Gömrük Komitəsinin sədri əllərini “od vurub yandırdığı” qiymətlərin alovunda isitmək istəyir

Foto: Meydan TV

Yazar: Cəmil Həsənli

Səfər Mehdiyev başa düşmür ki…

Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin geniş müsahibəsi ilə tanış oldum. Və tanış olduqca ölkənin iqtisadi və sosial baxımdan hazırkı acınacaqlı vəziyyətə düşməsinin, orta və kiçik biznesin inzibati yollarla boğulmasının, bazardakı qiymət artımının və monopoliyanın səbəbləri daha da aydın oldu. Şübhəsiz ki, ölkənin gömrük orqanlarındakı soyğunçuluq Səfər Mehdiyevdən daha çox bu orqanlarda korrupsiyanı şəbəkələşdirən onun sələflərinin günahıdır, ümumilikdə İlham Əliyevin yeritdiyi talançılıq siyasətinin nəticəsidir. Çünki uzun illərdir Əliyevin hüdudsuz korrupsiyasının əsas “donor”larından biri şübhəsiz ki, gömrük orqanlarıdır və Səfər Mehdiyevin nə deməsindən asılı olmayayaraq, bu, belə olaraq da qalır. Dəyişən nədir? Dəyişən korrupsiya və rüşvətin “smart” idarəçilik şəbəkəsinin yaradılması, gömrük postlarında hamının gözünün qarşısında olan “budka sistemindən” çoxunun görə və duya bilməyəcəyi daha ağıllı “innovativ rəqəmsal” korrupsiya şəbəkəsinin bərqərar edilməsidir.

Qeyd edilən müsahibədə ilk anda çox şeydən danışılır, sanki ölkənin bütün gömrük siyasəti “süddən çıxmış ağ qaşıq” kimi təqdim edilir. Amma bütün gömrük siyasəti üçün meyar rolu oynayan bir vacib məsələyə aydınlıq gətirilmir. Nədir bu məsələ? Dünya Ticarət Təşkilatının son tarif hesablamalarına görə idxal rüsumlarının orta dərəcəsinin qonşu Gürcüstanda 1,7 faiz, Ukraynada 3.2 faiz, Qazaxıstanda 4.8 faiz, Rusiyada 5.5 faiz, Ermənistanda 5.7 faiz təşkil etdiyi halda, niyə bu göstərici Azərbaycanda 9,2 faiz təşkil edir? Niyə Azərbaycan bu göstəriciyə görə Gürcüstanın yanında deyil, Nigeriyanın yanında dayanır? Əlbəttə, Səfər müəllim deyə bilər ki, daxili bazarı qoruyuruq. Olsun, bəs onda sizin daxili bazara bu qədər “qayğınızdan” sonra niyə idxalın həcmi il-ildən artır? İkincisi, bəyəm Gürcüstanın, Ukraynanın, Qazaxıstanın bazarı yoxdur və onlar niyə öz bazarlarını “yad mallardan” qorumurlar? Bəlkə, məsələnin əsl səbəbini deyəsiniz: İş adamların soyulması, qiymət bahalaşması yolu ilə xalqın cibi hesabına büdcəni doldurmaq. Budur bütün vurnuxmaların, oyunbazlıqların səbəbi.

İndi gələk Səfər müəllimin suallara verdiyi cavabların nə qərəcədə peşəkar, qanunauyğun olmasının üzərinə. Yeri gəlmişkən, müsahibədə səhvlər, Azərbaycan qanunlarına sayğısız münasibət həddindən artıq çoxdur. Biz onların vacib bildiyimiz bir neçəsi üzərində dayanacağıq.

Səfər müəllim deyir ki, mənim Komitəyə rəhbər təyin olunduğum 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb:

“Statistikanı qaldırıb baxın. Əksinə, bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub”.

Çox gözəl, gəlin biz də statistikanı qaldırıb baxaq. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikaya görə 2020-ci ilin yanvar-sentyabr dövründə 7,8 milyard dollarlıq idxal malından 741 milyon manat gömrük rüsumu, 2021-ci ilin yanvar-sentyabr dövründə isə 8,3 milyard dollarlıq idxal malından 870 milyon manat gömrük rüsumu tutulub. Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə 2021-ci ilin idxalı 2020-ci ilin idxalından dəyərcə 6,7% çox olsa da, fiziki çəki (kütlə) etibarı ilə 12,2% az olub. Deməli, 2021-ci il yanvar-sentyabr dövründəki idxalın həcmi 2021-ci ilin qiymətləri ilə 8,3 milyard dollar olsa da, 2020-ci ilin qiymətləri ilə 6,8 milyard dollardır. Aradakı 1,5 milyard dollarlıq fərq isə bahalaşma hesabınadır. Əgər 2020-ci ildəki gömrük rüsumlarının hesablandığı şərtlər və qiymət səviyyəsi 2021-ci ilin yanvar-sentyabr dövründə də sabit qalsaydı, o zaman Gömrük Komitəsi 646 milyon manat həcmində gömrük rüsumu yığmalıydı. Amma Komitə 870 milyon manat gömrük rüsumu yığıb. Deməli, 2020-ci ilin yanvar-sentyabr dövrünə nəzərən 2021-ci ilin yanvar-sentyabr dövründə gömrük rüsumları 224 milyon manat və ya 34% artıb. Nəticədə, 2020-ci ildəki rüsum hesablama və qiymət şərtləri 2021-ci ildə dəyişib və bu dəyişiklik ümumi vəziyyətə əhəmiyyətli dərəcədə pis (pisləmə istiqamətində) təsir göstərib. Hesablamalar göstərir ki, əlavə toplanmış 224 milyon manatlıq gömrük rüsumunun 64%-i və ya 143 milyon manatı bahalaşmanın hesabına, qalan 36%-i (81 milyon manatı) isə rüsum hesablama prosedurlarının sərtləşdirilməsi, ağırlaşdırılması, rusum dərəcələrinin artırılması hesabınadır. Beləliklə, gömrük rüsumları ilə idxalın həcmi arasındakı asılılığın təhlili göstərir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə gömrük rüsumlarının yükü 34% artıb. 2020-ci il ərzində bu yük 2019-cu ilə müqayisədə 43% artıb. Son 1 il 9 aylıq statistikanı qaldırıb baxsaq, məlum olar ki, gömrük rüsumları üzrə vergi yükü 92% çoxalıb. Bunu gömrük işinin incəliklərindən o qədər də başı çıxmayan biz görə biliriksə, ölkənin baş gömrükçüsü ortada olan bu mənzərəni niyə görə bilmir?

Fikrimizcə, Nazirlər Kabinetinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri üzrə apardığı dəyişikliklər bəzi mallara “0” dərəcə ilə vergi hesablama güzəştləri nəzərdə tutsa da, nəticə etibarı ilə ümumi vergi dərəcələrinin yüksəlməsinə və ümumi vergi yükünün artmasına xidmət edib. Yox, əgər Komitə sədri Səfər Mehtiyevin dediyi kimi, onun 2018-ci ildən rəhbər vəzifəyə gəlişindən sonra ölkəyə idxal olunan mallara görə gömrük rüsum artırılmasına dair Nazirlər Kabinetinin qərarları olmayıbsa, o zaman belə çıxır ki, Komitə sədri gömrük rüsum dərəcələrinin artırılması və ya dəyişdirilməsi istiqamətində özfəaliyyətlə məşğul olub. Ona görə ki, Gömrük Komitəsinin gömrük rüsumlarının dərəcələrini dəyişmək və ya artırmaq səlahiyyəti yoxdur.

Nəzərə almaq lazımdır ki, Gömrük Komitəsi həm də əlavə dəyər vergisi, aksiz vergiləri, yol vergiləri toplayır. Qarşılıqlı birqiymətli uyğunluq əlaqələrinin iqtisadi təhlili göstərir ki, Komitənin topladığı vergilərin gömrük rüsumları ilə birlikdə ağırlıq dərəcəsi 2021-ci ilin yanvar-sentyabr dövründə 23%, 2020-ci il ərzində isə 39% ağırlaşıb. Odur ki, Gömrük Komitəsinin yığdığı rüsum və vergilərin birlikdə yükü 1 il 9 aya 71% çoxalıb. Beləliklə, rəsmi statistikanı qaldırıb baxdıqda Gömrük Komitəsi sədrinin fikrinin əksinə olaraq vergi yükünün artması birmənalı şəkildə təsdiq olunur.

Müsahibə zamanı Səfər Mehdiyev deyir ki, ölkədəki qiymət artımı gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil. Bu, post-pandemiya dövrünün ümumdünya trendidir. Dünya bazarlarında ərzaq məhsulları 30-40% bahalaşıb, yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb.

Rəsmi statistikaya əsasən yuxarıda qeyd etdiyimiz kimi, əvvəla son 1 il 9 ayda yalnız gömrük rüsumlarının yükü 92%, ümumi vergi yükü isə 71% çoxalıb. Sahibkarlar Gömrük Komitəsində ödədikləri bu qədər rüsum və vergiləri sonradan malın dəyərinə əlavə edib daxili bazarlarda satışa çıxardıqlarına görə ümumi qiymətlər artır və bunun zərbəsi də nəticə etibarı ilə sadə xalqa dəyir. İkincisi, Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, məsələn, 2020-ci idə idxal malları 22,7% bahalaşıb. Lakin bu qədər bahalaşmanı xarici bazar konyunkturası ilə izah etmək absurddur, gülüncdür. Bahalaşmanın əsas səbəbkarı Gömrük Komitəsidir və bunun belə olmasını təkzib etmək mümkün deyil. Məsələn, Rusiya və Qazaxıstan da Azərbaycan kimi neft-qaz ölkəsidir. Bu ölkələr də Azərbaycan kimi qeyri neft-qaz malları idxal edir. Amma Qazaxıstanın idxal etdiyi mallar 2020-ci ildə vur-tut 4,1% bahalaşıb. Rusiya Federal Gömrük Xidmətinin açıqlamasına görə bu ölkənin idxal etdiyi malların orta qiyməti ötən il ərzində nəinki bahalaşmayıb, əksinə 3% ətrafında ucuzlaşıb. Belarusun idxal etdiyi mallar orta hesabla 8,7% ucuzlaşıb. İqtisadi potensialına görə Azərbaycandan çox-çox zəif olan qonşu Gürcüstanda isə bu göstərici cəmi 6% artıb. Azərbaycanda isə idxal olunan mallar 22,7% bahalaşıb.

İndi sual olunur: Post-pandemiya (yeri gəlmişkən, bu ifadə də doğru deyil, pandemiya hələ ki, post olmayıb) dövründə dünya bazarlarında ərzaq məhsulları 30-40% bahalaşdığı, yük daşınmalarının dəyərinin isə 2-3 dəfə artdığı bir şəraitdə necə olur ki, Azərbaycanla eyni iqtisadi məkanda olan Rusiyada qiymətlər 3,1 faiz, Belarusiyada 8,7 faiz aşağı düşüb, amma Azərbaycanda 22,7 faiz yüksəlib. Deməli, baş gömrükçümüz ya nəyisə düz izah etmir və ya nəyisə düz başa düşmür. Niyə post-pandemiya qiymət və nəqliyyat xərcləri Rusiya və Belarusiya ilə müqayisədə Azərbaycan bazarında 25,8 və 31,4 faiz fərq verir? Bəlkə ilin yarısını bu ölkələrin yolları buz bağladığı üçün ruslar və belaruslar idxal mallarını fış-fışa ilə gətirirlər? Əslində, belə acınacaqlı vəziyyət Səfər müəllimin qürrələndiyi gömrük soyğunçuluğu ilə bağlı deyilmi?

Çünki Azərbaycan idxalının kəskin bahalaşmasının Dövlət Gömrük Komitəsi ilə əlaqədar olması faktı açıq şəkildə ortadadır. Əks təqdirdə oxşar və ya eyni iqtisadi coğrafiyadan alış-veriş həyata keçirən ölkələrin alış qiymətləri arasında bu dərəcədə fərq ola bilməz. Sual olunur: Rusiyanın 3,1% ucuz, Belarusun isə 8,7% ucuz aldığı malları azərbaycanlı sahibkarlar niyə 22,7% bahasına almalıdır? Burada məntiq haradadır? Yaxud da Qazaxıstanın 4,1%, Gürcüstanın isə 6% bahasına ala bildiyinə Azərbaycan iş adamları niyə 23% çox pul xərcləməlidir? Azərbaycan idxalındakı bahalaşmanı yük daşınmaları xərcilərinin 2-3 dəfə artması ilə izah etmək cəhdi də əsassızdır. Çünki logistic dəyərin bahalaşması yalnız Azərbaycan bazarlarına deyil, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan idxalına da təsir edir. Buradan belə bir nəticə çıxır ki, Səfər müəllimin bütün “əsaslandırmalarına” baxmayaraq, Azərbaycan idxalının kəskin bahalaşması bilavasitə Gömrük Komitəsi ilə bağlıdır. Çünki Gömrük Komitəsi malın gömrük dəyərinin müəyyən edilməsi prosesinə kobud müdaxilə edir, “Gömrük tarifi haqqında” Qanunun ziddinə olaraq sahibkarların mənşə ölkələrindən malın satıınalma qiymətlərini özündə əks etdirən faktura sənədlərini əhəmiyyətsiz kağız parçası kimi kənara atır və öz mülahizələri əsasında qiymətlər müəyyənləşdirir. Bax əsas səbəb də budur. Bunu müsahibədə Səfər Mehdiyev özü də etiraf edər və deyir: “Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik.”

Diqqət edirsinizmi, komitə sədri hələ də elə bilir ki, idxal mallarının qiymətini alıcı və satıcı deyil, o, müəyyən etməlidir. Deməli, Gömrük Komitəsi yalnız rüsum və vergi yığmaqla deyil, həm də qiymətqoyma ilə məşğuldur. Səfər müəllimin dünya bazarı ilə izah etməyə çalışdığı həmin o 23%-ə yaxın bahalaşma göstəricisi də məhz bu yolla əldə olunub. Odur ki, idxal mallarının kəskin bahalaşması və bu qiymətlərin ölkə daxilində od tutub yanmasının əsas səbəkarı bilavasitə ölkənin başlıca korrupsiya şəbəkələrindən biri olan Gömrük Komitəsidir.

Səfər müəllim deyir ki, “mən idxalda inhisarın mövcudluğuna dair bəyanatları qətiyyətlə təkzib edirəm”. Axı sizin təkzib etməyinizlə deyil e, Səfər müəllim. Kor da bilir balıq şordur. İdxalda inhisarçılıq yoxdursa, necə oldu ki, idxal malı üzərində oturan “Bravo” şəbəkəsi daxili bazarı ələ keçirdi? Dərman mafiyasının çirkli hesabları London banklarından çıxdı? Deyirsiniz dərman preparatlarının idxalı ilə 130 şirkət məşğul olur. Axı bu şirkətlər aşağı-yuxarı eyni adamlara, eyni ailəyə məxsus deyilmi? Hələ beş şirkət dərman idxalı ilə məşğul olanda mən Türkiyədən 15 dollara aldığım dərmanı Bakıda 75 dollara alırdım, sizin zühurunuzdan sonra isə 85 dollara alıram. Hər şeyin ağlabatan iqtisadi bir izahı olmalıdır. Mən bunu nümunə üçün dedim.

İndi gələk həmin müsahibədə yanlış qoyulan ayrı bir məsələnin üzərinə. Səfər Mehdiyev sərt fiskal siyasəti inkar edərək deyir ki, idxal olunan malların təqribən 56-60 faizi gömrük rüsumlarından azad edilib! Komitə sədrinin iddia etdiyi kimi, həqiqətən də, ölkədə sərt fiscal siyasət yürüdülmürsə, vergi yükü, dərəcələr artmayıbsa, idxal mallarının 56-60 faizi gömrük rüsumlarından azad edilibsə, o zaman nə üçün 2020-ci ilin yanvar-sentyabr dövründə gömrük rüsumları üzrə yığımlar 741 milyon manatdan bu ilin müvafiq dövründə 870 milyon manata qədər artıb? Belə hal nə nəzəri, nə də praktiki baxımdan mümkün deyil axı. Buradan iddianın nə dərəcədə absurd olması dərhal diqqəti cəlb edir. Hətta idxalın fiziki çəkisi 2020-ci ildəki səviyyəndə qalsaydı, gömrük rüsumları üzrə yığımlar da təxminən 56-60 faiz azalmalıydı. Bəs onda niyə azalmayıb?! İndi bir anlığa təsəvvür edin ki, 2021-ci il yanvar-sentyabr dövründə idxalın fiziki çəkisi sabit qalmayıb, 12,2% azalıb, amma Komitə bu dövrdə 129 milyon manat çox gömrük rüsumu yığıb. Vergi yükü artmayıbsa, dərəcələr yüksəlməyibsə, bu, necə baş verib? Axı Səfər Mehdiyevin dediyinə görə yığımlar azı 56-60 faiz azalmalıydı. Bəlkə, aradakı yüz milyonları Səfər Mehdiyev öz cubundən ödəyib dövlət büdcəsinə?! Anlaşılan odur ki, Komitə sədri bu məsələləri təsəvvür etməkdə çətinlik çəkir və nə danışdığının fərqində deyil.

Və ən gülməlisi bilirsiniz nədir? Səfər Mehdiyev qeyd edilən müsahibədə deyir ki, Azərbaycana bio əlavələr gətirən bütün sahibkarları Gömrük Komitəsinə dəvət edərək onlara 2 şərt qoyub: 1) ölkəyə D vitaminini 1 manata gətirirlərsə, onu 2 manata sata bilərlər, 20 manata yox; 2) dünya bazarındakı qiymətlərə və invoyslara uyğun vergi ödənməlidir.

Əvvala, qeyd edək ki, eyni şərtlər yalnız bio əlavələr gətirən sahibkarların qarşısında deyil, bütün sahibkarların qarşısında irəli sürülür və bunun da adı ifrat özbaşınalıqdır. Uzun müddət gömrük orqanlarında rəhbər vəzifələrdə işləməsinə baxmayaraq Səfər Mehdiyev başa düşmür ki, komitə sədri kimi onun əsas vəzifəsi Azərbaycan qanunları əsasında fəaliyyət göstərməkdən ibarətdir. Sahibkarın idxal etdiyi malı ölkədaxilində hansı qiymətə satacağının Gömrük Komitəsinə heç bir aidiyyatı yoxdur, ola da bilməz. Bunun olsa-olsa Dövlət Vergi Xidmətinə dəxli ola bilər. Malın neçəyə, hansı qiymətə satılacağını Gömrük Komitəsi deyil, bazar tənzimləyir və bazar tənzimləməlidir. Daxili bazarlara nəzarət isə Dövlət Vergi Xidmətinin səlahiyyətinə aiddir. Yəni gömrük sərhəddində Gömrük Komitəsi idxal olunan mala görə 1 manatın vergisini alıbsa və sahibkar həmin malı 2 manata satıbsa, aradakı fərqin vergisini də sahibkar Dövlət Vergi Xidmətinə ödəyir və beləliklə də, malın bütün dəyəri vergiyə cəlb olunur. Dünyada bu mexanizm bu şəkildə işləyir. Məhz bu mexanizm işlək olduğuna görə Gömrük Komitəsi qiymətə müdaxilə edə bilməz və etməməlidir də. Dövlət Gömrük Komitəsinin əsas səlahiyyəti malın gömrük dəyərini müəyyən etmək və bu dəyərdən hesablanmış vergiləri yığmaqla bitmiş sayılır. Onun qiymətlərə bundan artıq dərəcədə təsir etmək hüququ yoxdur. Bu, açıq-aşkar səlahiyyət həddini aşmaq cəhdidir.

Səfər qağa əsaslandırmağa çalışır ki, hər bir vətəndaş özü ilə 800 dollar dəyərində mal, əşya, avadanlıq gətirmək 300 dollar məbləğində poçt alınmaları etməsi limiti “ədalətli” qəradır. Əvvəla, bu qərar elə Səfər müəllimin inkar etdiyi inhisarçılığa, mal idxalının eyni xüsusi “imtiyazı” olan inhisarçıların, baş inhisarçı ailənin əlində toplanmasına xidmət deyilmi? Vaxtı ilə Nikita Xruşşov Sovet kəndlisinə bir inək, beş baş qoyun və donuzdan artıq heyvan saxlamağı qadağan etdi. Sovetlər dağıldı, amma ənənəvi kənd təsərrüfatı ölkəsi olan Rusiya hələ də o yalnış qərarın bədəlini ödəyir. İndi Səfər müəllimin bu “ədalətli” limiti nəinki beş baş qoyun, heç iki cüt bir tək keçi saxlamağa imkan vermir və milləti də “günah keçisinə” (козлы отпущения) döndərir. Təsəvvür edin ki, mənim xaricdə nəşr olunan son kitabımın bir nüsxəsi 105 dollardır. Səfər müəllimin poçt limiti ilə mən poçtla 3 kitab sifariş edə bilmərəm, gərək 2,5 kitab sifariş edəm. Bu nədir? Bu, inzibatı yollarla (oxu: Xudayar bəyin nəsildən nəslə keçən zoğal ağacı ilə) yarıya qədəri işsiz olan millətin dolanışıq imkanın kəsməkdir. Yaxşı Gömrük Komitəsi xalqın dolanışıq imkanın kəsir, Sahil Babayev pensiyasını kəsir, vergi orqanları cüzi qazanc mənbəyini kəsir, əmək fəaliyyətinə qəssablıqla başlamış Vilayət Eyvazov başını kəsir, korrupsiyanın şəbəkələşməsində zəngin təcrübəsi və xüsusi “istedadı” olan Kəmaləddin Heydərov nəfəsini kəsir, Əliyevin transmilli korrupsiya şəbəkəsində xüsusi çəkisi olan Əli Nağıyev səsini kəsir, TƏBİB də paketini kəsir. Bəs bu millət başına haranın daşını salmalıdır, nəylə dolanmalıdır, ailəsini necə saxlamalıdır? Hamısı da öz nazirliyində, komitəsində daxili istintaq idarəsi yaradıb. Halbuki iş adamı ilə istənilən mübahisədə gömrük də, vergi də, fövqəladə də və hətta sövgüladə də tərəfdir. Bu orqanların özlərinin ayrıca istintaq idarələrin olması həmin sahədə korrupsiyanın çiçəklənməsinə xidmət edir, hər hansı bir mübahisədə iş adamlarının sadə vətəndaşların şansını sıfra endirir. Heydər Əliyev Fondu transmilli korrupsiya mərkəzinə çevriləndən sonra bir dəfə bir nazir mənə danışdı ki, onun (Heydər Əliyevin) vaxtında belə soyğunculuq yox idi. O dedi ki, bir dəfə məni çağırmışdı tapşırıqlar verməyə, söhbətin sonunda dedi ki, bu Əli Həsənova 30 min dollar pul verərsən, bizim Türkiyədə bəzi işlərimiz var onları görməlidir. Və deyir, mən qapıya çatanda arxadan çağırdı ki, hamısını bir yola vermə, elə bilər rüşvət alırsın.

Gömrük Tarifi haqqında qanuna görə Gömrük Komitəsi malın gömrük dəyərini sövdələşmə qiyməti əsasında hesablamalıdır. Gömrük tarifi haqqında qanunun 12-ci maddəsinə görə, istisna hallarda, yəni malın sövdələşmə qiyməti məlum olmazsa, gömrük dəyərini digər üsullarla müəyyən etməyə yol verilir. Başqa sözlə desək, sövdələşmə qiyməti məlumdursa, gömrük dəyərini müəyyən etmək üçün digər üsullardan istifadəyə yol verilə bilməz. Qanunda bu dərəcədə açıq-aydın göstəriş olmasına baxmayaraq Gömrük Komitəsi sahibkarlara göz verib, işıq vermir, sahibkarlara qiymət diktə edir, onların qarşısında şərt irəli sürür ki, idxal etdikləri malların vergilərini dünya bazarlarındakı qiymətlərə uyğun ödəsinlər. Gömrük Komitəsindəki rüsvayçılığın, özbaşınalığın, qiymət artımlarının kökü də məhz bu məsələyə bağlıdır. Yəni bir vaxtlar Xudayar katta Danabaş kəndində necə zoğal ağacının gücünə töycü yığırdısa, Səfər Mehdiyev də dəyişmiş zamana uyğun olaraq eyni reketliklə gömrük vergisi toplayır.

Bir anlığa təsəvvür edək ki, peşəkar bazar işbazı olan yerli sahibkar uğurlu sövdələşmə əldə edərək ölkəyə gətirmək istədiyi malın 1 kiloqramını 50 qəpiyə razılaşdırıb və bu haqda müqavilə də bağlayıb, hətta satıcı şirkət, zavod, fabrik həmin müqavilə qiymətini şəffaf şəkildə rəsmi internet səhifələrində də yerləşdirib. İndi təsəvvür edin ki, Gömrük Komitəsi həmin sahibkarın boğazına çökür ki, guya vergidən yayınmaq məqsədi ilə bu malın qiymətini aşağı göstərib və guya bu mal Azərbaycan bazarlarında 20 manata satılır və sahibkar hər kiloqrama görə 20 manat hesabı ilə rüsum və vergi ödəməlidir. Gömrük Komitəsində sahibkarlar qarşısında bu dərəcədə biabırçı, heç bir əndazəyə sığmayan şərtlər irəli sürülür və sahibkarlar da nəticə etibarı ilə boyun əyməli olurlar. Nəticədə 50 qəpiyin deyil, 20 manatın vergisini ödəyən sahibkar da həmin malı bazarlarda 20 manatdan baha satmaq məcburiyyətində qalır ki, bu da sıçrayışlı qiymət artımları ilə müşayiət olunur. Odur ki, Gömrük Komitəsinin sədri gözdən pərdə asmamalı, əllərini bazarda “od vurub yandırdığı” qiymətlərin alovunda isitməməli, rəhbərlik etdiyi sahədə qayda-qanun yaratmalıdır.

Ana səhifəMənim FikrimcəGömrük Komitəsinin sədri əllərini “od vurub yandırdığı” qiymətlərin alovunda isitmək istəyir