FTX-nin Moskvadakı terrorla bağlı Dağıstanda əməliyyat keçirdiyi bildirilir

Federal Təhlükəsizlik Xidməti (FTX). Foto: Wiki

Qurum əcnəbi vətəndaşlardan ibarət qruplaşmanın həbs edildiyini deyir

Martın 31-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda keçirdiyi xüsusi əməliyyat zamanı əcnəbi vətəndaşlardan ibarət terror qruplaşmasını həbs etdiyini açıqlayıb.

Məlumatda qruplaşmanın “Crocus City Hall”a hücumu həyata keçirən terrorçuları pul və silahla təmin etdiyi iddia olunur.

Həmçinin qruplaşmanın Kaspiyskdə insanların çox olduğu yerlərdə terror aktı hazırlamasının qarşısının alındığı qeyd edilib:

“Müəyyən edilib ki, saxlanılan yaraqlılar martın 22-də Moskvanın “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının maliyyələşdirilməsində və icraçıların terror vasitələri ilə təmin edilməsində bilavasitə iştirak ediblər”.

Aprelin 1-də isə Moskvanın Basmannıy məhkəməsi “Crocus City Hall” konsert zalına hücumda təqsirləndirilən Tacikistan vətəndaşı Yakubconi Yusufzoda haqqında həbs qərarı çıxarıb.

Məhkəmə İstintaq Komitəsinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs terror aktından bir neçə gün əvvəl terrorçuları yaşayış yeri ilə təmin etmək üçün bank kartından şərikinə pul köçürüb.

O, hadisədən sonra pulun bir hissəsini saxlanılanların birinə köçürüb.

Y. Yusufzoda Cinayət Məcəlləsinin 205-ci maddəsi (bir qrup şəxs tərəfindən törədilmiş, insanın ölümü ilə nəticələnən terror aktı) ilə ittiham olunur. Bu maddə ilə onu ömürlük həbs gözləyir.

Y. Yusufzoda hadisədən sonra həbs olunan 10-cu şəxsdir.

“Crocus City Hall”a hücum martın 22-də axşam saatlarında baş verib.

“Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs binaya soxularaq tamaşaçılara atəş açıb.

Rusiya hakimiyyəti Ukraynanı terrorda ittiham etsə də, sübut təqdim etmir.

Ukrayna ittihamları rədd edir.

ABŞ Rusiyanı gözlənilən terror hücumu ilə bağlı əvvəlcədən xəbərdar edib, lakin Rusiyanın “TASS” agentliyinin mənbəsinin sözlərinə görə, Amerika hakimiyyəti konkret təfərrüatlar verməyib.

“The New York Times”ın müəyyən etdiyi kimi, Birləşmiş Ştatlar mənbələrini açıqlamaqdan qorxaraq, planlaşdırılan terrorla bağlı bütün mövcud məlumatları Rusiyaya verməyib.

Son rəsmi məlumata görə, 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan konsert zalı 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünyaFTX-nin Moskvadakı terrorla bağlı Dağıstanda əməliyyat keçirdiyi bildirilir