Rəsmi Bakı Ketrin Kolonnanın çıxışını qərəzli sayır
Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülh üçün şərait yaradılmasına kömək edəcəyini deyib.
XİN rəhbəri bu haqda Fransa səfirlərinin illik konfransında çıxışı zamanı danışıb.
“Fransa hər iki ölkə arasında sərhədlərin delimitasiyası və Dağlıq Qarabağ xalqına orada öz hüquqlarına, mədəniyyətinə və tarixinə hörmət mühitində yaşamaq imkanı təklif etmək üçün səylərini səfərbər edir”, – Kolonna deyib.
O, ermənilərin Dağlıq Qarabağdan kütləvi köçməsinə də münasibət bildirib.
Nazir rəsmi Bakını ermənilərə qarşı sıxışdırma strategiyası tətbiq etməkdə günahlandırıb:
“Ermənilərin Dağlıq Qarabağdan kütləvi surətdə çıxarılmasına yönəlmiş sıxışdırlma strategiyası qanunsuzdur və Beynəlxalq Məhkəmənin müəyyən etdiyi kimi, üstəlik, mənəviyyatsızlıqdır”, – Ketrin Kolonna bildirib.
Ayxan Hacızadə: “Kollonanın bəyanatı qərəzli və birtərəflidir”
Azərbaycan Xarici İşlər Nazirliyi Ketrin Kolonnanın söylədiklərinə cavab verib.
Nazirliyin rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib ki, Kollonanın bəyanatı qərəzli və birtərəflidir.
“Kolonna Bakını ermənilərin Dağlıq Qarabağdan kütləvi axına təhrik etmək məqsədilə sıxışdırmaq strategiyasında ittiham edir və bu siyasəti qanunsuz və mənəviyyatsızlıq adlandırıb. Qanunsuz və qeyri-əxlaqi olan Fransanın 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmələrə, 1 milyon adamın yaşadığı yerlərdən qovulmasına, şəhər və kəndlərin dağıdılmasına, Azərbaycanın mədəni və tarixi irsinin məhv edilməsinə göz yummasıdır”, – Ayxan Hacızadə bildirib.
Avqustun 28-də Fransa Prezidenti Emmanuel Makron da səfirlərin konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacağını demişdi.
“Biz Laçın humanitar dəhlizi ilə bağlı razılaşmaya tam əməl olunmasını tələb edəcək və bu məsələdə təzyiqi artırmaq məqsədilə beynəlxalq səviyyədə diplomatik təşəbbüslə çıxış edəcəyik”, – Makron bildirmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsini, bu istiqamətdə təzyiq dili ilə danışmasını qəbuledilməz hesab etmişdi.
Bunu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirmişdi.
İstər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın 2022-ci ilin dekabrından Dağlıq Qarabağı blokadaya aldığını və bunun ərzaq, dərman və enerji çatışmazlığı ilə nəticələndiyini bildirir.
Rəsmi Bakı Qarabağın blokadada olması iddialarını qətiyyətlə rədd edir.
Azərbaycan tərəfi bildirir ki, Ermənistanla sərhəddəki Həkəri çayı üzərində sərhəd yoxlama-buraxılış məntəqəsinin qurulması onun suveren haqqıdır və beynəlxalq normalara uyğundur.
2020-ci ilin sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olduğu bildirilir.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bəyanata əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.