Göyçayda yataqxana: Kanalizasiya işləmir, otağa su damır, divarlar nəmişlikdən qaralıb…

Fotolar: Meydan TV

Sakinlər deyir ki, yataqxana qəzalı vəziyyətdə olsa da, əlaqədar qurumlar maraqlanmır

Göyçay şəhər Heydər Əliyev prospekti 209 ünvanında yerləşən yataqxananın sakinləri şəraitlərinin dözülməz olduğunu deyirlər.

Yataqxana 106 saylı peşə litseyinə məxsusdur.

20 ildən artıqdır burada yaşayan Validə Rəhimova deyir ki, şikayət etsələr də, səslərini eşidən yoxdur.

“Şəraitsizlik ücbatından bir neçə il əvvəl yeniyetmə nəvəm xəstələnərək öldü. Hər dəfə şikayət edirik, uzaqbaşı vədlər verərək yola salırlar. Dözülməz şəraitdə yaşayırıq”, – qadın bildirib.
Yataqxananın kanalizasiya sistemi işləmir. Bina uzun illərdir təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Binanın damı, döşəməsi sıradan çıxıb. Divarların rəngi nəmişlikdən qara boya çəkilmiş kimi qaralıb.

Binanın yuxarı mərtəbəsindən kanalizasiya suyu birbaşa aşağıda olan evlərin içinə axır. Divarlar nəmişlikdən ovulub tökülür. Evin hər tərəfini torbalarla örtmüşük ki, başımıza çirkab sular axmasın. Yağış yağanda birinci mərtəbəyə qədər su damır”, – V.Rəhimova bildirib.

Şikayətçi deyib ki, dəfələrlə Göyçay Su Kanal İdarəsinə müraciət etsələr də, problemə çarə tapılmayıb. İllər keçdikcə, bina daha da yararsız hala düşür, həyatları üçün təhlükə artır:

“Hətta suyun vaxtı- vaxtında verilməsi ilə bağlı müraciətlərimizə də baxan yoxdur. İdarədən deyirlər ki, balansda kifayət qədər vəsait olmadığı üçün tədbir görə bilmirlər. Bəs neçə il bu dözülməz şəraitdə yaşayacağıq?”.

Göyçay Su Kanal İdarəsindən Meydan TV-yə bildiriblər ki, vəziyyətdən xəbərdardılar. Amma nə vaxt tədbir görüləcəyi ilə bağlı sual cavablandırılmayıb. Litseydən də yataqxanadakı vəziyyətdən xəbərdar olduqlarını, bununla bağlı heç bir tədbir görə bilmədiklərini deyiblər.
Göyçay Rayon İcra Hakimiyyətindən sorğunu cavablandırmayıblar.

Ana səhifəBölgəGöyçayda yataqxana: Kanalizasiya işləmir, otağa su damır, divarlar nəmişlikdən qaralıb…