Günahlarımın cəriməsini ödəyirəm

Mənim sevgilim Günəş…

Source:

Onurğamdan aldığım travmadan sonra bədənim tərləmək qabiliyyətini itirib.  Şiddətli ağrılar olanda tərləyirəm ancaq. Yoxsa 40 və ya 50 dərəcə günəş altında oturum, heç tərləmirəm. Əvəzinə, o saat qızdırmam qalxır, sərin olan kimi qızdırma aşağı düşür. Səbəb onurğamda termonizamın pozulmasıdır. Yayı qızdırma ilə keçirtsəm də, GÜNƏŞi sevirəm. Bu işə inanc prizmasından baxsaq, qızdırma ilə günahlarımın cəriməsini ödəyirəm  Atam tərləməməyimə görə mənə Robocop deyir

Yayı çox sevirəm. İlan ilində anadan olmuşam. Bilirsiz, ilanlar istiyə meylldilər. Havalar isinən kimi, torpağın altından çıxırlar. Əlil arabasında oturduğum üçün qan dövranım çox zəif işləyir. Düzdür, soyuq havalarda da həyətə çıxıram. Amma həyətdə bir saatdan artıq qalan kimi, üşüməyə başlayıram. Məhz buna görə, qışda adətən qapalı yerlərdə olmağa üstünlük verirəm. Özünüz bunu bir növ yoxlaya bilərsiniz. Gəzərkən əzələriniz hərəkət etdiyi üçün, qan dövranınız yaxşı işləyir. Əgər siz soyuq havada, açıq bir yerdə tərpənmədən, otursanız tez üşüməyə başlayacaqsınız.

Əlil arabasından istifadə edən şəxslərin vəziyyəti elə bu cürdür. Soyuq havalarda gedə biləcəyim bir neçə məkan var. Oralardan da bezirəm. Nəzərdə tutduğum yerlər şəhərin mərkəzində yerləşən “Park bulvar” və ”28 mall”-dır. Təəssüf ki, başqa alternativimiz yoxdur. Havalar isti olanda isə saatlarla açıq havada oluram, heç bir rahatsızlığım olmur. Gedib doyunca dənizə baxıram, günəşlənirəm. Günəşdən heç doymuram. İndi payızdır. Bu yazını üşüyə-üşüyə yazıram. Biilsəniz, yayı necə özləmişəm.

Qəzadan sonra bir ilə yaxın həyətə çıxmamışdım. Çünki  hələ əlil arabasına otura bilmirdim. Bir dəfə əmim qızının doğum gününə getmişdim. Orda çoxdandır görmədiyim qohumlardan biri məndən soruşdu ki, “Aaa, Orxan! Sən ağarmısan, yoxsa ağ idin!?” Qohumum  heyrətlənməyində haqlı idi. Mən ağ dərili olsam da, travma almamışdan qabaq, gəzən vaxtlarımda o qədər həyətdə-bacada gəzirdim, açıq havada, günəş altında o qədər olurdum ki, dərim qaralırdı.

Yayda həyat canlanır. Getdiyim yerlərdə insanları görürəm. Bu məni çox sevindirir. Yaya olan daha özəl sevgim isə gözəl xanımlarımıza görədir. Onları daha gözəl şəkildə, açıq libaslarda görmək və onların gözəlliklərindən zövq almaq ruhuma can verir.

Məlumat üçün qeyd edim ki, planetlərdə baş verən proseslərdə günəş enerjisinin əhəmiyətli rolu vardır, yer kürəsi üzərində canlı həyatın mövcudluğu bu enerji ilə birbaşa bağlıdır. Günəşin səthində hərarət selsi ilə 6000 dərəcədir.

Günəş süaları sinir sistemimə müsbət təsir göstərir. Günəş süalarının təsiri nəticəsində əhval-ruhiyyəm yüksəlir. Günümü daha lap yaxşı keçirmək istəyəndə, yuxudan tez durub və günəşin çıxmasını müşahidə edirəm. Qaranlığın get-gedə qeybə çəkilməsini və günəşin doğmasını müşahidə etməkdən gözəl heç nə ola bilməz. Bu həyəcanlı ruhi vəziyyətdir.

Həkimlər deyir ki, gün işığının şüaları əzələləri boşaldır, eyni zamanda da əzələ tonusunu artırır.

Günəş şüalarının ürək qan-damar sisteminə təsiri fiziki məşqlər qədər əhəmiyyətlidir.

Günəş vannası qəbul etməyi çox sevirəm. Bir yerdə oxumuşdum ki, dərinin və selikli qişaların yaratdığı mexaniki sədlər bu işdə böyük əhəmiyyət kəsb edir. Günəş süaları bağırsaq sistemini normallaşdırır. Bu mənim kimi fiziki məhdudiyyətli insanlar üçün çox önəmlidir. Hər birinizə sağlamlıq arzu edirəm. Qəlbiniz və üzünüz hər zaman günəş işığı kimi saçsın.

Ana səhifəMənim FikrimcəGünahlarımın cəriməsini ödəyirəm