Fevralın 2-də Tbilisidən Qərbi Gürcüstana gedən yolu bağlamağa cəhd edən minlərlə etirazçı polis zorakılığı ilə üzləşdi.
Gürcüstanda üçüncü aydır ki, davam edən etirazların tələbləri dəyişməz olaraq qalır: yeni parlament seçkilərinin keçirilməsi və mitinqlərdə həbs edilmiş 50-dən çox insanın dərhal azad edilməsi.
Etirazçılar Qərbi Gürcüstandan Tbilisiyə gedən əsas magistral yolu bağlamaq istəyirdilər. Amma bir gün əvvəl “Gürcü arzusu” hökuməti təcili olaraq xüsusi fərmanla bu magistral yolu “strateji obyektlər” siyahısına daxil etdi. Bu isə o deməkdir ki, yolu bağlayanlar cinayət törətmiş sayılır.
Polis etirazçılara magistral yolu bağlamağa imkan vermədi. Bununla belə, bir neçə nəfər, o cümlədən Tbilisinin keçmiş meri Gigi Uqulava, “Dəyişikliklər naminə” koalisiyasının lideri Nika Melia və fəal Dima Bidzinaşvili saxlanıldı.
Həmçinin başından və üzündən zədə alan beş nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xalq müdafiəçisi Levan İoseliani də dünən polis zorakılığı məsələsinə toxundu.
“Biz polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətini pisləyirik və dinc nümayişçilərə qarşı kobud rəftarın hər bir halına görə hüquqi tədbirlər görüləcək”, – Ombudsman Aparatının bəyanatında deyilir.
Gürcüstanın paytaxtı Tbilisi və ölkənin digər şəhərlərində 67 gündür etirazlar davam edir.