Qonşusunu döyməkdə günahlandırılan şəxslər həbs olunmayıb
“Mən yalan danışa bilmərəm. Yox, məni atın arxasına bağlayıb sürüməyiblər. Ancaq əlimi-qolumu kəndirləyib, arxa atıblar, küçədə sürüyüb, ağacla döyüblər. Başıma, bədənimə o qədər vurublar ki, ağrıdan tərpənə bilmirəm”.
Goranboyun Əlirzalı kəndinin sakini 35 yaşlı Sahilə Ələkbərova belə deyir. Bildirir ki, onun başına bu oyunu açanlar evlərində rahat oturub, o isə xəstəxanada yatır.
Oktyabrın 10-da
Goranboyun Əlirzalı kəndində Sahilə Rüstəmovanın qonşusu Firduz Dəmirova tərəfindən döyülməsi xəbəri yayılmışdı. Bildirilirdi ki, Firduz Dəmirova qadına elə xəsarətlər yetirib ki, o, ağır kəllə-beyin travması alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sahilə Ələkbərova olanları tam xatırlamır. Deyir, gözünü xəstəxanada açıb. Bəzi detallar sonradan yadına düşüb:
“Bir neçə gün idi ki, atımız yoxa çıxmışdı. Böyük oğlum məktəbə gedəndə görüb ki, atımız qonşu Firduzgilin həyətindədir. Mənə dedi. Yoldaşıma xəbər göndərdim. Qayıtdı ki, gələndə özüm gedib gətirərəm. Mən də bu ailənin bir az qəribə olduğunu bilirdim. Düşündüm ki, yoldaşım getsə, dava salarlar. Nə isə dözmədim, 5 yaşlı uşağımla birgə özüm getdim. İndiyə qədər hər hansı ədavətimiz olmamışdı. Qapılarına yaxınlaşana yaxın gördülər mən gəlirəm, atı saldılar içəri. Dedim ki, bəs bizim atımız sizin qapıya gəlib, götürməyə gəlmişəm. Elə bu vaxt qızı ilə üstümə cumdular. Əlbəyaxa gəldik. Qızı, oğlu və Firduz məni yerə yıxıb döyməyə başladı. Başıma, bədənimə ağacla xəsarət yetirdilər. Mən yıxıldım yerə. Qızı dedi ki, mama, öldü, gedək daha. Dedi: “nə danışırsan, gör mən bu it qızını nə edəcəyəm”. Sonra əlimi-ayağımı bağlayıb arxa saldılar. Orda da xeyli döyəndə oğlum yüyürdü ki, kömək çağırsın. Onun arxasınca qaçdılar ki, tutalar. Sonradan bildim ki, onun da qolunu burublar”.
Sahilə Ələkbərova deyir ki, bundan sonra olanların çoxunu xatırlamır. Başına vurulan zərbədən sonra huşunu itirib:
“Sonradan bildim ki, qonşular tökülüb, mənim əlimi açıblar. Qonşular olmasaydılar, belə başa düşdüm ki, məni öldürərdilər. Allah onlardan razı olsun. Nə qədər suyun içində qalmışam bilmirəm, böyrəklərim, hər yerim ağrıyır.
Həm çox pis soyuqlamışam, həm də zərbələrdən birtəhər olmuşam. Palçığın, suyun içində gətiriblər məni xəstəxanaya. Əlləri yetdiyi hər yerimə xəsarət yetiriblər. İlk dəfədir mənim başıma belə iş gəlir. Ömrümdə məni bu cür əzişdirən olmamışdı”.
Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramov bu qədər haqq-hesabdan sonra onların heç birinin məsuliyyətə cəlb edilməməsindən narahatdır. Deyir, dünən də xəstəxanada görüblər onları. Nəyə gəldiklərini bilən yoxdur:
“Mən işdə olmuşam, qayınanam burada olub. Yoldaşım qorxusundan anasına yalvarıb ki, getməsin, yanında qalsın. Belə də şey olar? Onların yeri həbsxanadır, bura deyil axı. Nə işləri var çöldə, hələ bir xəstəxanayacan gəlib çıxıblar? Bütün qonşular, kənd onların əlindən bezib. Biz isə kasıb adamlarıq, güclə dolanırıq, kimsəylə işimiz yoxdur. Bu nə iş idi başımıza gətirdilər, bilmirəm”.
Xaliq Bayramov deyir ki, görünür, onlar polisə işləyirlər, yoxsa niyə onlara heç nə deyən olmayıb:
“Onun bunun mal-heyvanını otarıb, dolanırıq. 2 azyaşlı uşağımız var, 5 manata baxırıq. Görün bizi nə qədər xərcə-zülmə saldılar. Bu, azmış kimi hələ bir həyat yoldaşım tərpənə də bilmir. Deyir:
“Elə bil bədənimi don vurub. Heç nə hiss etmirəm”. Hər şey bir yana qalsın, bu qədər söhbətdən sonra niyə bu insanları həbs etməyiblər, mənə maraqlıdır”.
Firduz Dəmirova və uşaqlarından şikayətçi olan təkcə Sahilə Ələkbərova deyil. Kənddə əksər sakinlər onlardan şikayətçidir. Kənd sakini Gültəkin Səfərova deyir ki, o ailə bütün kəndin canını boğazına yığıb:
“O qadının hələ normal münasibət qurduğu bir nəfər adam yoxdur bu kənddə. Bir nəfərlə normal yola getdiyi olmayıb. Qonşumu da 3 gün əvvəl döyüb, xəstəxanalıq ediblər. Özü də heç nəyin üstündə. Belə də şey olar? Harda görülüb adamı döyüb, ölümcül edəsən, ancaq heç kim sənə “gözün üstdə qaşın var”, – deməyə?”
Daha bir kənd sakini Cavid Əliyev isə deyir ki, Firduz Dəmirovanı hamı kənddə şər-xəta biri kimi tanıyır. İnsanlara olmayan yerdən şər, böhtan atır, onları polislə hədələyir:
“Görünür, polislə hədələməsi də boşuna deyilmiş ki, o boyda qadını döyüb, xəstəxanalıq etdi, amma polis ona heç nə etmədi. Faktiki iş polisdədi, araşdırılır. Ortada bu boyda fakt da var. Bəs bu adam niyə həbs edilməyib?”
Sakinlərdən Rizvan Quliyev isə deyir ki, qonşuları Firduz Dəmirova əvvəl bu qədər problemli biri olmayıb. Son illər hamı ilə problem yaşayır:
“Yanından maşınla keçirsən, deyirsən, qonşu, gəl aparım, yolumun üstüdür. Deyəcək: “mənə sataşdı”. Yox, yanından keçib heç nə demirsənsə, bu dəfə də deyəcək: “məni saymadı, adam yerinə qoymadı”. Yoldan keçəni də polisə şikayət edir, ona salam verəni də, verməyəni də. Belə bir şər-xəta birinə çevrilib. Bütün kəndin canını boğazına yığıb”.
Sakinlərdən Nəsib Məmmədov da eyni şeyləri deyir. Bildirir ki, Firduz Dəmirovanın şərləyib, həbs etdirdiyi gənc var. Ona görə kənd sakinləri dəfələrlə aidiyyatı qurumlara gediblər. Ancaq bir işə yaramayıb:
“Bir müddət əvvəl kənddən bir gənci şərləyib, tutdurmuşdu. Dəfələrlə aidiyyatı qurumlara getdik, dedik ki, əslində belə olmayıb. Ancaq faydası yoxdur. Baxan da olmadı. Görünür, onlara Firduzun sözləri daha inandırıcıdır, ya da sərf edir, bilmirəm”.
Kənd sakinləri deyirlər ki, ya Firduz Dəmirova bütün bu pis əməllərindən əl çəkib, qızı və oğlu ilə bərabər öz həyatını yaşasın, ya da kənddən çıxıb getsin:
“Biz belə bir insanla bir kənddə yaşamaq istəmirik. İnanın, bezmişik canımızdan. Hamını canından, yaşayışından, həyatından bezdirib. Onsuz da ağır olan həyatımızı daha da dözülməz edib. Aidiyyatı qurumlardan xahiş edirik, bizi bu insanın əlindən qurtarsın”, – sakinlərdən Almaz Quliyeva belə deyir.
Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov da Sahilə Ələkbərovanın başına gələnləri danmayıb. O, Meydan TV-yə Sahilə Ələkbərovanın həqiqətən də Firduz Dəmirova tərəfindən haqsız yerə döyüldüyünü söyləyib:
“Bir az narahat insanlardır. Nə bilim, görürsünüz, çoxu ondan şikayətçidir. Nə deyim, bilmirəm, nəsə demək çətindir. Kaş ki bütün bunlar olmayaydı. Kəndimizin adı xoş olmayan hadisələrdə hallanmayaydı. Hamımız üçün ağırdır”.
Meydan TV məsələyə Firduz Dəmirovadan münasibət öyrənmək istəsə də, mümkün olmayıb. Onlardan kimsə qapıya çıxıb, nəsə demək istəməyiblər.
Sahilə Ələkbərova isə hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır. Onun vəziyyəti orta ağırdır. Uşaqlarına isə qayınanası Marusa Bayramova baxır. O da bütün olanlardan təəssüf hissi keçirir:
“Belə bir hal yaşanıbsa, günahkar cəzasını çəkməlidir. Daha kənddə at oynatmamalıdır. Mən gəlib nəvələrimə baxıram. Oğlum, gəlinim xəstəxanada, onlar isə kefdə, damaqda. Olacaq iş deyil”.
Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsində iş açılıb, araşdırma aparılır. Ancaq hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən kimsə saxlanılmayıb.