Fermerlər deyir ki, məmurların məhsulunun satışı üçün şərait yaradılır, onların məhsulu tökülüb qalır
Heyva və xurmanın mövsümü olduğundan bazarda bolluqdur. Regionlarda isə meyvələr ya ucuz qiymətə satılır, ya da bağlarda batır. Bakıdakı iri marketlərdə Ordubaddan gətirilən heyvanın kiloqramı 7.50 manata satılsa da, əyalətdə bu rəqəm 1-2 manatı keçmir.
“Bazarda məhsul tələbdən çoxdur deyə, ucuz satılır”
Göyçay heyva və xurmanın bol olduğu rayonlardandır. Kəndlilər deyir ki, bir aydır heyva və xurma satışında ciddi əziyyət çəkir, məhsul üçün uğurlu bazar, alıcı tapa bilmirlər.
Rayonun Ləkçıplaq, Qarağıdır, Yalman, Mırtı, Şəkər kəndlərində əsasən heyva yetişir. Ləkçıplaq kənd bələdiyyəsinin sədri Məbud Məmmədovun sözlərinə görə, ümumi kənd üzrə 1384 təsərrüfat var ki, hər birində heyva ağacına rast gəlmək mümkündür:
“Bu il hava şəraiti normal keçdiyindən ağaclarda meyvə boldur, ancaq satış qiyməti ucuzdur. Daxili bazarda heyvaya qiymət verilmir, xarici bazara da yollar bağlıdır”.
“Özümün 50 sot sahəm var ki, orda 200 heyva ağacı əkmişəm. Hər ağacdan 20-40 kq və daha çox məhsul yığıram. Alıcılıq isə çox bərbaddır, yox dərəcədədir. Bir ay qabaq heç olmasa tez yetişən sortu 6-7 manata satmaq olurdu. İndi seçmə heyvalar 25-30 qəpiyədir. Həyətdə bu qiymətə satırıq. Ancaq bazarda da, ucuzdur. 40-50 qəpiyə topdan satılır”, – Məbud Məmmədov deyir.
Onun sözlərinə görə, əvvəllər Ləkçıplaq heyvasının bazarda xüsusi yeri vardı, indi heyva daha çox Şabrandan gəlir:
“Bazar məhsul tələbdən çoxdur deyə, ucuz satılır”.
Kəndlilər il ərzində heyvaya beş dəfə dərman vurduqlarını deyirlər. Onların sözlərinə görə, bu il məhsulda qara pal, qırmızı hörümçək, qurd kimi xəstəliklər müşahidə olunur. Bunu dərmanların keyfiyyətsizliyi ilə əlaqələndirirlər. Ancaq bu da satışa mənfi təsir göstərir.
“Ötən il yaxşı heyvanı bir manata, 1.20-yə verirdik. Keçən il məhsuldarlıq az idi, ancaq qiyməti yaxşıydı. Bu il ən yaxşı heyvaların kilosu bazarda 50-60 qəpiyədir. Bir ay öncə bir az Rusiyaya apardılar. İndi yox, alınmır, getmir. Şəxsən sərf etmir mənə”, – kənd sakini Fazil Əhmədov deyir.
“Heyva qalıb yerdə məhv olur”
Ləkçıplaq kənd sakini Yasir Cavadov hazırda yığım prosesini aparsa da, satışla bağlı ümidsizdir. Deyir ki, ailənin dolanışığı heyva və xurma bağının ümüdinə qalıb. Ötən ilə qədər ümümi məhsuldan 5-6 min manatadək pul qazanan kəndli bu il heç min manat əldə etməyib. Üstəlik nə soyuducu anbar, nə də emal müəssisəsi köməyinə çatır.
“Pula getməsə də, heyvanın irilərini yığıram, digərləri qalır ağacda. Məhsulun çoxu yerə tökülüb. Hədsiz pərişanıq. Həmişə xurma ilə birgə heyva da Dağıstana, Rusiyaya göndərilirdi. İndi heç yerə göndərilmir, ağacın dibinə tökülüb məhv olur”, – Fazil Əhmədov gileylənir.
Deyir ki, həyətində 110 ağacı var. Ağacdan-ağaca məhsuldarlıq dəyişir:
“50-60 kq, hətta 100 kq heyva gətirən ağac olur. Həyətə girirsən, hər yer heyvadır, batır məhsul. Hardasa 6-7 ton məhsul olacaq. Amma yığmaq olmur. Biz də gözümüzü buna dikmişik. Əvvəllər topasını belə 4-5 manata alırdılar. Yerdən yığıb satırdıq, indi heç o da yoxdur. Rayonda emal müəssisəsi də yoxdur ki, aparıb meyvəni ora verəsən. Bir nardı. Onun da kq-nı 7 qəpiyə alırlar. Heyvanı soyuducu anbarlar götürmür, həm də maddi cəhətdən sərf etmir”.
“Dəyəri olmayandan sonra becərib əziyyət çəkmək mənasızdı”
Kəndin digər sakini Anar Əliyev isə ildə min tondan çox məhsul satdığını, builki qədər ziyan etmədiyini deyir.
O, mövsüm vaxtı ağacları çıxarıb istilikxana salacağını qərarlaşdırıb:
“Bağımda 100 yaxın heyva ağacı vardı. Düzdür, indi o qədər ağac yoxdur, çünki istilikxana saldım deyə azaltdım. Hər il tonlarla məhsul götürürdüm. Şəxsən 5-6 tona yaxın məhsul verdiyim də olub. Ötən ilə qədər bir manata, 70-80 qəpiyə qədər verirdik. Ötən ildən isə qiymətlər düşdü. Ötən il iki ton məhsulum oldu. Saxladım ki, ucuz satmayacam, yenə uduzdum. Yanımdaca kilosunu 50 qəpiyə alıb, bir manata satdılar. Yəni, əkən, becərən, yığan, zülmün çəkəndən çox, gəlib hazır alıb aparan alverçilər, meyvə dəllalları qazanır. Ən yaxşı sort və əla növün kq-ı 30 qəpiyədirsə, min ton heyva versəm, 300 manat etməyəcək. Çünki hamısı əla sort deyil. Ucuz, dəyəri olmayandan sonra becərib əziyyət çəkmək də istəmirsən. Ona görə 20-dən çox ağacı çıxarıb, yeni istilikxana salacam”.
“Yolların bağlı olmasına görə xurmanı alıb aparanlar küllü miqdarda ziyana düşür”
Xurmanın satışında da vəziyyət ürəkaçan deyil. Rayonda daha çox Potu, Cəyirli kəndləri xurma istehsalına görə seçilir. Ümumilikdə iki kənddə 1200 hektar xurma bağı olduğu bildirilir. Potu kəndində 1800 təsərrüfatın hər birində xurma ağacları salınıb.
Kəndin və rayonun ən iri xurma istehsalçısı kimi tanınan Əsəd Hacıyev builki durumu acınacaqlı hesab edir. Onun sözlərinə görə, oğlu ilə birlikdə üç hektarlıq xurma bağından topladığı 50 ton məhsulun 5-6 tonunu çıxar kimi tullayıb. Qalan məhsulun da taleyi sual altındadır.
80 yaşlı fermer deyir ki, 5 min manat ziyan edib və hazırda yığdığı məhsulu nisyə satıb. Soyuducu anbara qoymaqda isə heç maraqlı deyil. Çünki ötənilki sahibkarların etdiyi ziyanı təkrarlamaq istəmir. Deyir ki, heyvaya nisbətdə xurma dözümlü meyvə deyil, ev şəraitində saxlamaq olmur. Ona görə də dəyər-dəyməzinə satmaq lazım gəlir.
Fermerin sözlərinə görə, məhsulu hər il Rusiya və Ukrayna bazarlarına aparılırdı, müharibə bunun da qarşısını alıb. Bir yandan da gömrükdən keçmək xeyli çətinləşib:
“Əvvəla, yolların bağlı olmasından dolayı xurmanı alıb aparanlar küllü miqdarda ziyana düşür. Sutkalarla yolda qalırlar. Gömrükdən keçiddə bir ziyan, keçəndən sonra qablaşdırma, çatdırılma, fəhləpulu başqa bir ziyan, üstəlik məhsul batsa, olur üç ziyan. Şəxsən mənim 20 ton məhsulum qalıb yerdə. On gündür yığırıq. Götürən var idi, məhsulu yolda batdı, sata bilmədi, tulladı, daha gəlib almır”.
Fermer deyir ki, gömrük postlarından keçərkən süründürməçiliklə üzləşirlər, məntəqələrdə tıxaclar yaranır:
“Problemlər yaradırlar. Əzəldən gərək buraxılış olaydı ki, indi tıxac yaranmayaydı, məhsul da alınardı. Oktyabrın sonunda ilk etapın məhsulu normal oldu. 5-6, hətta 7 manata alındı kiloqramı. Tıxacdan sonra məhsul batdı. Həm də bəzi məmurlar hektarlarla sahədə bağ salır, meyvə əkir. Onun meyvəsi, tərəvəzi satılır, kəndlininki qalır. Qayğımıza qalan yoxdur ki, bir soruşsun, ay kəndli, nə qədər məhsulun batdı. İlk növbədə 200-500 hektarlıq sahəsi olan məmurların məhsulu ölkədən çıxarılır və onların məhsulu da baha gedir. Sonra xırda sahibkarlar, kəndlilər gəlir”.
“100 yaxın sahibkarın məhsulu anbarda məhv oldu”
Əsəd Hacıyev deyir ki, ötən il 9 manata satdığı xurmanı bu il 6 manatdan nisyə verib:
“Batmasın deyə verirəm nisyə. Oğlumla birlikdə beş min xərcimiz çıxıb. Batsa, nə edəcəyik? Ötən il tanıdığım 100-ə yaxın sahibkarın məhsulu anbarda məhv oldu, sata bilmədi. Xurmanı aldı 7-9 manata, kağızı, maşını, fəhləsi, saxlamaqla oldu 13-14 manat. Bunu da iri maşınlara yığdı, minlərlə latok və yol xərci daxil 40-50 min ziyan etdilər. Nədənsə xurma məhsulunun mövsümü gələndə yolu bağlayırlar. Meyvə mövsümündə nə oyundursa edirlər. Emal müəssisəsi olsaydı, pulsuz da olsa verərdik ora”.
“Çıxar məhsul 5-6 ton çıxdı. Yalman kəndindəki emal müəssisəsinin özünün 100 hektarlıq bağı var. 6 manata alıb iki ay soyuducuda saxlayanda hər “latok”a iki manat verilir. Dekabrda da saxlayıb satmaq heç sərf etmir”, – fermer deyir.
“Ərzaq bahalaşır, kəndlinin məhsulu qiymətə getmir”
Potu kənd sakini Zamiq İbrahimov Meydan TV -yə danışır ki, nə rayondakı 7 soyuducu anbar, nə də Yalman kənd ərazisində tikilən xurma meyvəsi üçün emal müəssisəsi kəndlilərin köməyinə çatır. Hər birinin öz bağı, öz qiyməti var. Qiymətlər baha, tələbat az. Ən yaxşı halda kəndlinin malı üçün Rusiya, Ukrayna bazarlarıdır ki, müharibədən dolayı o da alınmır. Hazırda xurmanın şişburun və yerli sortunun bir “lotok”unun satış qiyməti 1 manatdan 6 manata qədərdir. Heyva isə soyuducu anbara qoyulmur, çünki qaralır, sıradan çıxır.
“On il bundan qabaqkı qiymətlə indiki qiymət arasında fərq var. Bir “lotok”u 8 manat idi, indi ən yaxşı halda 6 manatdır. Rusiyaya və Ukraynaya gedirdi ötən ilə qədər. Müharibədən dolayı Ukraynaya, tamamən, Rusiyaya da bu aydan gediş dayanıb, zəifdir. Ərzaq bahalaşır, kəndlinin məhsulu qiymətə getmir. Əvvəl bir təsərrüfatından 5-6 min məhsul götürən indi ən yaxşı halda 2-3 min götürür”.
“Rayon üzrə bir Yalman kəndində emal müəssisəsi var, ona da öz bağının məhsulu yetir, bütün rayonu əhatə etmir. Norması var. Xurmanı qurudub ölkə daxilində və xaricində satırlar. Onlar həm də çıxar məhsulu alırlar. “Lotok”u 20 qəpik olur, çox ucuzdur. Soyuducu anbara da iki ildir kim məhsul qoyubsa, ziyana düşüb. Ona görə də bu il maraq yoxdur”, – Zamiq İbrahimov deyir.
“Bu ilki qədər uduzduğumuz olmayıb”
Xurma və heyva məhsulu qaldıqca, bahalaşmaq əvəzinə bu il daha da ucuzlaşacaq. Kənd sakinləri bu qənaətdədir. Ötən ilə qədər isə əksinə idi. Xurma 4-5 manatadək, heyva isə 50-60 qəpiyə qədər bahalaşırdı. Bu il isə bolluqdan və bazarın yoxluğundan dolayı bahalaşmanı gözləmirlər.
“İldə 400-500 kilo xurma satırdım. 21 kaset yerli, 32 kaset də şişburun satmışam. Qalanı talanda durur. Qiymət 5 manat 50 qəpikdir. Şişburun xurmanın, yumru xurmanın kasetini 2 manata vermişəm. Şişburunun balacasının kasetini bir manatdan götürürlər. Amma qara, qırmızı ləkəli məhsullar yerdədir. Ötən il mən xurmanı 8 manata vermişəm. Getdikcə hətta 13-14 manata qədər qalxdı. Bu il o gözlənti yoxdur”, – kənd sakini Yasir Cavadov deyib.
“Düzü, indi xəbər veriblər ki, anbarda 8 manatdan saxlayırlar. Onda da gərək qarası, ləkəsi olmasın. Tamamilə qüsursuz meyvə istəyirlər. O da azdır. Builki qədər uduzduğumuz olmayıb. Ağacın altına baxırsan sarı heyva, qırmızı xurma. Adamın ürəyi ağrıyır. Brendləşmiş məhsula da gərək kömək edən olsun, varlılar imkan versin” – kənd sakini əlavə edib.
Kənd sakinləri deyir ki, hazırda meyvədən qazanan varsa, o da daxili bazarda satmaq istəyən üçün meyvə alıcılarıdır. Belə ki, ucuz alıb, üstünə az miqdar qoyub daxili bazarda, regionlarda satırlar.
Bir neçə ildir daxili bazarda alver edən Mahir Musayev də deyir ki, məhsulu istehsal edəndən çox, satıcı qazanır. İndi əksər kəndlərin məhsulu tək onun ümidinə qalıb. Deyir ki, artıq 20 gündür heyva ilə xurmanın satışına başlayıb. Heyvadan bardaq, kamil və şirin heyvaya üstünlük verir. Onların isə qiyməti 30-35 qəpikdir:
“Alıcılıq zəifdir. Ötən il ən zəif məhsulu 40-50 qəpiyə alırdım, rahat da satırdım. Hətta 25 qəpiyə də alırıq. Alıram kəndlərdən bu qiymətə, aparıram daxili bazara 40-45 qəpiyə satıram. Şəki, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı kimi rayonlara, Bakıya aparanda 50-60, bəzən 65 qəpiyə sata bilirəm. Bəzən 40-45 qəpiyə də verirəm. Ancaq bu, çoxluq deyil. Mən yeşiklərlə alıram. Hər yeşik 25 kq tutur. Belə aparıb satmaq alıcıya sərf edir, satıcıya yox”.
Mahir Musayev düşünür ki, heyvanın qiyməti nə qədər qalxsa da, 1 manatı keçməyəcək.
“Meyvənin satışı vaxtında təmin olunmalıdır”
Göyçay Rayon Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Teymur Talıbov Meydan TV-yə açıqlamasında deyib ki, rayonda 7 min hektar meyvə bağından 2110 hektarını xurma, 220 hektarını isə heyva bağı təşkil edir. İndiyə qədər 21 min ton xurma, 1240 ton heyva yığılıb.
Mütəxəssisin sözlərinə görə, əsas satış bazarlarında ciddi çətinliklər var deyə ixracat zəifdir. Həm müharibə ilə əlaqədar, həm də məhsul boldur deyə. Qiymətlər isə daxili bazarın tələbinə uyğunlaşdırılır:
“Rusiya bazarındakı məhdudiyyətlər götürülsə, qiymət qalxar. Xurmanın “lotok”u 6 – 6.50 qəpiyə, heyvanınkı isə 3-4 manat arasında olur. Bu da ucuzdur. Soyuducu anbarlara gəldikdə isə sahibkarlarda ötənilki kimi maraq yoxdur. Çünki məhsulun növbəti aylarda satış bazarı da müharibəyə görə sual doğurur. Həm də meyvənin satışı vaxtında təmin olunmalıdır. Əgər vaxtında götürüb sata bilmirsə, məhsulun batması faktı da var ki, bu da sahibkara ziyandır. Mövsümündə problem varsa, növbəti aylar sual altındadır”.
Teymur Talıbov deyir ki, rayonda 7 soyuducu anbar var. Üçü şirkətlərə, dördü sahibkarlara məxsusdur. Hər birinin tutumu 5 min tona yaxın olur:
“Mütəxəssis peşəkarlığı da, lazımdır ki, soyuducu anbara qoyulan məhsul batmasın. Ümumiyyətlə, satış tələbatdan asılıdır. Bolluq olanda qiymət aşağı düşür, azalanda qalxır. Dekabrda xurmanın qiyməti qalxa bilər. Onun da saxlanması sual doğurur. Heyvada isə qiymət çətin qalxsın”.
Mütəxəssisın sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi kəndlilələrə kömək məqsədilə Bakıda yarmarka keçirməyi planlayır. Ancaq satış bazar qiymətindən baha olmayacaq:
“Bu və gələn ayda yarmarka gözlənilir. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi məktub göndərib bizə. Kənd icra nümayəndələrinə məlumat vermişik ki, paytaxtda 2 dəfə yarmarka keçiriləcəyi ilə bağlı kəndlilərə məlumatlar versinlər. Məhsulunu sata bilməyənlər, məhsulun növündən asılı olmayaraq kəndlilər topdansatış şəkildə bütün məhsulunu orada sərbəst verə bilər. Ancaq bazar qiymətindən baha olmayaraq”.
Mütəxəssisin sözlərinə görə, indi rayonda yarmarkaya ehtiyac yoxdur. Çünki Göyçay bazarı iri region bazarıdır. Hətta topdansatış da olur.