İqtisadçı: “Hər an partlamaya hazır bombanın üstündə oturmuşuq”
Gürcüstanın hakim partiyasının təyin etdiyi Baş nazir İrakli Kobaxidze noyabrın 28-də Avropa İttifaqına inteqrasiyanın dayandırıldığını rəsmən elan etdikdən sonra ölkənin iqtisadi sabitliyi ciddi təhlükə altında qalıb.
Məsələn, larinin məzənnəsi dərhal aşağı düşməyə başlayıb və bir neçə gün ərzində 13 tetri həcmində dəyərini itirib.
Tbilisinin və Gürcüstanın digər şəhərlərinin küçələrində artıq üç həftədən çoxdur ki, avropayönlü etiraz aksiyaları gedir. On minlərlə insan Avropaya inteqrasiya kursunu müəyyən edən Konstitusiyanın müdafiə olunmasını və ölkədə hakimiyyətin qanuni şəkildə dəyişməsinə imkan verəcək yeni parlament seçkilərinin keçirilməsini tələb edir.
Müxalifət, Prezident, həmçinin ictimaiyyət oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını hesab edir, nə parlamentin, nə də onun seçdiyi hökumətlə yeni Prezidentin legitimliyini tanımır.
Hakimiyyət baş verənlərə dinc nümayişləri amansız şəkildə dağıtmaqla, aksiyada iştirak edənləri döyməklə və həbs etməklə cavab verir.
Yaranmış vəziyyət ölkəni getdikcə dərinləşən siyasi böhrana sürükləyir ki, o da öz növbəsində ölkə iqtisadiyyatı üçün də təhlükə doğurur. Polis zorakılığı və qanunun kobud şəkildə pozulması Qərbin Gürcüstan hökuməti üzvlərinə mümkün sanksiyaların miqyasını da artırıb.
Bundan belə Gürcüstan iqtisadiyyatını nə gözləyir? “JAMnews” bu və digər sualları International Transparency-Georgia-nın iqtisadi şərhçisi Beso Namçavadzeyə ünvanlayıb.
Ölkədə artıq iqtisadi böhranın əlamətləri varmı?
“Hazırda Gürcüstanda iqtisadi böhran yoxdur, amma risk o qədər artıb ki, o hər dəqiqə başlaya bilər, sanki hər an partlamaya hazır bombanın üstündə oturmuşuq.
Vəziyyətin iqtisadi böhranadək gedib çıxması müstəsna şəkildə Qərbin sanksiyalarından asılıdır.
Əgər bu sanksiyalar olmayacaqsa və ya böyük miqyasda olmayacaqsa, o zaman iqtisadi yüksəlişin tempi aşağı düşəcək, lari hansısa dərəcədə dəyərsizləşəcək, amma böhran olmayacaq.
Böhran zamanı iqtisadiyyat geriləyir, işsizlik artır, dövlətin borcu çoxalır, eyni zamanda bahalaşma gedir və s.
Son aylar göstərdi ki, Gürcüstan iqtisadiyyatı sanksiyaların qarşısında gücsüzdür. ABŞ Dövlət Departamenti sanksiyalardan danışmağa və onları bir neçə nəfərə qarşı tətbiq etməyə başlayan kimi, larinin məzənnəsi dərhal aşağı düşdü, TBS Bank və Bank of Georgia-nın səhmləri isə London fond birjasında ucuzlaşdı.
Belə görünür ki, əhalinin və xüsusilə biznesin gözləntiləri əməlli-başlı narahatlıq doğurur. Çoxları sanksiyaların ölkədə böhrana gətirib çıxaracağını düşünür.
Ümumiyyətlə, bu gün ABŞ və Avropa İttifaqının əlində Gürcüstan iqtisadiyyatını böhran vəziyyətinə salmaq və hökuməti ağır bədəl ödəməyə məcbur etmək üçün bütün rıçaqlar var.
Amma onlar yenə də hesab edirlər ki, seçiləcək sanksiyalar Gürcüstan əhalisini deyil, bununla məşğul olanları, zorakılıqları, korrupsiyanı törədənləri, dövlət qurumlarını qanunsuz zəbt edənləri birbaşa cəzalandırmalıdır.
Gürcüstanın Qərbdən çox asılı olan, elə də böyük olmayan açıq iqtisadiyyatı var. Gürcüstana 8-9 milyard dollar Qərb ölkələrindən gəlir. Bu məbləğə mühacirlərin köçürdükləri vəsait, ixracat, turizm, sərmayələr, dövlət və özəl kreditləri, qrantlar və s. daxildir.
Bu, demək olar ki, Gürcüstan iqtisadiyyatının üçdə biridir.
Ancaq ən əsası, sanksiyaların nə olacağıdır. Sadəcə “Gürcü arzusu”nun yüksək rütbəli məmurları üçün viza məhdudiyyətinin tətbiqi böhrana səbəb olmayacaq.
Bununla bəzi iqtisadi problemlər meydana gələcək, amma onlar sistemi dağıdacaq qədər güclü olmayacaq.
Amma viza məhdudiyyətləri ilə yanaşı, maliyyə sanksiyaları da tətbiq edilərsə, bu həm sanksiyaya məruz qalan şəxslərə, həm də bütün ölkə üçün daha problemli olacaq.
Fərz edək ki, maliyyə sanksiyaları baş nazirə və digər yüksək rütbəli məmurlara tətbiq edilib. Bu sadəcə fərdi sanksiya deyil və o, ölkənin ümumi iqtisadi vəziyyətinə təsir edəcək.
- Potensial nəticələrdən biri – Gürcüstan yüksək riskli ölkələr siyahısına daxil olacaq və səhmdarlar ondan qaçacaq.
- Xarici hökumətlərdən gələn qrantlar, böyük ehtimalla, kreditlər də tamamilə dayandırılacaq.
- Bank sektoru böyük təzyiq altına düşəcək, beynəlxalq əməliyyatlar isə çətinləşəcək.
- Milli Bankın Qərbin sanksiyalarına qarşı qəbul etdiyi yeni norma böyük mənfi rol oynayacaq. Bu yeni qayda Gürcüstan məhkəməsinin müvafiq qərarı olmadan Gürcüstan banklarına ölkə vətəndaşlarına qarşı yeridilən Qərb sanksiyalarını tətbiq etməyi qadağan edir.
Bu isə bankları çox çətin vəziyyətə salacaq. İflasa uğrayan adamların sayı çoxaldıqca onların da baş ağrısı artacaq.
Gürcüstanda baş verən hadisələri tez-tez Belarusla müqayisə edirlər. Bununla belə, Gürcüstanı sanksiyalar baxımından Belarusla yaxından da müqayisə etmək olmaz. Belarus çox ciddi sanksiyalar altındadır. Onların böyük bir hissəsi Ukraynadakı müharibədə Belarusun Rusiyaya kömək etdiyinə görədir və buna görə də Gürcüstanla eyni şeyin olacağı gözlənilmir.
Amma burda bir şeyi də diqqətə çatdırmalıyıq ki, Belarus lap əvvəldən Qərbdən daha az asılıdır, Rusiyadan isə tamamilə asılıdır. Buna görə də o, sanksiyalara birtəhər dözür, hərçənd hətta rəsmi məlumatlara görə, son 10 ildə Belarusda durğunluq müşahidə olunur – iqtisadiyyat inkişaf etmir.
Bütün bunlar çox ciddi tədbirlərdir. Gürcüstan iqtisadiyyatı ona tab gətirməyə bilər
Ən pis ehtimalda Gürcüstan hökuməti Qərb pullarını Rusiya və Asiya ölkələrinin pulları ilə əvəzləyə bilər ki, bu da ölkə əhalisinin daha çox qəzəbinə səbəb olacaq. Amma Asiya ölkələri də sanksiyaya məruz qalan ölkə ilə əməkdaşlıqdan qaçacaq. Ən azı, belə bir çıxış yolu dəqiq tez başa gələ bilməz; bu çox vaxt aparacaq”.