Hakimiyyətin dəyişməsinin formulu

Səthi ifadə etsək, əhalinin sosial-iqtisadi və psixoloji durumu həlledicidir

Source: meydan tv

Cəmiyyət dinamikdir və daim dəyişir. Sosial inkişafın təbii axarı istənilən halda ümumi dəyişikliyi yetişdirir. Bu dəyişikliyi bir müddət yubatmaq mümkün olsa da onu tamamilə dayandırmaq mümkün deyil. Dəyişikliyin sosiologiyasını öyrənərkən aydın görünür ki, onun önünün süni şəkildə alınması olduqca ağır nəticələrə səbəb olur. Müasir dünyada müsbət dəyişikliyin taksanomiyası cəmiyyətlərin siyasi hazırlığından və seçki ilə hakimiyyətlərin təbii əvəzlənməsindən bilavasitə asılıdır.

Hakimiyyət dəyişikliyi prosesinin önü zorakı üsullarla alındıqda cəmiyyətin zəncirvari pozitiv inkişafından danışmaq olmaz. Cəmiyyətin bütün sahələrində ətalət, durğunluq, talançılıq və hüquqi nihilizm baş verir. Bu sindrom davam etdikcə konstruktiv münasibətlər sistemi tamamilə zədələnir. Kataklizmlərin baş verməsi ehtimalı yüksəlir. Cəmiyyət tədrici proseslərə deyil, ani hadisələrə daha həssas yanaşır və dağıdıcı meyllərə reaksiyası artır.

Ölkədə mövcud olan real sosial-siyasi mənzərəni analiz edərkən hakimiyyətin dəyişməsi ilə bağlı iki sadə formul üzərində dayanaq. Bunlardan biri hakimiyyətin özünün dəyişməsidir, digəri isə cəmiyyətin hakimiyyəti dəyişməsidir.


Hakimiyyətin özünün dəyişməsi necə baş verə bilər

?

Hakimiyyətin özünü dəyişməsi iqtisadi, siyasi və hüquqi islahatlardan keçir. Aydın siyasi iradə ortaya qoyaraq ilk növbədə özü bu dəyişikliyə qərar verməlidir. Hakimiyyət bu dəyişikliyi istəyirmi? Real durum nədən ibarətdir? Ölkə müxalifəti və ictimaiyyət belə dəyişikliyə necə yanaşır?

Bu günün reallıqlarından baxsaq hakimiyyətin belə bir istəyi yoxdur. Antidemokratik seçkilərlə hakimiyyətə yiyələnən qrupların özünü könüllü dəyişməsi təcrübəsinə çox nadir hallarda rast gəlinir. Ölkənin bütün sahələrinə total nəzarət sistemi üzərində qurulan idarəetmə yerli və mərkəzi idarəçilərə elə geniş imtiyaz və komfort verib ki, bundan imtina edilməsi çox çətin təsəvvür olunur.

Eyni zamanda aşağı və orta məmurlar, büdcədən maliyyələşən şəxslər, habelə cəmiyyətin qismən məşğul təbəqələri də mövcud reallıqların dəyişməsinə hələlik açıq maraq göstərmirlər. Hərdən sosialyönlü kortəbii narazılıqlar və kiçik etirazlar baş versə də irimiqyaslı sosial dalğaya keçməsi müşahidə edilmir.

Hakimiyyət müxalifətin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən etiraz mitinqlərinin də qarşısını ala bilib. Qanunsuz məhdudiyyətlər və qadağalar tətbiq etməklə müxalifətə süni əngəl yaradıb.

Həmçinin beynəlxalq münasibətlərdə arabir təzahür edən gərginlikləri də bəzi kosmetik addımlarla dəf etmək hələlik mümkün olur. Beynəlxalq ictimaiyyətin hökumətə təzyiqləri ilə cəmiyyətin reaksiyası arasında mütənasiblik olmadığına görə istənilən gərginlik ölkədə siyasi fəallığa səbəb olmur.

Ölkə müxalifəti hakimiyyətin gerçək islahatlar yolu ilə dəyişməsində maraqlı olduqlarını dəfələrlə bəyan edib. Ancaq qarşılıqlı etimad və əməkdaşlıq müstəvisi olmadığına görə bu istiqamətdə dialoq yoxdur.

Hakimiyyət belə hesab edir ki, onun limiti bitməyib. Hələ ki gerçək islahatlar aparmadan da bu şəkildə davam etmək mümkündür.


Cəmiyyətin hakimiyyəti dəyişməsi mümkündürmü?

İlk növbədə bu istiqamətdə də bəzi suallara cavab axtaraq.

Cəmiyyətin hakimiyyəti dəyişməsi üçün nə lazımdır? Belə bir dəyişiklik yetişibmi və nə qədər realdir?

Ölkə Konstitusiyasında hakimiyyətin mənbəyi xalqdır və bu iradənin seçkilərlə ifadə edilməsi qanunvericilikdə təsbit olunub. Lakin reallıq ondan ibarətdir ki, ölkədə beynəlxalq standartlara cavab verən demokratik seçkilərin keçirilməsi ciddi problem kimi mövcuddur. Yalnız müxalifətin bəyanatlarında deyil, eyni zamanda bütün nüfuzlu beynəlxalq hesabatlarda da hakimiyyətin seçki ilə dəyişməsinin mümkünsüzlüyü dəfələrlə qeyd edilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və digər nüfuzlu qurumların hesabatlarında və qətnamələrində bu fakt ifadə olunub. Hakimiyyətin qanun çərçivəsində dəyişəcəyinə cəmiyyətin də inamı köklü şəkildə sarsılıb.

Nəzəri baxımdan ümumxalq iradəsi istənilən hakimiyyəti dəyişdirməyə qadirdir.

Cəmiyyətin fəal iştirakı ilə baş tutan məxməri inqilabların oxşar və fərqli tərəfləri var. Burada bir sıra amillərin rolu və təsirləri dəqiq öyrənilməlidir.

Səthi ifadə etsək, əhalinin sosial-iqtisadi və psixoloji durumu həlledicidir.

Cəmiyyətdə hüququn və azadlıqların məhdudlaşdırılması, işsizliyin və yoxsulluğun artması, habelə, ayrı-seçkiliyin, təbəqələşmənin, korrupsiyanın, rüşvətin və inzibati zorakılığın doğurduğu gərginlik inqilabi dəyişiklik üçün münbit zəmin hazırlayır.

Həmçinin cəmiyyətin siyasi proseslərdə fəal və ardıcıl iştirakının əsas şərtlərindən biri də alternativ müxalif siyasi qüvvənin formalaşmasından keçir. Xüsusilə də müxalifətin təşkil etdiyi dinc etirazların vahid güc mərkəzi tərəfindən idarə edilməsi siyasi proseslərin uğurlu inkişafına gətirib çıxara bilir. Təsadüfi deyil ki, hakimiyyət də bütün vasitələrlə müxalifətin sırasından lokomotiv təşkilatın yaranmasının və davamlı olaraq öndə görünməsinin qarşısını almağa çalışır. Müşahidələr göstərir ki, hakimiyyətin basqılarına baxmayaraq, artıq bu istiqamətdə də nəzərəçarpan meyllər var.

Habelə, iqtidarın daxilində də ənənəvi münasibətlər sisteminin pozulması cəmiyyətdə sosial-siyasi fəallığa səbəb olur. Məhz 2016-cı ilin 26 sentyabr referendumundan sonra ənənəvi idarəetmə konyukturası tədricən dəyişir. Hakimiyyətə ciddi təsir imkanları olan maraq qruplarının mövqeyi qismən zəifləyib.

Eyni zamanda regional və qlobal beynəlxalq güclərin siyasi-iqtisadi və təhlükəsizlik maraqlarından doğan xarici təsirlər də inqilabi dəyişikliklərdəki ciddi amillərdən biridir. Ölkəmizin yerləşdiyi coğrafiyada cərəyan edən hərbi-siyasi proseslər, onun yaratdığı mövcud reallıqlar ölkədə gərginliyi daha da artıra bilər.


Son olaraq

Son olaraq, qeyri-azad ölkələrdə baş verən inqilabi dəyişikliklərin nəticəsi oxşar olsa da onun nə zaman və necə baş verəcəyini proqnozlaşdırmaq mümkün olmur.

Cəmiyyətdəki sosial-psixoloji durumun dərin analizi göstərir ki, ölkəmizdə narazılıq və gərginlik sürətlə artır. Əhalinin siyasi fəallığına təkan olan və sosial dalğa yarada bilən amillərin tam və ya qismən yetişməsi diqqət çəkir. Dövlət-vətəndaş münasibətlərində etimadsızlıq yüksəlir. Zorakılığa söykənən ənənəvi siyasət cəmiyyətdə itaətə deyil, etiraza səbəb olur. Bələ halda hakimiyyətin dərin və köklü islahatlarla dəyişməsi cəmiyyətin hakimiyyəti inqilabi yolla dəyişməsindən daha vacibdir.

Ana səhifəAnalitikaHakimiyyətin dəyişməsinin formulu