Gürcüstanda etiraz aksiyalarında 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb

Gürcüstanda etiraz aksiyaları. Foto: Mariam Nikuradze

Çoxlu sayda etirazçınrın döyüldüyü bildirilir

Gürcüstanda etiraz aksiyalarının ikinci gecəsində Tbilisinin mərkəzində 107 nəfər saxlanılıb

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Nazirlik bildirir ki, həbslərə səbəb polis əməkdaşlarının tələbinə tabe olmamaq və xırda xuliqanlıq (Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri) hallarıdır.

Həmçinin qeyd olunur ki, Rustaveli prospektində parlament binası yaxınlığında keçirilən aksiya “Mitinqlər və nümayişlər haqqında” qanunla müəyyən edilmiş “normaları aşıb”.

Məlumatda qeyd olunur ki, etirazlar zamanı 10 polis əməkdaşı yaralanıb.

Gürcüstanda etiraz aksiyaları. Foto: Mariam Nikuradze

“NewsGeorgia” yazır ki, çoxlu sayda döyülmüş etirazçılar var.

Daxili İşlər Nazirliyi isə bunu təkzib edir.

Nazirlik bildirir ki, mitinqin dağıdılması təxminən 7 saat davam edib. Təhlükəsizlik qüvvələri su şırnaqlarından, gözyaşardıcı qazlardan və digər xüsusi vasitələrdən istifadə ediblər.

Daxili İşlər Nazirliyi iddia edir ki, aksiya iştirakçıları polisə şifahi və fiziki müqavimət göstərib, onlara müxtəlif əşyalar, daşlar, şüşə butulkalar, pirotexniki vasitələr atıblar.

Gürcüstanda etirazlar noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etdiyini bəyan etməsindən sonra başlayıb. Xüsusilə, minlərlə etirazçı Tbilisidə parlament binası qarşısındakı meydana toplaşıb.

Gürcüstanda etiraz aksiyaları. Foto: Mariam Nikuradze

Noyabrın 29-na keçən gecə polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə etirazçıları dağıtmağa başlayıb.

Səhərə yaxın təhlükəsizlik qüvvələri parlament binasının ərazisindəki Rustaveli prospektini təmizləyərək, qalan iştirakçıları Birinci Respublika Meydanına qovub.

Gürcüstan Xarici İşlər Nazirliyinin əməkdaşları ölkənin Avropaya inteqrasiyadan imtina etməsinə etirazlarını bildiriblər. Onların açıq məktubunda bildirilir ki, Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin elan etdiyi 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etməsi “ölkənin strateji maraqlarına uyğun gəlmir”.

Ana səhifəDünyaGürcüstanda etiraz aksiyalarında 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb