Metro və avtobuslarda gediş haqqı artırılıb. Tarif Şurasının qərarına əsasən fevralın 3-dən gediş haqqı 30 qəpikdən 40 qəpiyə qaldırılacaq. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0.40-1.00 manat arası təsdiq edilib.
Sərnişinlər növbəti qiymət artımı xəbərini kinayəylə qarşılayıblar. İndi artan gediş haqqının büdcələrinə nə qədər zərər vurduğunu hesablamalıdırlar.
Tarif Şurası bildirib ki, qiymət daşıyıcı şirkətlərin müraciəti əsasında qaldırılıb. Nəqliyyat şirkətləri son vaxtlar istismar xərclərinin artmasını əsas gətirərək gediş haqqının qaldırılmasını tələb etmişdilər.
İqtisadçı Toğrul Maşallı hesab edir ki, dövlət daşıyıcı şirkətlərin zərərini qarşılamaq üçün onlara dotasiya ödəməlidir.
Ölkə üzrə minimum əmək haqqı 15 faiz artırılandan sonra ictimai nəqliyyatda qiymətlər 33 faiz bahalanacaq. Bu hər gün ictimai nəqliyyata minməli olan sərnişinlər üçün vəziyyəti daha da çətinləşdirə bilər.
İqtisadçı Toğrul Maşallı bildirir ki, hökumət gediş haqqını qaldırarkən həssas qrupları, tələbələri nəzərə alıb onlara güzəştlər tətbiq etməlidir.