xüsusilə rusdilli auditoriya üçün siyasi gündəmi formalaşdıran əsas platformalardan biri hesab olunub.