Gəncədə mağazaların üstündəki lövhələri sökürlər

Gəncəli sahibkarlar: “Xəbərdarlıq etmədən, səbəb göstərmədən tanıtma lövhələrini sındırır, özləri ilə aparırlar”

Source:
Lövhəsi sökülmüş mağaza
Lövhəsi sökülmüş mağaza
Lövhəsi sökülmüş mağaza
Lövhəsi sökülmüş mağaza


Gəncəli sahibkarlar: “Xəbərdarlıq etmədən, səbəb göstərmədən tanıtma lövhələrini sındırır, özləri ilə aparırlar”

“4 gündür Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı öz işçilərinə polis qoşub, mağazaları dolaşırlar, dükan-dükan gəzirlər, xəbərdarlıq etmədən, səbəb göstərmədən dükaların üstündəki mağazanın adı yazılmış lövhələri söküb atırlar yerə… Heç dükan sahiblərini adam yerinə də qoymurlar. Soruşursan, nə məsələdi, deyirlər, başçı belə göstəriş verib. A kişi, niyə?.. Deyirlər, get, özündən soruş”.

Bir az qanundan danışdım, bir az hüquqlarımdan…

Telefon mağazasının sahibi olan Kamil Qasımov Meydan TV-yə deyir, mayın 22-də onun mağazasının üstündəki lövhəni də sökməyə gəliblər, ancaq müqavimət göstərməklə qarşısını alıb:

“Mağazaların üstündəki lövhələri sökə-sökə gəlib çıxdılar mənim mağazama… Bir az qanundan, bir az hüquqlarımdan danışdım, nə isə, çıxıb getdilər. Ancaq hər an gələ bilərlər. Hətta bu işləri gecələr də görürlər. Səhər obyektin sahibi gəlib görür ki, lövhələr sınıdırlıb, çıxarılıb, aparılıb. Mən özüm 8 ildir telefon mağazası işlədirəm, hər ay dövlətə vergi ödəyirəm. Bu, sahibkarları sıxışdırmaq üçün ən son yol olsun gərək ki… Durduğu yerdə bunlar insanları niyə qıcıqlandırır, anlamaq olmur”.

Sahibkar deyir, obyekt sahibləri tanıtma lövhələrinə görə dövlətə pul ödəyirlər, üstəlik, qazanclarının 2 faizini də vergi olaraq verirlər. Bununla belə, hökumət qurumları hər dəfə bir bəhanə ilə onların fəaliyyətinə əngəl olmağa çalışırlar: “Təsəvvür edin ki, bir mağazadır, üstündə heç bir lövhəsi yoxdur. Heç “ərzaq dükanı” yazılmış lövhəyə də icazə vermirlər”.

İki lövhəmi sökdülər, dedilər, başçıya aparırıq

Kamil Qasımovdan fərqli olaraq, başqa sahibkar Fərhad Verdiyev mağazanın üstündəki lövhənin sındırılmasının qarşısını ala bilməyib:

“Məndə də telefon mağazasıdır. Gəncə şəhər dəmiryol vağzalının yanında yerləşir. Dünən gəlib mağazanın sağındakı, solundakı lövhələri çıxartdılar. Söz də deyirsən, hədələyir ki, dükanını bağlatdırarıq. Lövhəni istədim, dedim, verin özüm saxlayım, bəlkə başçı fikrini dəyişdi, təzədən xərc çəkib lövhə düzəltdirməyim. Dedilər, yox, yığdığımız lövhələrin hamısını aparıb başçıya təhvil veririk. Mən o lövhələrin hərəsinə 110 manat pul verib düzəltdirmişdim. Bundan başqa, mağazanın üstündəki lövhə götürüldükdən sonra qarşısından keçən insanlar orada telefon satışı olduğunu bilmirlər. Bu, mənim sahibkar kimi mağazanı bağlayıb gedib evdə oturmağım deməkdir. Adamlar dövlətdən heç nə istəmirlər, özləri birtəhər işlərini qurub başlarını saxlamağa çalışırlar, ona da imkan verilmir”.

İcra hakimiyyəti: “Başçı ərazidə olur”

Sahibkar Sadiq Əliyev:

“Atatürk prospekti 2a ünvanında kiçik bir yer götürmüşəm, telefon təmiri ilə məşğul oluram. Mağazanın girişində kiçik bir lövhə yapışdırmışdım, bu obyektin telefon təmiri ilə məşğul olmasını bildirən bir lövhə idi. Mayın 20-də Kəpəz Rayon İcra Hakimiyyətinin Eldəniz adlı işçisi polislərlə gəldi, həmin lövhəni qopartdı, etirazımı bildirdim, olduqca kobud rəftar etdi, dedi: “Bura lövhə vursan, mağazanı bağlatdıracağıq”. Həmin lövhəni 60 manata düzəltdirmişdim. Mənə zərər vurublar. Üstəlik, işimə də mane olurlar, çünki o lövhə olmadığından adamlar burda nə işlə məşğul olduğumu bilmirlər və mən hər gün müştərilərimi itirirəm”.

Meydan TV müxbiri məsələni araşdırmaq üçün iki gün ərzində Kəpəz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Hər dəfə bildirilib ki, məsələyə yalnız başçı münasibət bildirə bilər, o isə ərazidədir və iş otağında az-az olur.

Hüquqşünas: “Qanunsuzdur”

Hüquqşünas Vaqif Alıyev deyir, hökumət işçilərinin əməlləri qanunsuzdur:

““Reklam haqqında” Qanunun 26-cı maddəsinə görə, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, reklam daşıyıcıları hesab edilmir”.

Hüquqşünas deyir, sahibkar sahibi olduğu obyektin girişinə, divarına həmin obyektin fəaliyyətini əks etdirən istənilən lövhəni vura bilər. Bunu əngəlləyən hökumət qurumunun hərəkətlərindən isə məhkəməyə müraciət etmək hüququ var.

Ana səhifəBölgəGəncədə mağazaların üstündəki lövhələri sökürlər