Vəkil İdarənin əməkdaşının özünün məhkəməyə qatılmasını və mülki iddianı əsaslandırmasını tələb edib
“meclis.info” saytının rəhbəri İmran Əliyev, eləcə də onunla birgə ittiham olunan ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə İmran Əliyev, Elgiz Qəhrəman və Tamella Musayeva şahid dindirilmələrindən sonra ifadə verəcəklərini bildiriblər.
İttihama görə, “meclis.info” saytı və eyniadlı sosial şəbəkə hesabları müvafiq qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmayıb.
Onlar adıçəkilən saytdan istifadə edərək xarici donor təşkilatlarından qrant alaraq gömrük nəzarətindən bəyan etməyərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.
Həmçinin ittihamda vurğulanıb ki, təqsirləndirilən şəxslər bu əməli törədərkən saxta sənədlərdən də istifadə ediblər.
Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi İdarəsi tanınıb.
Gəncə Regional Vergi İdarəsi təqsirləndirilən şəxslərə qarşı 61 min 600 manatlıq mülki iddia qaldırıb.
İmran Əliyevin vəkili Rəsul Cəfərov Gəncə Regional Vergi İdarəsi əməkdaşının özünün məhkəməyə qatılmasını və mülki iddiasını əsaslandırmasını tələb edib.
“Həmin əməkdaş məbləğin nəyə əsasən hesablandığını, konkret kimdən, niyə istədiyini açıqlamalıdır. Nümayəndə özü gəlib məhkəmədə iştirak etsin. Sənədi məhkəməyə göndərməklə iş bitmir”, – vəkil deyib.
Məhkəmədə dindirlən şahid Elçin Hüseynzadə bildirib ki, barmen işləyir. Təqsirləndirilən şəxslərdən həm İmran Əliyevi, həm də Elgiz Qəhrəmanı müştəri kimi tanıyır. Şahidin sözlərinə görə, boş vaxtlarında “motion dizayn” (qrafik dizayn elementlərinin animasiya və hərəkət vasitəsilə canlandırılması-red.) işiylə məşğul olur:
“Bunu biləndə mənə şəkillər göndərdilər ki, onları işləyim. Heç bilmirdim hara üçündür, nə üçündür. Videolara loqo qoyulanda bildim “meclis.info” üçün olduğunu. Pul məsələsi danışmamışıq. Demişdilər ki, qonaqlıq verəcəklər mənə buna görə”.
Şahid İmran Əliyevgillə birlikdə Gürcüstana getməsi məsələsinə də aydınlıq gətirib. Prokurorun bu haqda sualını cavablayan Elçin Hüseynzadə bunu tam təsadüf adlandırıb:
“Eşitdim ki, Gürcüstana gedirlər. Mən də çoxdandır getmək istəyirdim. Biletimi öz pulumla almışam. Orada da ayrı-ayrı yerlərdə qalmışıq. Sadəcə, birlikdə yeyib-içmişik”.
Növbəti məhkəmə prosesi iyulun 15-nə təyin edilib.
İmran Əliyev ötən 2024-cü il aprelin 19-dan həbsdədir. Ona ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham açıqlanıb. İstintaqın sonunda ona cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. yeni ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
İstintaqın sonunda ictimai fəal Elgiz Qəhrəman və Tamilla Musayeva da onunla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıblar. Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Adları çəkilən üç nəfərin heç biri özünü təqsirli bilmir və ittihamları qəbul etmir.
“meclis.info” 2023-cü ildə təsis edilib.
Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, ictimaiyyətə informativ məlumatlar təqdim edirdi.