“Mənə dedilər ki, pullu insanla eyni dairədən namizədliyini verərdin, son məqamda geri çəkilərdin”
Xalq artisti, müğənni Faiq Ağayev aparıcı Murad Arifin “YouTube” videohostinqində yayımlanan “Popumuz var” verilişində qonaq olub.
Sənətçi müsahibəsi zamanı bir çox maraqlı mövzulara toxunmaqla yanaşı, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkiləri haqqında da fikirlərini söyləyib:
“Bizim mentallığımızda yaxşı tacir olmaq bacarığı var. Mənə dedilər ki, pullu insanla eyni dairədən namizədliyini verərdin, son məqamda geri çəkilərdin. Bu yaxınlarda söhbət də oldu. Geri çəkilənlərə 5-15 min manat pul verirlər. Deputatlığa layiq olmayan insanlar namizədliyini verdi. Elə millət vəkili var ki, deputat sorğusunu min manata edir. Min manatını alır, məktub yazır. Sonra da nə olacaq, yaxud olmayacaq, onu heç maraqlandırmır. Deputat var, tədbirə çağırırlar. Gəlir, maşından düşür, görür, televiziya yoxdur. Minib maşınına gedir, deyir ki, burda mətbuat yoxdur, mən niyə gəlirəm.
Flüger (küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq-red) kimi dünən Xalq Cəbhəsi (Azərbaycan Xalq Cəbhəsi Partiyası-red), bu gün isə prezidentin ən yaxşı dəstəkçisi kimi görünən insanlara adam “tfu” demək istəyir. Biri var, bunu şürulu şəkildə, siyasi səhvini anlayıb edəsən, biri də var ki, sənə hər ay konvertdə hansısa bir məmur balası pul gətirsin, buna görə edirsən. Belələri də var”.
“Gündə beş dəfə namaz qılan insan rüşvət götürür, söyüş söyür. Amma bu olmamalıdır. O, iradə baxımından güclü, vasvası olmalıdır. Eynən deputat da”,- deyə Xalq artisti deyib:
“Mənə görə insan deputatdırsa, qanuna görə onun başqa qazanc mənbəyi ola bilməz. 12 nəfər ailəyə məvacib verən insan, mən bunu edə bilməyəcəyəm, çünki toya gedə bilməyəcəyəm. Mən- şəxsi azadlığımın bir çox hissəsindən məhrum olunmuş insanam. Üstəgəl, parlamentə getsəydim, hazırda azadlığımın 70 faizi əlimdən gedibsə, onda bu, 95 faiz olacaqdı. Mən də buna hazır deyildim”.
Faiq Ağayev onu da bildirib ki, növbəti parlament seçkilərində, yəni beş ildən sonra ola bilsin ki, 53 yaşında deputatlığa namizədliyini versin.
2019-cu il dekabrın əvvəlində ölkə başçısının sərəncamı ilə beşinci çağırış Milli Məclisi buraxılıb.
Növbəti parlament seçkiləri 2020 ci il fevralın 9-da keçirilib. Deputatlığa namizədliyi qeydə alınanlar arasında sənət adamları da olub.