”Fuad Qəhrəmanlının işində saxtakarlıq edilib”

Nemət Kərimli: ”Fuad Qəhrəmanlının özü ilə bağlı heç bir istintaq hərəkəti aparılmır”

Source:
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı


 Nemət Kərimli: ”Fuad Qəhrəmanlının özü ilə bağlı heç bir istintaq hərəkəti aparılmır”

AXCP sədrinin müavini, hazırda Kürdəxanı təcridxanasında istintaq altında olan Fuad Qəhrəmanlının işində uğursuz saxtakarlıq edilib. Bu barədə onun vəkili Nemət Kərimli özünün Facebook səhifəsində məlumat paylaşıb.

Vəkil F.Qəhrəmanlının ötən ilin noyabrında Nardaranda keçirilən əməliyyatla əlaqədar həbs edildiyini və guya Facebook statuslarında, ittihamın təbirincə, “ozü ilə eyni radikal dini baxışları bölüşən” şəxsləri zorakılığa təhrik etməkdə günahlandırıldığını xatırladaraq yazır ki, əslində müdafiə etdiyi Fuad Qəhrəmanlının istintaqa cəlb edilmə aktında kobud saxtakarlığa yol verilib. Belə ki, Fuad Qəhrəmanlının həbs edilməsi barədə qərarda onun fikirləri sadalanır, sonda qeyd edilir ki, o, insanları “bu yolda şəhid adı altında ölməyə” səsləyir. Lakin sübut kimi təqdim edilən və Fuad Qəhrəmanlının istintaqa cəlb etmə qərarında ittiham üçün əsas gətirilən, CM-in 281.1 maddəsi ilə ittiham olunmasına əsas yaradan bu cümlə onun heç bir yazısında yoxdur: “Sadəcə olaraq prokurorluq orqanları qərarı saxtalaşdırıb, yəni rəsmi sənədin məzmununa yalan məlumat daxil edib və məhz bu yalanla da Fuad Qəhrəmanlıya qarşı ittiham irəli sürülüb”.

Bu haqda məlumatlı olan Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurla əlaqə saxlayanda o bildirdi ki, əslində, Fuad Qəhrəmanlının yazılarına bundan sonra bəlkə də istədiklərini əlavə edə bilərlər, çünki həbs olunduğu gündən onun FB profili ələ keçirilib. Bu fikirləri deyən Zümrüd Yağmur onu da qeyd edib ki, “bunu etsələr belə, əhəmiyyəti yoxdur, çünki onun ittiham olunduğu bütün yazıları “skrinşot” edib saxlamışam”.

İstintaqın gedişinə gəlincə, N.Kərimli məlumat verir ki, F.Qəhrəmanlının özü ilə bağlı heç bir istintaq hərəkəti aparılmır: “8 dekabrda həbsə atıldığı gün barəsində dindirilmə istintaq hərəkəti aparmaqla istintaqı “qurtardıqdan” sonra, ara-sıra həmin hadisələrdə ittiham olunan digər şəxslər barəsində olan ekspert qərarlarını, rəylərini ona elan etməklə, müdafiə tərəfində guya araşdırma getdiyi, “yaddan çıxmadığı” qənaəti yaratmaq istəyirlər. Müdafiə etdiyim şəxs də “bunların mənə nə aidiyyəti var” deyib, hər dəfə imzalamaqdan imtina edir. Fuad Qəhrəmanlının təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında açıq şəkildə yazılıb ki, o, filan-filan tarixdə özünün facebook səhifəsində yaydığı informasiyaya görə təqsirli bilinir. Guya o, statuslarında hakimiyyətin ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dində mənsubiyyətindən asılı olaraq hüquqların məhdudlaşdırılmasının müəyyən edilməsində düşmənçiliyə yönələn hərəkətlər etmişdir (qərarda söz birləşmələri belədir). Fuad Qəhrəmanlının qeyd edilən yazılarınında zorakılığa, hakimiyyətin qanunsuz ələ keçirilməsinə və sair fikirləri barədə linqvistik ekspert arayışı var və şəxs bu sənəd əsasında 3 aydan çoxdur ki, həbsdədir. Lakin nə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda, nə də cinayət prosessual qanunvericilikdə ekpert arayışı adlı hüquqi termin yoxdur. Həmin statuslarda açıq çağırışların olması və bunların cinayət tərkibi yaratması barədə ittihamın təqdim etdiyi “sübut”-arayış qanunvericiliyə ziddir, bu sənəd şəxsi cinayət məsuliyyətinə cəlb etmənin əsası ola bilməz. İttiham tərəfi ekspert rəyi almağa belə tələsməmişdi. Əsas odur ki, Fuad Qəhramanlı siyasətlə məşğuldur, müxalifətdədir, onun tanınmış simalarındandır, xalqını azad, cəmiyyəti ədalətli görmək istəyir. Bu isə indiki rejimdə hər kəsin həbsi üçün yetərlidir”.

Ana səhifəXəbərlər”Fuad Qəhrəmanlının işində saxtakarlıq edilib”