Fermerlər məhsullarını Bakı bazarlarına çıxara bilmədiklərini deyirlər

“Məhsulu gərək “Meyvəli bazar”a aparaq, onların diktə etdiyi qiymətə sataq”

“Məhsullarımızı Bakı bazarlarına birbaşa çıxara bilmirik. Çürümüş, xarab olmuş məhsulları atırıq, bu dəfə də sosial şəbəkədə söyürlər ki, kasıblara paylamırıq. Heç kim düşünmür ki, kəndli min-bir əziyyətlə yetişdirdiyi məhsulunu niyə zibilə atır”.

Bunu Meydan TV-yə xaçmazlı fermer Elman Nəsibov deyib. Onun sözlərinə görə, son bir neçə həftədir hava şəraitinin yağmurlu keçməsi səbəbindən bağlarda ağaclar zərər çəkib, meyvələr xarab olub.

Fermer deyir ki, ötən illər gilası Rusiya bazarlarına çıxarıblar, iyunda yaxşı satılıb. İndi isə qiymətlər xərclərə baxanda sərfəli deyil:

“Saxlama xərcləri var, işçipulu da artıb. Hələ digər xərcləri demirəm. Üstəlik ərzaq bahalaşıb. Fikirləşmirlər ki, fermer də ailə dolandırır,  onun yeganə gəlir yeri əkdiyi məhsuludur. Əgər qazanc yoxdursa, çəkilən əziyyətə dəymir”.

Masallıdan olan fermerlər də kartofu maya dəyərindən aşağı saatdıqlarını deyirlər. Onların sözlərinə görə, yerlərdən alınan məhsul Bakı bazarlarına çıxana kimi bir neçə dəfə bahalaşır.

“Məhsulu gərək “Meyvəli bazar”a aparaq, onların diktə etdiyi qiymətə sataq. Digər bazarlarda isə 80 manata qədər rüsum verməlisən. Qalmaq, yemək-içmək, yol  xərcləri də nəzərə alınsa, qiymət sərfəli olmur. Kənddən şəhərə yarmarkaları da hər gün keçirilmir və yerlər məhdud sayda olur”,-bələdiyyədə işlədiyi üçün adının çəkilməsini istəməyən fermer söyləyib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli MeydanTV-yə bildirib ki, Azərbaycanda bir topdansatış bazarı var – “Meyvəli bazar”.

“Azərbaycan əhalisinin sayına görə balaca ölkə deyil. Əhalinin demək olar ki, yarısı da Bakıda məskunlaşıb. Niyə Bakıda yalnız bir topdansatış mərkəzi olmalıdır? Bakıda ən azı 4-5 bazar olmalıdır ki, fermerin seçim imkanı olsun, məhsulunu özünə sərf edən qiymətə sata bilsin. Hökumət nəzərə almalıdır ki, fermer istehsal etdiyi məhsuldan gəlir əldə etməsə, istehsal da maraqlı olmaz”,-Məhərrəmov deyib.

Ekspert hesab edir ki, fermerlərin bazara çıxışı omalıdır, digər tərəfdən bazarda idxal, ixrac, satışla bağlı monopoliya aradan qaldırılmalıdır. Bu isə yalnız rəqabət mühiti yaradılandan sonra mümkün ola  bilər:

“İstehsal edilən məhsulun saxlanılması çox vacib məsələdir. Çoxlu sayda fermerlər var, soyuducu anbarlara çıxışları yoxdur, məhsul qalıb xarab olur. Bu problemləri hökumət həll edə bilər. Kənd Təsərrüfatı Nazirliyinin, tabe qurumları da daxil olmaqla mindən çox əməkdaşı var. Onların işi nədən ibarətdir, niyə problemdən çıxış yolunu göstərmirlər?”

Vahid Məhərrəmli deyir ki, hökumət səviyyəsində problem həll edilmədiyindən yerli məhsullar xarab olur, əvəzinə idxalla doldururlar:

“Faraş kartofun 40 faizi itkiyə gedir. Bu faizlə bir neçə ay özümüzün kartofa olan tələbatını ödəyə bilərik. Bunu hökumət düşünməlidir”.

“Meyvəli bazar”ın keçmiş daxili işlər naziri Ramil Usubovun ailəsinə məxsus olduğu jurnalist araşdırması ilə məlum olub.

Ana səhifəXəbərlərFermerlər məhsullarını Bakı bazarlarına çıxara bilmədiklərini deyirlər