Gürcüstan məhkəməsi hökumət əleyhinə fəal Tornike Toşxuanı hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin ünvanına təhqiramiz ifadə yer alan (dick -red.) plakatı etiraz aksiyasında qaldırdığına görə beş sutka həbs cəzasına məhkum edib. Toşxua cəmi bir neçə gün əvvəl də eyni hərəkətə görə saxlanılmış, lakin 3 min lari (1 100 dollar) məbləğində cərimə edilərək sərbəst buraxılıb.
OC Media yazır ki, Toşxua ilk dəfə iyulun 26-da saxlanılıb. Həmin vaxt o, İvanişvilinitəhqir edən plakat tutmuşdu. İyulun 31-də ikinci dəfə saxlanıldığı gün isə o, oxşar plakat hazırlamışdı, lakin bu dəfə plakatda gürcü dilində həmin təhqiramiz sözün yalnız ilk hərfi göstərilmişdi.
Fəalın məhkəmə iclası bazar günü keçirilib və ona beş sutka inzibati həbs cəzası verilib. O, ictimai yerdə təhqiramiz ifadə işlətməklə xırda xuliqanlıq törətməkdə təqsirli bilinib.
Hər iki saxlanma Tbilisinin mərkəzindəki Azadlıq meydanında, Şəhər Şurasının binası qarşısında baş verib. İlk hadisədən sonra digər fəallar Toşxua ilə həmrəylik nümayiş etdirmək məqsədilə eyni plakatları qaldırıblar. Onlar da saxlanılıb, bəziləri sonradan cərimələnib, digərlərinə isə inzibati həbs cəzası verilib.

Bu, Toşxuanın ilk dəfə həbs olunması deyil. O, 2025-ci ilin avqustunda digər etirazçı Mindia Şervaşidze ilə birlikdə cinayət məsuliyyətinə cəlb edildikdən sonra doqquz aydan çox həbsdə qalıb. Daha sonra onlar “Gürcü Arzusu” tərəfdarına hücum etməkdə təqsirli biliniblər. Hər iki etirazçı ittihamı rədd edib.
Gürcüstan polisinin etiraz plakatlarına görə insanları saxlaması uzun tarixə malik olsa da, təhqiramiz ifadələrə görə – xüsusilə sosial media paylaşımları ilə əlaqədar – cəzalar 2025-ci ildən sonra daha geniş yayılıb. Həmin il hakim partiya və onun müttəfiqləri dövlət və siyasi vəzifəli şəxslərin təhqir edilməsini qadağan edən qanun qəbul ediblər.
Bu praktika 2026-cı ilin iyunundan etibarən Daxili İşlər Nazirliyinin tərkibində yeni idarənin yaradılmasından sonra daha da genişlənib. Rəsmi olaraq idarənin məqsədi nifrət nitqi ilə mübarizə aparmaqdır, lakin tənqidçilər onun senzuranı gücləndirmək üçün yaradıldığını bildirirlər.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.