“Tibb bacısında koronavirus tapılsa da, iş yoldaşlarından test götürülməyib”
"Qohumumuzun koronavirus testi pozitiv çıxdı. Xəstə olduğu zaman işlədiyi halda, iş yerini dezinfeksiya etmədilər, iş yoldaşlarını yoxlamadılar. Bir sözlə, məsuliyyətsiz yanaşıblar".
Gəncədə yaşayan, adının açıqlanmasını istəməyən mənbə Meydan TV-yə belə deyib. Onun sözlərinə görə, yaxın qohumu Gəncə Şəhər Regional Perinatal Mərkəzində tibb bacısı kimi çalışırmış, hazırda isə Göranboyda yerləşən yeni xəstəxanada karantindədir. "Bəzən günlərlə növbədə qalırdı. Xüsusən də son dövrlərdə. Üstəlik, özündə problem hiss edən gündən əvvəlki 2 günü də növbədə olub. Bu, o deməkdir ki, ünsiyyətdə olduğu insanların hamısımı test etməli, onları yoxlamalı idilər. Hətta məncə, iş yerini bir neçə günlük bağlamalı, orada dezinfeksiya işləri görülməli idi. Heç həmin qohumumdan soruşmayıblar ki, kimlərlə ünsiyyətdə olub".
Axırıncı dəfə əlaqə saxlayanda o, həmin xəstəxananın şəraitinin yaxşı olduğunu, onlara qulluqdan razı qaldığını söyləyib. Ancaq onun tək nigarançılığı iş yoldaşlarının yoxlanmaması, iş yerinin dezinfeksiya edilməməsi ilə bağlıdır:
"Mən də vətəndaş kimi narahatam bu məsələdən. Ona görə problemin ictimailəşməsini və aradan qaldırılmasını istəyirəm. Həmin qohumum narahatlıq hiss etdiyi vaxtdan özünü ətrafdan təcrid edib. Evlərinə getməyib. Ancaq ondan əvvəlki 2 günü növbədə qalıb. Həmin vaxt isə onlarla iş yoldaşı ilə, hətta baş həkimlə ünsiyyətdə olub. Onların hamısı bu gün risk qrupudur və heç biri yoxlanmayıb. Xəstəxana fəaliyyətini bir gün də dayandırmayıb. Bu, məsuliyyətsizlik deyil, nədir? Yalnız həyat yoldaşı karantinə alınıb, başqa heç nə".
Mənbə deyir ki, həmin tibb bacısının ailəsinin də durumu bu gün çox pisdir. Belə ki, 2 azyaşlı övladı var və onları valideynlərinin himayəsinə qoyub, özü müalicə olunur:
"Evin tək övladıdır. Valideynlərinin yaşı çoxdur. Hər ikisinin 65-dən yuxarı yaşları var. Şükür ki, evdə ərzaqları var, bu baxımdan heç nəyə ehtiyacları yoxdur. Ancaq anası şəkər xəstəsidir. İnsulinə ehtiyacı var və çıxıb ala bilmir. Evlərinin qarşısında polis dayanıb, bayıra çıxmalarına icazə vermir. Üstəlik, xəstəxanaya müraciət edir, kömək etmək istəmirlər. Qızlarının illərlə çalışdığı mərkəzdən bir nəfər belə zəng edib valideynlərinin vəziyyəti ilə maraqlanmır. Halbuki hamısı bilir ki, evin tək qızıdır, o olmasa, valideynlərinə baxan olmayacaq. Maddi dəstəyə gərək yoxdur, heç olmasa bu insanların dərmanla təminatına şərait yaradılsın. Bu insan nə etməlidir? Bu dəqiqə qadının şəkəri qalxıb kəllə-çarxa. Dözə bilmir. Qadağa varsa, bu insanların ehtiyacları hansısa bir formada ödənməlidir, yoxsa o adamlar da insulin ala bilməmələrindən həyatlarını itirəcəklər".
Gəncə Şəhər Regional Perinatal Mərkəzinin əməkdaşı Leyla Şamıyeva Meydan TV-yə əməkdaşlarından bir nəfərin koronavirus testinin müsbət çıxdığını təsdiqləyib. Ancaq onun ünsiyyətdə olduğu işçilərin yoxlanımaması xəbərinin doğru olmadığını söyləyib:
"Yoluxma düzdür, bəli, bir nəfərin testi pozitiv çıxıb. Amma işçilərin yoxlanılmaması ilə bağlı deyilənlər yalan söhbətdir. Hamını yoxlayıblar. Hələlik, nəticəsi pozitiv çıxan yoxdur".