Finlandiya polisi yanvarın 1-də Rusiyanın Sankt-Peterburq şəhərindən İsrailin Hayfa limanına doğru hərəkət edən “Fitburg” adlı yük gəmisini saxlayıb. Gəmi Finlandiya körfəzində kabelin zədələnməsində şübhəli bilinir. İlkin ehtimala görə, gəminin lövbəri dəniz dibi boyunca sürünərək kabelə zərər verib.
Baltik dənizi regionunda ölkələr sualtı enerji və rabitə infrastrukturuna qarşı baş verən bir sıra insidentlərdən sonra yüksək hazırlıq vəziyyətinə keçib. Son hadisə Finlandiya ilə Estoniya arasında yerləşən sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlıdır.
Finlandiya Gömrük Xidməti bildirib ki, gəmi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sektor sanksiyalarına daxil olan Rusiya mənşəli konstruksiya poladı daşıyıb. Qurumun açıqlamasına görə, bu cür məhsulların Aİ ərazisinə idxalı qadağandır. Polad yükü müsadirə edilib və mümkün sanksiya pozuntusu ilə bağlı ilkin istintaq başlanıb.
“Fitburg” gəmisi Sent-Vinsent və Qrenadinlər bayrağı altında üzür. Gəmidə Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarından ibarət 14 nəfərlik ekipaj olub. Finlandiya polisi onların hamısını saxlayaraq sorğu-sual edib.
Polisin son açıqlamasına əsasən, ekipaj üzvlərindən iki nəfər həbs edilib. Həbs olunan şəxslərdən birinin Azərbaycan vətəndaşı olduğu bildirilib. Digər həbs edilən şəxs Rusiya vətəndaşıdır. Finlandiya polisi saxlanılan şəxslərin kimliyini və gəmidə tutduqları vəzifələri açıqlamayıb.
Hadisə “ağır cinayət xarakterli ziyan vurma”, “ağır ziyan vurmağa cəhd” və “telekommunikasiyaya ağır müdaxilə” maddələri üzrə araşdırılır.
Son illərdə Baltik dənizində sualtı kabellərin və boru kəmərlərinin zədələnməsi halları artıb. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədən sonra bu cür insidentlər Avropa ölkələri tərəfindən Moskvanın Qərbə qarşı apardığı “hibrid müharibə”nin tərkib hissəsi kimi qiymətləndirilir.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa İttifaqı kritik infrastruktura qarşı mümkün sabotajlara qarşı ayıq-sayıq qalır və Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na qarşı tədbirləri gücləndirəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi və ya digər rəsmi qurumlar isə Finlandiyada saxlanılan və həbs edilən Azərbaycan vətəndaşı ilə bağlı hələlik açıqlama verməyib.