Gəncə QHT rəhbəri həbs olundu

“Kamil Vətəndaş” təşkilatının rəhbəri Həsən Hüseynli bir neçə nəfər mülki geyimli tərəfindən evindən Nizami polisinə aparılıb. O, adam bıçaqlamaqda ittiham olunaraq həbs edilib.

Source:


“Kamil Vətəndaş” təşkilatının rəhbəri Həsən Hüseynli bir neçə nəfər mülki geyimli tərəfindən evindən Nizami polisinə aparılıb. O, adam bıçaqlamaqda ittiham olunaraq həbs edilib.

Həsən Hüseyli adam bıçaqlamaqda ittiham olunur. Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Fizuli Şıxıyev bu məlumatı təsdiqləyib. O əlavə məlumat verməkdən imtina edib.

Həsən Hüseynli aprelin 1-də gecə saat 1.30 radələrində əllərinə qandal vurularaq Baş Polis İdarəsindən təcridxanaya aparılıb.

***

Əldə etdiyimiz son məlumatlara görə, Həsən Hüseynli Nizami rayon Polis Şöbəsindən Baş İdarəyə aparılıb. Gecə saat 1 olmasına baxçayaraq, müstəntiq Füzuli Şıxıyev Həsən Hüseynlinin onun yanında olduğunu və istintaq getdiyini bildirdi. H.Həsənlinin vəkillə təmin olunduğunu bildirən müstəntiq, istintaq sirri adlandıraraq hansısa əlavə məlumat verməkdən imtina edir.

Araşdırma zamanı məlum oldu ki, nə Baş İdarənin, nə də rayon polis şöbələrinin növbətçi hissələrindəki gündəliklərdə Həsən Hüseynli ilə bağlı heç bir məlumat yoxdu. Onun hələ də hansı səbəbdən saxlandığı və hansı məsələ ilə bağlı ifadəsinin alındığı bilmir.

Həsən Hüseynlinin yaxınları da Baş Polis İdarəsinə yaxın buraxılmır və onların daxil olmasını əngəlləmək üçün binanın girişinə bir neçə polis cəlb olunub.


***

Martın 31-də saat 18 radələrində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə aparılıb. Bu barədə Meydan TV-yə Mərkəzinin rəhbəri Həsən Hüseynli özü telefonla bildirib. İnsident haqda ictimaiyyətə məlumat verməyi xahiş edən Həsən Hüseynli, onun polis tərəfindən saxlanmasının təfərrüatını açıqlaya bilməyib. Əməkdaşımız onunla telefonla danışarkən mübahisə etdiyi sezilirdi. Daha sonra onun telefonu söndürülüb.

Həsən Hüseynlinin qonşusu Akif Vəlizadə onun bir neçə nəfər mülki geyinli tərəfindən evindən boz rəngli maşına zorla mindirilərək apardıqlarını gördüyü bildirib.


Həsən Hüseynliyə hücum olub

Həsən Hüseynli Azadlıq Radiosunun Gəncədəki müxbirinə saxlanmazdan bir neçə dəqiqə öncə poçta gedərkən orta yaşlı tanımadığı bir nəfərin ona hücum etdiyini deyib.

«Mərkəzi Poçta yaxınlaşanda, 35-40 yaşlarında paltoda, qalstukda bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm, hələ deyir ki, məni niyə yıxırsan? Maşının o biri tərəfindən də bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu, mənə qarşı provokasiyadır. Durduğum yerdə kim yaxınlaşar ki?».

Həsən Hüseynli bunun provokasiya ola biləcəyindən ehtiyatlanaraq tez poçtun binasına daxil olub və həmin şəxs də tez gözdən itib.

Lakin Nizami rayon Şöbəsinin rəisi Ədalət Sadıqov bu barədə heç nə bilmədiyini deyir. Kəpəz rayon Polis Şöbəsinin rəisi Ağahüseyn Məmmədov da oxşar cavab verib. Şəhər Baş Polis İdarənin rəisi Faiq Şabanovun isə telefon nömrələri qurumda gizlin saxlandığından onunla da əlaqə yaratmaq mümkün olmur.

Lakin əldə etdiyimiz məlumata görə, H.Hüseynli hazırda Nizami polisindədir və rəis Ədalət Sadıqov onunla öz kabinetində söhbət edir.

Elmar Vəliyev Gəncə şəhərinə icra başçısı təyin olunandan sonra Həsən Hüseynliyə təzyiqlər artıb. O bir neçə dəfə polisə çağırılaraq xəbərdarlıq da olunub.

Həsən Hüseynli Gəncə şəhərində icra hakimiyyətinin fəaliyyətinə müdaxilə edə bilmədiyi yeganə QHT rəhbəridir. 2009-cu ildə dövlət qeydiyyatından keçən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir. Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.

Ana səhifəXəbərlərGəncə QHT rəhbəri həbs olundu