Hamımız sənə “balet” edəcəyik, “samuray”, bizi dərdlərimizdən qurtar!

Bizə Honda lazımdır?

Source: Meydan Tv


Bizə Honda lazımdır?

Dünya futbolunda tanınan futbolçuların karyeralarının qürub çağında çempionatları zəif olan ölkələrə üz tutması nümunələri az deyil. Bu günlərdə Azərbaycana – paytaxt Bakıya da yetərincə parlaq karyerası olmuş bir futbolçu təşrif buyurdu: Yaponiya milli komandasının keçmiş yarımmüdafiəçisi Keysuke Honda “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəldi. Artıq 34 yaşlı futbolçu tibbi baxışdan keçib və bu gün Bakı klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Hondanın “Neftçi”yə keçəcəyi haqda xəbərlər çıxmağa başlayandan Azərbaycanın futbol ictimaiyyəti iki hissəyə bölünüb: bu transferin lazımsız olduğunu düşünənlər və faydalı olacağına inananlar. “Honda “Neftçi”yə, Azərbaycan futboluna lazımdır, lazım deyil” sualına cavabı bir qədər sonra verərik. Əvvəlcə görək, kimdir bu Honda?


“Neftçi” futbolçu transfer edir, yoxsa baş məşqçi?

Yapon futbolçu müxtəlif vaxtlarda Niderlandda “Venlo”, “Vitess”, Rusiyada ÇSKA, İtaliyada “Milan”, Meksikada “Paçuka”, Avstraliyada “Melburn”, Braziliyada “Botafoqo” klublarında çıxış edib. Yaponiya yığmasında 98 oyuna çıxan yarımmüdafiəçi 37 qol vurub. Honda 2011-ci ildə keçirilən Asiya kubokunun ən dəyərli futbolçusu seçilib. O, 2018-ci ildə Yaponiya milli komandasındakı kayerasını bitirib. Honda, Çempionlar Liqasının 1/4 finallarında oynayan ilk yapon futbolçu ünvanını da daşıyır. O, bundan başqa, üç dünya çempionatında qol vuran, dünya çempionatları tarixində ən çox qol vuran ilk asiyalı futbolçudur.

Honda 2018-ci ildə, Avstraliyanın “Melburn” komandasında futbolçu kimi çıxış edən zaman Kamboca yığması ilə də razılıq əldə edib və millinin “sükanı arxasına” keçib. O, hələ də Kamboca yığmasının baş məşqçisidir (!).


Honda Azərbaycana qəpik-quruş qazanmağa gəlməyib!

Futbolçu kimi məşhurluğun zirvəsinə İtaliyanın “Milan” klubunda forma geyindiyi vaxtda çıxan Hondanın “Neftçi”yə keçidinə ağız büzənlərin əsas narazılığı onun yaşının çox olması və artıq milli komandada (Kamboca) baş məşqçi fəaliyyətinə başlamasıdır. Yəni “neftçilər” futbolçu transfer edir, yoxsa baş məşqçi? Haqsız sual deyil. Bir də, bu transferin koronavirus pandemiyasının hələ də hegemonluq etdiyi, hər sahədə olduğu kimi, futbolda da maliyyə problemlərinin yarandığı dövrə təsadüf etməsi məsələsi var. “Neftçi”nin nə qədər pulu var ki, ondan karyerasının qürub çağında olan yapon futbolçu üçün də xərcləyir? Təəssüf ki, klub Hondaya hansı məbləğdə pul ödənəcəyini açıqlamayıb və yəqin bundan sonra da açıqlamayacaq. Amma bir şey dəqiqdir ki, kifayət qədər parlaq karyerası olmuş, bütün dünyada tanınan bir futbolçu 8 klubdan ibarət zəif Azərbaycan çempionatına qəpik-quruş dalınca gəlməyib.

Mpenza
Mpenza


Boş stadionlar, boş xəyallar

Hondanın Bakı klubuna, ümumiyyətlə, Azərbaycan futboluna xeyir verəcəyi düşüncəsində olanların əsas arqumenti isə bu keçidin azərbaycanlı azarkeşlərdə çempionata böyük maraq oyadacağı, “Neftçi”nin yeni transferindən marketinq sahəsində yararlanacağıdır. Yanlış dəyərləndirmədir! Birmənalı olaraq yanlış! Hondadan əvvəl də Azərbaycana “ulduz” statusu ilə gələn futbolçular olub. Məsələn, elə həmin “Neftçi”də 2010-2012-ci illərdə belçikalı keçmiş futbolçu Emil Mpenza forma geyinmişdi. Almaniyanın “Şalke”, “Hamburq”, İngiltərənin “Mançester Siti” klublarında və Belçika millisində uzun müddət oynamış Mpenza.

Lap yaxın keçmişdə – 2019-cu ildə isə Bakının “Səbail” klubu “Çelsi”, “Milan” kimi komandalardakı çıxışı ilə bütün dünyada tanınan qanalı futbolçu Maykl Essyeni transfer etmişdi. Həm Mpenza, həm də Essyen Azərbaycana gələndə Honda kimi, “sütül oğlan” deyildilər, karyeralarının sonlarını yaşayırdılar. Mpenza Azərbaycan çempionatına üz tutanda 32, Essyen “Səbail”ə transfer olunanda 37 yaşında idi.

Formasını geyindikləri klublar, Azərbaycan futbolu onların transferlərindən nə qazandı? Bəlkə, Mpenzaya görə “Neftçi”nin, Essyenə görə “Səbail”in ev oyunlarında stadion ağzına kimi azarkeşlərlə dolu olurdu? Qətiyyən! Bəlkə, “Neftçi” Mpenzanın, “Səbail” də Essyenin transferindən milyonlar qazandı? Yenə də, qətiyyən! Marketinqə gəlincə, istənilən layihənin uğurlu olmasında insan faktoru əsasdır. Azərbaycan Premyer Liqasının oyunlarında stadionlar boş olursa (uzağı 300-500 azarkeş), hansısa uğurlu marketinq planlarından da danışmağa dəyməz. Stadiona getməyən azarkeş pul verib, Hondaya görə “Neftçi”nin formasını da almayacaq. Biz nədən danışırıq…


Daha böyük problemlər, dərdlər

“Neftçi” Keysuke Hondanı transfer etməklə cinayət törətməyib. Hətta axtarsan, yapon futbolçunun Azərbaycana gəlişində müsbət məqamlar, çalarlar da tapmaq olar. Ancaq yenə də, ilin-günün bu vaxtında, koronavirus pandemiyasının iqtisadiyyata ciddi şəkildə təsir etdiyi dönəmdə Honda üçün bir ətək pul xərləmək məsələsi sorğulanmalıdır. Axı bizim Hondadan daha böyük dərdlərimiz, problemlərimiz var. Azərbaycan Premyer Liqası 8 komandalı Bakı çempionatına çevrilib, rayonlarda stadionlar, bazalar, bütün futbol infrastrukturu çöküb, dağılıb. Bütün bu problemlər varkən zurna-qavalla Hondanı gətirmək lazım idimi? Yaxşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) həll etmədiyi, həllinə cəhd etmədiyi problemləri Honda həll etsin. Hamımız sənə “balet” edəcəyik, “samuray”, bizi dərdlərimizdən qurtar!

Ana səhifəXəbərlərHamımız sənə “balet” edəcəyik, “samuray”, bizi dərdlərimizdən qurtar!