Gənc müəllim: Xoş söz xoş xasiyyət yaradır

Müəllimsənsə, sadəcə dərs keçməlisən, öz işinlə məşğul olmalısan, digər boş-bekar işlərə baş qoşmağa ehtiyac yoxdur, deyirlər.

Source: meydan.tv


''Təkcə valideynlər yox, bütün cəmiyyət müəllimdən çox şey gözləyir''

Metronun “Koroğlu” stansiyasından Şağan kəndinə hər gün yüzlərlə Bakı sakini gedir. Onların arasında 24 yaşlı Zəhra Həsənova da var. O, artıq 2 ildir ki, Şağanda yerləşən 124 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyir.

Müəllim işləmək Zəhranın arzusu olmayıb. Qəbul imtahanında topladığı bala uyğun ödənişsiz təhsil imkanına görə bu seçimi edib. Deyir ki, peşəsinə marağı uşaqlarla işləməyə başladıqdan sonra yaranıb:

“Təhsil aldığım müddətdə belə özümü bir müəllim kimi görə bilmirdim. İşə qəbul olunduqdan sonra balaca nəsil üçün nələrsə etməliyəm deyə düşünməyə başladım. Onlar üçün fərqli bir mühit yaradacam deyə özümə söz verdim. Hər gün bunu özümə təkrarlayaraq işə gedirəm. Yəqin ki, bu motivasiyam və şagirdlərimin sevgisi olmasaydı, məktəbdə qalmazdım”.

Zəhra gününün önəmli hissəsini avtobuslarda keçirdiyini qeyd edir. Müəllim maaşı hər dəfə taksidən istifadə etməyə uyğun deyil:

““Qara Qarayev”dən “Koroğlu” stansiyasına, oradan avtobusla Şağana 50 dəqiqə çəkir. Evə qayıtmaq isə 1 saat, 1 saat 15 dəqiqə çəkir hərdən. Qayıdış yolu narahatdır, başqa kəndin içi ilə gəldiyinə görə avtobus insanı yormaqdan əlavə, bezdirici də ola bilir. Sürücülər avtobusu çox “yaxşı” idarə edirlər. Aşırı yorğun olanda məcbur qalıb Mərdəkandan “Koroğlu”ya gələn taksilərlə gəlirəm”.

Onun sözlərinə görə, cəmiyyətin müəllimdən gözləntisi çoxdur. Bu gözləntini qarşılamaq isə heç də həmişə mümkün olmur:

“Təkcə valideynlər yox, bütün cəmiyyət müəllimdən çox şey gözləyir. Müəllim 45 dəqiqə ərzində şagirdlə maraqlana bilər, o, bu 45 dəqiqə ərzində həm dərs keçməli, həm də narahatlığı olan şagirdi müşahidə etməli, onları anbaan izləməlidir. Düzdür, müəllim sadəcə dərs keçməklə kifayətlənməməlidir, ancaq məlumdur ki, vaxt məhdudiyyəti çox şeyə əngəldir. Qəbul etmək lazımdır ki, hər şey də bir müəllimlə yekunlaşmır. Şagird sinifdən çıxanda sonra taman başqa bir mühitə açılır və səndən o mühitdə də uşaqları qorumağını, izləməyini tələb edirlər. Yaxşı və arzuolunan müəllim olmaq heç də göründüyü qədər asan deyil”.

image_from_ios (3).jpg
Zəhra Həsənova və uşaqlar

Zəhra dərsdən sonra zəif şagirdlərlə işləyəcək əlavə müəllimlər olarsa, problemin önəmli dərəcədə azalacağına inanır. Amma dediyinə görə, bu praktika Azərbaycanda elə də yayğın deyil: “Bəzən də valideynlər istəyirlər ki, övladlarından hər gün cəvdəldəki dərslərin ən azı 2, yaxud da 3 dərsin qiymətləndirəsən və məlumdur ki sinifdəki 25-28 şagirdin hər birindən 45 dəqiqə ərzində dərs soruşmaq mümkün deyil. Hər sinifin payına düşən şagirdlərin sayı azaldısa, daha yaxşı olar”.

Çətinliklərə baxmayaraq, deyir ki, uşaqlarla işləmək maraqlıdır:

“Bir şagirdim var, kosmos sevgisi, coğrafiya sevgisi aşırı dərəcədədir. Televizorda xəbərləri mütəmadi izləyir. Mən də ona uyğunlaşmaq üçün çalışıram gündəlik medianı izləyim. O qədər həvəslə danışır ki, sinif yoldaşlarını da cəlb edir, çox vaxt onun vasitəsi ilə xəbərləri öyrənirik. Ümumi olaraq, dərsin mövzusu ətrafında danışırıq. Həm də şagirdlərin gündəliklərində hər günlə, ölkə və ya dünya tarixi ilə bağlı vacib hadisələr qeyd olunur, biz həmin gün o hadisə haqda da bir-iki cümlə də olsa danışırıq, lakin çalışırıq ki, dərsdən çox yayınmayaq. Şagirdlərə çox maraqlı olur bu, tənəffüsdə də davam edirlər, suallar yağdırırlar, əsasən də dediyim kimi dünya tarixində iz qoyan hadisələr və coğrafiya haqqında uzun-uzadı danışa bilərik və bu, məni sevindirir də, onlar hər sual verəndə yeni şeylər öyrəndiymi sezirəm. Müəllim şagirdlərlə bir yerdə öyrənir”.

image_from_ios (4).jpg
şagirdlər

Gənc müəllimin fəaliyyəti tək məktəblə məhdudlaşmır. Sosial həyatda da bacardığı qədər aktiv iştirak etməyə çalışır. “MİL” şəbəkəsinin üzvüdür, şәbәkәnin fәaliyyәti gәnclәri müxtәlif mövzularda məlumatlandırmaqdır:

“Azərbaycanda müəllimin bütün fəaliyyətinin dərs keçməkdən ibarət olduğunu düşünürlər. Müəllimsənsə, sadəcə dərs keçməlisən, öz işinlə məşğul olmalısan, digər boş-bekar işlərə baş qoşmağa ehtiyac yoxdur, deyirlər. Düşünürlər ki, müəllim özünü məktəbə həsr etməli, ancaq uşaqlara verilən proqramı öyrətməlidir. Kiməsə dərsdən sonra həftəsonları təlimə hər hansı bir layihəyə getdiyimi deyəndə deyirlər: “yorulmadınmı hələ də bu boş-bekar işlərdən?” Şagirdlərin üzərində müəllimin böyük təsiri var. Müəllim öz üzərində işləmirsə, şagirdlərə nə dərəcədə təsir edə bilər? “MİL”də layihə koordinatoruyam, layihələrimiz əsasən, sülh, gender, ətraf mühit və insan hüquqlarına aid mövzuları əhatə edir. Mümkün qədər bu təlimlərdən öyrəndiklərimi məktəb proqramına uyğunlaşdıraraq şagirdlərimlə bölüşürəm. Ən kiçik detalda belə şagirlərin seksist ifadələrinə icazə vermirəm. Məsələn, şagirdlərim “müəllimə” sözünü işlədəndə, başa salıram ki, bizim dilimizdə cins ayırımı yoxdur”.

O deyir ki, sosial məsuliyyət hissini şagirdlərinə də aşılamağa çalışır. Bunun nəticəsini artıq hiss etməyə başladığını bildirir:

“Uşaqları ağac əkməyə aparıram. Bir neçə dəfə kağız tullantıları toplayıb Asan Xidmətə yenidən emal üçün göndərmişik. Görürəm ki, şagirdlərin də təbiətə qarşı həssaslığı yavaş-yavaş artır”.

Amma hər şeyi də müəllimlərdən gözləmək lazım deyil – o, belə düşünür:

“Bəzi valideynlər uşaqları ən kiçik səhvlərinə görə danlamağa, mənəvi və fiziki zorakılıq etdikləri müddətcə uşaqlar da içlərindəki kindən qurtula bilməyəcəklər və içlərindəki bütün mənfi enerjini ətrafına ötürməyə davam edəcəklər. Bir çiçəyə su və günəşdən əlavə xoş rəftar da lazımdır. Xoş söz xoş xasiyyət yaradır”.

image_from_ios (2).jpg
Zəhra Həsənova
Ana səhifəFotoreportajGənc müəllim: Xoş söz xoş xasiyyət yaradır