Müxalifəti ağır repressiyalar gözləyir
Azərbaycanda avtoritarizmdən totalitar idarəçiliyə keçid başlayıb. Milli Məclisdəki son müzakirələr “seçkidə iştirak etməyən siyasi partiyalar”ın ləğvinə yönəlib. İqtidar müxalifəti birdəfəlik unutdurmaq, müxalifətlə bağlı hər hansı ictimai fikir yaranmasının qarşısını almaq yolunu seçib.
Dövlət başçısı son çıxışında da AXCP və Müsavatı sərt şəkildə tənqid etdi. Siyasi rəqibin gözdən salınmasında qeyri-adi heç nə yoxdur. Lakin sadə obıvatel üçün anlaşılmaz məqamlar mövcuddur. “Kim haqlıdır” sualı aktualdır. Siyasi proseslərdə nisbətən seyrçi mövqe tutanlar üçün bu suala cavab canlı yayımda izlənillə biləcək debatlarda tapıla bilərdi. Siyasət eyni zamanda bir şoudur. Bir əyləncədir. Bu baxımdan, milyonlarla insan biri-birlərini ittiham edən siyasi xadimlərin üzbəüz qarşılaşmasını və müzakirə aparmasını arzulayır. Debat, müzakirə istənilən halda küçə və meydanlarda şüar söyləməkdən daha məqbul variantdır. Bu baxımdan, hakim siyasi elita ilə müxalifət liderlərinin və yaxud ölkənin bank-maliyyə sektoruna rəhbərlik edənlərlə müstəqil iqtisadçıların tele-debatlarının təşkili proseslərin “Yaxın Şərq modeli” üzrə inkişafının da qarşısını ala bilərdi. Məhz tele-debatlarda “kim haqlıdr”, “kim ölkəni idarə etməyə layiqdir” suallarına cavab tapıla bilərdi. Lakin Azərbaycanda, bu, mümkün deyil və baş verənlərə də bu kontekstdən yanaşmaq gərəkdir. Məsələ ondadır ki, avtoritar və totalitar rejimlərdə repressiyalar qaçılmaz olur və heç bir debatlara imkan verilmir. Bu gün Azərbaycanda da məhz bu baş verir. Sağdan və soldan bütün rəqiblərindən xilas olmuş Azərbaycan hakimiyyəti artıq hər hansı fərqli fikri dözülməzlik kimi qəbul edir. Partiyalarla bağlı qanunun yenidən gündəmə gəlməsi də ölkədə müxtəlif fikirliliyin nişanələrini aradan qaldırmağa yönəlib. Bu baxımdan, hamının gözlədiyi tele-debatların baş tutmayacağı, əksinə hakimiyyətin bundan sonra da siyasi rəqibləri ilə daha sərt metodlarla danışacağı ehtimalı olduqca yüksəkdir.
Burada bir amilə də diqqət yetirmək lazım gəlir. Demokratik ənənələri olan ölkələrdə siyasi partiyaların üzvlərinin sayı, onların ölkədə keçirilən seçkilərdə iştirakı, səsvermələrdə aldıqları səslərin sayı, parlamentdə təmsilçilik səviyyəsi və cəmiyyətdəki nüfuzu əsas amillərdən sayılır. Azərbaycanda isə hamının, heç olmasa çoxluğun nəticələrini şübhə altına almadıqları bir seçki belə keçirilməyib.
Azərbaycanda keçirilən son parlament seçkilərinin nəticələri cəmiyyətin mühüm bir hissəsi tərəfindən şübhəyə alınmaqla yanaşı, partiyaların Milli Məclisdə təmsilçilik prinsipinə görə maliyyələşməsinə də imkan vermir. Bir sözlə, siyasi mübarizənin parlament səviyyəsində aparılması artıq imkansızdır. İstənilən halda, siyasi müstəvinin dağıdılması, siyasi partiyaların sıradan çıxarılmasına cəhdlər hakimiyyətin əsas məqsədlərindən hesab oluna bilər. Hakimiyyət texnoloqları müxalifətə münasibətdə şirnikləndirici təkliflərə üstünlük verməyi də artıq əhəmiyyətsiz hesab edirlər. Görünən budur ki, iqtidar siyasi rəqiblərinə qarşı ən zorakı metodlardan bəhrələnməyi planlaşdırır. Lakin artıq hakimiyyət monolit deyil. Bir-birləri ilə amansız savaş aparan tərəflərin hər biri baş nazir kürsüsünü hədəf seçib. Zorakı metodlarla mübarizə aparmağın tərəfdarı olanlar özlərini dövlət başçısının gözündə daha sədaqətli göstərmək istəyirlər və bu yolla da baş nazir kürsüsünə daha yaxın olacaqlarını nümayiş etdirirlər. Burada bir məqama da toxunmaq lazım gəlir.
Son vaxtlara qədər hakimiyyət rəqiblərinə qarşı fəaliyyəti vahid mərkəzdən idarə edirdi. Bu sahə ilə bağlı özfəaliyyət yolverilməz hesab olunurdu və bunun xaosa yol açacağı düşünülürdü. İndi isə sanki bir özfəaliyyət hökm sürür və hakimiyyətdaxili qruplar bir-birlərini bitirməyi planlaşdırır. Bölgələrdə baş verən son hadisələr də sübuta yetirdi ki, bütün zorakı metodlar insanlara öz sözlərini açıq şəkildə bildirməyə mane olmur. Hər gün daha çox insan hakimiyyəti kəskin tənqid edir. İqtidar elektorat itkisindən narahat olmağa başlayıb. Bütün bunlardan nəticə çıxarmaq əvəzinə iqtidar daha sərt idarəçiliyə üstünlük verir. Hakim siyasi elita repressiyaların miqyasını genişləndirmək və hamını diz çökdürmək niyyətindədir. Bütün bunlar isə ölkədəki narazılıqları daha da artırır və sabitliyin pozulacağı gün uzaqda görünmür. Bu dəfə sabitliyi müxalifət deyil, 2018-ci ili hədəf alan hakimiyyətdaxili qruplar poza bilər. “Hakim elitadan prezidentliyə növbəti namizəd kim olacaq” sualı o dərəcədə aktualdır ki, ölkə rəhbərinin özü suqsvanq vəziyyətinə salınıb. Artıq nəyisə dəyişmək də qəlizdir. Seytnot təhlükəsi reallaşmaqdadır…