Gəncə sakini: “Biz döyülmək üçün o balaları şəhid vermişik?”

Gəncə sakini: “Biz döyülmək üçün o balaları şəhid vermişik?”

“Erməni atalığı ona deyirmiş ki, mənə ata deməlisən. Artur da deyirmiş ki, heç vaxt. Mənim atam azərbaycanlıdır. Mən böyüyüb, ailəmin yanına gedəcəm”. 

Rəqibə Quliyeva 2020-ci ilin oktyabrında Azərbaycan-Ermənistan arasında gedən 44 günlük müharibə zamanı Gəncədə evinə düşən raket zərbəsi nəticəsində nəvəsini və evini itirən nənədir. Üzərindən 1 ildən artıq vaxt keçsə də, Rəqibə Quliyeva nə dağıntılar altında qalan evini tikdirə, nə də nəvəsi üçün şəhidlik vəsiqəsi ala bilir: 

“Uşaq mənim tabeliyimdədir, burada da rəhmətə gedib. Ona şəhidlik statusu verilib, amma bizə bu haqda vəsiqə verilmir. Elə bil ki, bu uşaq Azərbaycanda kimsəsiz şəhid kimi göstərilir”. 

Rusiya vətəndaşı olan 13 yaşlı Artur Mayakovun hekayəsi əslində onun doğumundan əvvəl qaranlıq başlayır. Belə ki, atası Ramin Quliyev Artur dünyaya gəlməmişdən Rusiyada öldürülür: 

“3 il Yesentuki şəhərində məhkəməyə getmişəm, nəvəmə atasının soyadının verilməsini tələb etmişəm. Uşağın anası erməniyə ərə getdiyinə görə, uşağı mənə vermədi. Sonra Arturun ana nənəsi mənə məktub yazdı ki, qızımın əri uşağa əziyyət verir. Gəlib, nəvəni aparmasan, onu internata verəcəm”. 

Quliyevanın sözlərinə görə, nəvəsinə məhkəmə qərarı ilə oğlunun soyadını verə bilməsə də,  Artur 2016-cı ildən vəfat edənədək Gəncədə onun yanında yaşayıb. Quliyevlər ailəsinin ən böyük istəyi indi həm də evlərinin tikintisini bərpa etdirməkdir. Arturun bibisi Gülnarə Quliyeva deyir ki, müvafiq dövlət qurumları onlara evlərinin müharibədən öncəki kimi tikiləcəyini göstərən sənədi imzalatsa da, sonradan başqa cür tikinti aparılıb: 

“Görürsünüz ki, bizim evimiz başqa evlərlə çox fərqlidir. Başqalarının evini hündür tikiblər. Qanunla 9 daş üstündə tikilməlidir. Amma elə evlər var ki, 11-12 daş kürsülü evlər tikiblər. Pul ilə olan bir şeydir. Xahiş elədik ki, şəhid ailəsiyik. Bir şəhidə xatir 2 kubik nədir ki, onu tikmirlər? Başqa vaxt deyirlər biz şəhidlərə borcluyuq. Budur borcunuz?”

Evinin tikilməsindən narazı qalan daha bir ailə isə Quliyevlərlə qonşu olan Ağaxanovlar ailəsidir: 

“Evimin hündürlüyü 3.20 idi. Pəncərə-qapılarım. Mən hələ bu yaraşığımın pulunu verib, qurtara bilməmişəm. Mən bunları tələb edirəm” – deyir Yeganə Ağaxanova. 

Birinci Qarabağ Müharibəsi veteranı Elşən Ağaxanov isə bildirir ki, təmir etdirdiyi evdə heç bir il də yaşaya bilməyib. 

Gülnarə Quliyeva indi son çarəni prezidentə müraicət etməkdə görür: 

“Mən burda balamı axtarıram. Prezidentim, əgər bizə dəstək olmursunuzsa, onda qaytarın bizim balalarımızı özümüzə verin. Qoyun, o ana-bala yanğımız ürəyimizi sakitləşdirsin. Biz döyülmək üçün, söyülmək üçün o balaları şəhid vermişik?”

Hüquqşünas Səməd Rəhimli bildirir ki, şəhidlik statusunu almış şəxsin ailə üzvləri belə sıralanır: 

“Müvafiq qanunda təbii ki, ilk növbədə onun əri və ya arvadı, atası və ya anası, həmçinin, şəhidi himayəsində böyütmüş  başqa bir şəxs olmadığı halda, onun nənə və babası, eyni zamanda,  Uşaq Evində böyüyübsə, varsa, bacısı və ya qardaşı növbəti mərhələdə onun hüquqi varisləri və ya ailə üzvü olduğu qeyd olunub”. 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən Meydan TV-yə bildiriblər ki, Rəqibə Quliyeva “Şəhidlik haqqında” qanuna görə, Artur Mayakovun ailə üzvü hesab edilmir:  “Quliyeva həmçinin, nəvəsinin hüquqi olaraq qəyyumu (himayəçisi) da olmadığı üçün məlum sənədin ona verilməsi mümkün deyil”. 

Səməd Rəhimli onu da deyir ki, indiki vəziyyətdə Rəqibə Quliyeva nəvəsinin vəfat edənədək onun himayəsində qaldığını belə sübut edə bilər: 

“Həmin şəxsi himayəsində saxlayan nənə mülki qaydada məhkəməyə müraciət etməlidir. Hüquqi fakt kimi Ermənistan Silahlı Qüvvələrinin hücümu nəticəsində həlak olmuş  yeniyetmənin həqiqətən də onun himayəsində olduğunu  təsdiqlətməlidir. Yəni, bu məsələni məhkəmə qaydasında tanıtmağa çalışmalıdır”.   

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat  xidmətindən bildiriblər ki, hər iki ailəyə ziyan dəymiş evlərin sahələri nəzərə alınmaqla, bir neçə dəfə fərqli individual layihələr təklif edilib, imzaları ilə razılaşdırılıb və tikinti işlərinə başlanıb: “Lakin sonradan vətəndaşlar  layihədənkənar yeni tələblər irəli sürüb, tikinti işlərini yarımçıq dayandırıblar. Bu layihələrin yenidən dəyişdirilməsi hazırda mümkün deyil.Vətəndaşlar icazə verdikləri təqdirdə, son təsdiqlənmiş layihələrə əsasən, tikinti davam etdiriləcək”.

Rəqibə Quliyeva bildirir ki, 44 günlük müharibə zamanı və “Zəfər Paradı” vaxtı Arturun Rusiya vətəndaşı olmasından istifadə ediblər:  :

“ ”Zəfər Meydanı”nda Rusiya vətəndaşı kimi reklam etdikləri şəhid ailəsinin evi istənilən səviyyədə tikilmir”.

Müvafiq qurumlar vətəndaşların şikayətlərinin əsassız olduğunu açıqlayır. Artıq 15 aydır ki, hər gün dövlət orqanlarının qapılarında qaldığını deyən Rəqibə Quliyevanın isə indi nə kirayələrdən canını qurtarıb, yığışacaq evi, nə də Rusiyadan min bir əziyyətlə gətirdiyi yeganə nəvəsi var. 

Ana səhifəVideoGəncə sakini: “Biz döyülmək üçün o balaları şəhid vermişik?”