Gülər Əhmədovanın məhkəməsi başladı

Gülər Əhmədova Cəmil Həsənlini, ABŞ-ı və ATƏTi ittiham edib, Elşad Abdullayevə “təşəkkürünü bildirib”.

Source:

Oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Hakim Əlisultan Osmanov məhkəmə zalında video və foto çəkilişlərə icazə verməyib. Jurnalistlər zala ciddi yoxlanışdan sonra buraxılıblar. Zalda boş sıralar olsa da, Gülər Əhmədovanın çoxsaylı qohumları da giriş qapısının önündə qalıblar.


İlk öncə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib.

O, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, barəsində yayılan videomateriallar əsassız olduğundan onların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verib. Vəkil eyni zamanda Gülər Əhmədovanın ifadəsi təhrif olunduğu üçün sübutlar siyahısından çıxarılmasını, Sevinc Babayevanın ona göndərdiyi mesajların sübut kimi qəbul edilməsini istəyib.


Daha sonra Dövlət ittihamçısı Eldar Həmzəyev söz alıb.

Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətlərə münasibət bildirərkən deyib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin oluna bilməz, çünki Gülər Əhmədova gizlənə, məhkəmədən yayına bilər. Prokuror deyib ki, videomateriallar ekspertizadan keçirilib və onların montaj edilmədiyi məlum olunub. Bu vəsatətlər də təmin oluna bilməz.


Sonra Gülər Əhmədova çıxış edib.

O bildirib ki, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini azyaşlı oğluna görə istəyir: “Mən hara qaça bilərəm, niyə qaçmalıyam? Əlimdə pasportum da yoxdur. 8 yaşlı oğlum on aydır anasız qapılarda qalıb. Sona kimi mübarizə aparacağam və sübut edəcəyəm ki, məni şərləyiblər. Mənim Sevincdən, Elşaddan imkanlarım heç də az deyil. Elə bilirsiniz, ABŞ-dan, Fransadan sığınacaq ala bilmərəm? İfadə verəndə mənə psixoloji və fiziki təzyiq olunub. Nüfuzuma xələl gəldiyi, təzyiqlərdən yorulduğum üçün Elşad Abdullayevə pulu qaytaracağım barədə ifadə verdim. Qazaxda alt paltarlarımı yola töküb, disk axtardılar. Xahiş edirəm, danışanda Allahı görün”.


Gülər Əhmədova Cəmil Həsənlini, ABŞ-ı və ATƏTi ittiham edir

“ABŞ Dövlət Departamenti və ATƏT öz hesabatlarında məni cinayətkar adlandırıb. Məhkəmə qərarı olmadan nə haqla cinayətkar adlandırılmışam? 10 ayda daha çox prezident seçkiləri ərəfəsində əsəb keçirdim. Özlərini demokratiyanın təntənəsi adlandıran adamlar, Cəmil Həsənli efirdə məni mandat alverçisi adlandırdı. O, 9 milyonluq xalqın, ailəmin və anamın qarşısında bunları deməklə ailə nüfuzuma xələl gətirib”.


Gülər Əhmədova Elşad Abdullayevə təşəkkür edir

Daha sonra prosesdə Elşad Abdullayevin məhkəməyə ünvanlanmış məktubu oxunub. Məktubda E. Abdullayev məhkəmədən zərərçəkmiş kimi tanınmasının, ona dəymiş 1 milyon manat ziyanın ödənilməsinin təmin olunmasını istəyib. Lakin prokuror məktuba münasibət bildirərək deyib ki, bu məsələlər əsassız olduğu üçün təmin oluna bilməz.

G. Əhmədova isə bu məktuba görə E. Abdullayevə təşəkkür edib: “Mənə endirim edib, 2 milyondan 1 milyona düşüb. Fransız şərabından içib kefi yaxşı olanda, belə endirimlər edir. Onun fikirləri absurddur”.

Prosesin baxış iclası oktyabrın 28-nə təyin olunub.

Ana səhifəXəbərlərGülər Əhmədovanın məhkəməsi başladı