Azərbaycanın Şimal-Qərb rayonlarında fındıq yığımı başa çatıb. Kəndlilər üçün yay aylarında çəkilən zəhmətin bəhrəsini görmək vaxtıdır.
Qəbələnin Nic kənd sakini Elmirin dediyinə görə, fındıq əkib- becərmək onların güzəranına yaxşı təsri edir. Ancaq fındığı mövsümdə yox, saxlayıb qış aylarında satmaq daha gəlirlidir.
Elmirin sözlərinə görə, bunu hər kəndli edə bilmir. Gündəlik dolanışıq və tələbat üçün kəndliyə pul lazım olduğundan yığdığı fındığı bəzən elə bağ yerindəcə satır.
Elmir bu il fındığın kiloqramını 2 manat 20 qəpiyə satdığını deyir.
Digər kənd sakinləri isə bildirir ki, getdikcə qiymət aşağı düşür və çətin vəziyyətdə qalırlar. Üstəlik müxtəlif sahibkarlar tərəfindən fındıq və meyvə bağlarının salınması kəndlinin rolunu azaldıb.
“Qəbələdə tikilən fındıq zavodu əvvəllər kəndlidən daha çox məhsul alırdı. İndi zavodun fındıq bağları da var”- Elmir deyir.
Şamaxıdan başlayaraq Qəbələyə qədər yol kənarında dayanıb təzə fındıq satanların da sayı artıb.
Bağındakı fındığı ləpələyib yol kənarında satan Hafiz İmanov deyir ki, mövsüm yeni başlayanda alver də yaxşı olur.
Hazırda bir stəkan fındığı 2 manata satan Hafizin sözlərinə görə, gündəlik qazancı pis olmur. Bununla elə, daimi iş istəyir, bu cür alverin müvəqqəti olduğunu deyir.